AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Bir Pəncərə_fərman

 

Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “Bir Pəncərə” prinsipinin tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

 

Azərbaycan Respublikasının “İpək yolunun” və şimal-cənub nəqliyyat dəhlizinin vacib hissəsi olduğunu nəzərə alaraq, dövlət sərhədinin keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması son dərəcədə mühüm əhəmiyyət kəsb edir.

Bununla əlaqədar dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan qaldırılması, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün münbit şəraitin yaradılması, bu sahədə “bir pəncərə” prinsipinin tətbiq edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi 2009-cu il yanvarın 1-dən tətbiq edilsin.

2. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə olunsun.

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərinin, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini Azərbaycan Respublikasının gömrük orqanları həyata keçirir.

4. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanı kimi aşağıdakı vəzifələrin yerinə yetirilməsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə olunsun:

4.1. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələrinin baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə məcburi dezinfeksiya edilməsi;

4.2. başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılmasının təmin edilməsi məqsədi ilə müvafiq ərazi dövlət baytarlıq müfəttişinə məlumat verilməsi;

4.3. beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə “İcazə” blanklarının verilməsi və buna görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğlərdə dövlət rüsumunun tutulması.

5. Müvafiq icra hakimiyyəti orqanlarının baytarlıq, fitosanitar, sanitariya nəzarətinin həyata keçirilməsi, həmçinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə “İcazə” blanklarının verilməsi üçün sərhəddə yaradılmış məntəqələri ləğv edilsin.

6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq və Dövlət Fitosanitar Nəzarəti xidmətləri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə müvafiq sahələrdə qarşılıqlı məlumat mübadiləsini həyata keçirsinlər.

7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

7.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 11 noyabr 2008-ci il.



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az