Bankoqda regionun "bir pəncərə" sistemi və kağızsız ticarətin inkişafı məsələləri müzakirə olunub
16-Fevral-2017 289

Fevralın 14-16 tarixlərində Tailand Krallığının paytaxtı Bankoq şəhərində "Sərhədlərarası kağızsız ticarətin asanlaşdırılması və Cənubi və Mərkəzi Asiyada "bir pəncərə" sistemləri" mövzusunda seminar keçirilib.

BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) təşkil etdiyi seminara Cənubi və Mərkəzi Asiya ölkələrinin ticarətin rəqəmsallaşdırılması üzrə islahatlarda iştirak edən yüksək rütbəli nümayəndələri qatılıb.

İclasda Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru, BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının Kağızsız Ticarət Komitəsinin üzvü İqbal Babayev təmsil edib.

Seminarda məqsəd Cənubi və Mərkəzi Asiya ölkələrində kağızsız ticarət və "bir pəncərə" sistemləri üzrə milli səviyyədə əldə olunan inkişafı dəyərləndirmək, sərhədlərarası kağızsız ticarətin asanlaşdırılmasında hüquqi və texniki çətinlikləri müzakirə etmək, Asiya və Sakit okean regionunun qabaqcıl təcrübələrini bölüşmək və rəqəmsal ticarət əlaqəliliyi sahəsində subregional əməkdaşlıq üzrə fəaliyyət planını sadələşdirməkdir.

Fevralın 14-dən keçirilən seminarın açılış mərasimində UN ESCAP-ın proqramlar üzrə sədr müavini Hongjoo Hahm iştirak edib.

Seminarda beynəlxalq ekspertlərin təqdimatında əsasən elektron ticarətin konsepsiyası və istifadə alətləri, onun hüquqi bazasının yaradılma prinsipləri və tətbiqi, elektron ticarət sahəsində dövlət orqanları arasında elektron əlaqələrin qurulması metodları, ticarətin asanlaşdırılmasında informasiya texnologiyalarının tətbiqi və onun alətləri, elektron ticarətin texniki məsələlərinin həlli yolları, biznes-prosesin təhlili, rolu və idarə olunması kimi layihələr üzrə qabaqcıl ölkələrin təcrübəsindən bəhs olunub.

Fevralın 15-də isə seminarda Azərbaycan Respublikasının təmsilçisi İqbal Babayev "Azərbaycanda kağızsız ticarətin tətbiqi" mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda Azərbaycan Gömrük Xidmətinin elektron ticarətin yaradılmasında rolu, son illər Azərbaycan Respublikası Prezidentinin iqtisadiyyat və gömrük sahəsindəki islahatlarla bağlı fərmanları, elektron gömrük sisteminin qurulması, Azərbaycan gömrüyünün elektron bəyannamə sisteminə keçməsi, sahibkarların elektron gömrük xidmətlərindən istifadə etməklə gömrük rəsmiləşdirilməsi və digər gömrük əməliyyatlarının yerinə yetirilməsi və ümumiyyətlə, gömrük sahəsində yeni innovasiya tipli layihələrin tətbiqi barədə geniş məlumat verilib.

UN ESCAP-ın Katibliyi və sədri Azərbaycanda həyata keçirilən layihələrin region üçün, o cümlədən Mərkəzi və Cənubi Asiya üçün çox əhəmiyyətli olduğunu qeyd ediblər. Xüsusilə, Azərbaycan-İran və Azərbaycan-Gürcüstan arasında məlumat mübadiləsinin həyata keçirilməsi yüksək qiymətləndirilib, bunun nümunəvi bir model olduğu vurğulanıb.

Ümumiyyətlə, Azərbaycanda elektron bəyanetmə sisteminin tam tətbiqinin elektron ticarətin həyata keçirilməsində mühüm rol oynayacağı və digər ölkələrlə məlumat mübadiləsinin həyata keçirilməsinə töhfə verəcəyi bildirilib.

Fevralın 16-da isə iştirakçılar Tailandın "bir pəncərə" sisteminin fəaliyyətilə tanış olub, "Mərkəzi və Cənubi Asya ölkələri üzrə əlaqələndirmə məqsədi ilə siyası islahatlar istiqamətində alt-regional fəaliyyət planı"nı müzakirə edərək təsdiqləyiblər.