Yeni tranzit sisteminin tətbiqi sahəsində Xorvatiya gömrüyünün təcrübəsi öyrənilib
13-Mart-2017 278

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti "Yeni kompüterləşdirilmiş tranzit sistemi" mövzusunda təlimdə iştirak etmək üçün Xorvatiyanın Zaqreb şəhərində səfərdə olub.

Səfərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov, hüquq şöbəsinin rəisi Sənan Muxtarov və Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin ticarət dövriyyəsində yüklərə nəzarət şöbəsinin baş inspektoru Fərid Vəliyev iştirak ediblər.

Avropa İttifaqının TAIEX proqramı çərçivəsində keçirilən təlimdə məqsəd Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) yaradılması və fəaliyyəti, qanunverici çərçivənin tənzimlənməsi, sözügedən sistemin tətbiqi zamanı gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi sahəsində Xorvatiya gömrük orqanlarının təcrübəsini öyrənmək olub.

Təlim zamanı Azərbaycan nümayəndə heyətinə Avropa İttifaqının ən gənc üzvü olan Xorvatiya Respublikasının bu quruma üzvlüyü prosesində ticarətin və daşımaların İttifaqın gömrük qanunvericiliyinə uyğunlaşdırılması çərçivəsində "Ümumi tranzit proseduru haqqında" və "Mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi haqqında" konvensiyalara qoşulması, hüquqi çərçivənin tənzimlənməsi və NCTS-in tətbiqi məqsədilə həyata keçirilmiş tədbirlər barədə məlumat verilib.

Qeyd olunub ki, bu tranzit sisteminin tətbiqi məqsədilə gömrük tranziti üzrə müvafiq qanunverici aktlara dəyişikliklər edilib, Xorvatiya gömrük orqanlarının elektron idarəetmə sistemi NCTS-in tələblərinə uyğunlaşdırılıb, ümumi tranzit prosedurunun səmərəli fəaliyyətinin təmin edilməsi üçün müvafiq struktur bölmələr yaradılıb. Göstərilən sahələr üzrə işçi qrupları çərçivəsində işlər görülüb və Aİ-nin ekspertləri Xorvatiyanın sistemə qoşulmağa hazırlıq səviyyəsini qiymətləndirdikdən sonra NCTS-in pilot qaydada milli səviyyədə tətbqi həyata keçirilib. Sistemin tələblərinə uyğun olaraq NCTS-in milli səviyyədə tətbiqi isə azı 1 il ərzində nəzərdə tutulur.

Öz növbəsində, Azərbaycan nümayəndə heyəti beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin tranzit potensialının artırılması istiqamətində görülən işlər, eləcə də gömrük işi sahəsində həyata keçirilən tədbirlər barədə Xorvatiya tərəfini məlumatlandırıb.

Bildirilib ki, Azərbaycan Respublikası tranzit daşımaların müxtəlif aspektlərini tənzimləyən bir sıra beynəlxalq sazişlər və konvensiyaların üzvü olmaqla yanaşı, respublikada gömrük tranzitinin asanlaşdırılması, tranzit daşımaları zamanı sənədləşmənin sadələşdirilməsi və sərhəd keçidinin sürətləndirilməsinə yönəlmiş tədbirləri ehtiva edən digər tranzit sistemlərindən faydalanmaq imkanları da nəzərdən keçirilir. Bu baxımdan, Azərbaycan Respublikasının gələcəkdə "Ümumi tranzit proseduru haqqında" və "Mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi haqqında" konvensiyalara qoşulması, eləcə də ölkədə NCTS sisteminin tətbiq edilməsi və bu sistemin fəaliyyətinin dərindən öyrənilməsi üçün müvafiq konvensiya idarəetmə strukturlarında müşahidəçi statusunun alınması məqsədilə dövlətdaxili prosedurların başlandığı diqqətə çatdırılıb.

Xorvatiya tərəfi isə bu prosesdə Azərbaycan gömrük orqanlarına dəstək göstərməyə hazır olduğunu bildirib.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti ümumi tranzit proseduru altında mal və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidi, müvafiq gömrük nəzarəti formasının tətbiqi və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini yaxından izləmək məqsədilə Xorvatiya-Bosniya və Herseqovina sərhədindəki "Stara Gradiška" sərhəd-keçid məntəqəsində olub. Burada gömrük postunun əməkdaşları ilə praktiki məsələlər ətrafında müzakirələr aparılıb.

DGK Mətbuat Xidməti