Astara Gömrük İdarəsinin ərazisində fəaliyyət göstərən yerli iş adamları ilə görüş keçirilib
18-May-2017 420

Mayın 18-də Astara şəhərindəki Mərkəzi rayon kitabxanasında yerli iş adamları ilə "Qeyri-neft məhsullarının istehsalı və ixracın stimullaşdırılması" mövzusunda görüş keçirilib.

İctimai Şuranın təşkil etdiyi görüşdə Astara Gömrük İdarəsinin fəaliyyət zonasındakı biznes subyektləri ilə yanaşı Astara Rayon İcra Hakimiyyətinin, Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nümayəndələri də iştirak edib.

Xatırladaq ki, İctimai şura Dövlət Gömrük Komitəsi sədrinin "Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması" haqqında Sərəncamına əsasən təsis olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev görüşün məqsədi barədə iştirakçıları məlumatlandırıb.

Daha sonra Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev qeyri-neft sektorunun inkişafı, yerli istehsalın artırılması, ölkənin ixrac potensialının gücləndirilməsi, daxili bazarın qorunması istiqamətində həyata keçirilən tədbirlərdən və görülən işlərin ölkə iqtisadiyyatının inkişafındakı rolundan bəhs edib.

İdarə rəisi ölkədə iqtisadi islahatların həyata keçirilməsində gömrük xidmətinin də öz səylərini əsirgəmədiyini, sahibkarlıq mühitinin yaxşılaşdırılması, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi istiqamətində atılan addımlar barədə iştirakçılara ətraflı məlumat verib.

Astara Gömrük İdarəsi rəisinin müavini Nazim Məmmədov gömrük sahəsində həyata keçirilən sadələşdirmələr, qanunvericilikdə edilən dəyişikliklərin sahibkarların işinin səmərəli şəkildə qurulmasına fayda verdiyini bildirib.

Dövlət Fitosanitar Nəzarət Xidmətinin nümayəndəsi Hacıməmməd Quliyev bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması, xəstəliklərin aradan qaldırılması, məhsul itkisinə yol verilməməsi, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönələn bitki mühafizəsi tədbirləri və bu sahədə sahibkarlara göstərilən dəstək barədə məlumat verib.

Sonra bölgədə fəliyyət göstərənsahibkarlar gördükləri işlər barədə məlumat verərək xarici iqtisadi fəaliyyətlə məşğul olan iş adamlarının dəstəklənməsi üçün əlaqəli dövlət qurumlarının qarşılıqlı fəaliyyətini dəyərləndirib, o cümlədən, gömrük əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə tətbiq olunan yeniliklərin biznes subyektlərinə faydasından bəhs ediblər.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat Xidməti