Göm­rük sferasında qarşı­lıq­lı əmək­daşlıq yüksək səviyyədədir
13-İyun-2017 369

İyunun 13-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Bakı şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn Qaza­xıs­tan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Ko­mitəsinin sədri Аrdak Tengebayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qazaxıstan və Azərbay­ca­nın qardaş və tərəfdaş ölkələr kimi sürətli inkişaf yolu ilə irəli­lədiklərini vurğulayıb, siyasi-iqtisadi və mədə­ni sahələrdə əlaqələrdən söhbət açıb. DGK sədri ölkələ­ri­miz arasında bütün sahələrdə oldu­ğu kimi, göm­rük sferasında da qarşı­lıq­lı əmək­daşlığın yüksək səviyyə­də olduğunu bildirib və qazaxıstanlı həmkarının Azərbaycana səfərinin ikitərəfli münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifa­də edib.

Son illərdə gömrük sahəsində aparılan islahatlardan və həyata keçirilən innovasiya lahiyələrindən bəhs edən Aydın Əliyev informasiya texnologiyalarının gömrük işinin bütün sahələrində tətbiqinə geniş yer verildiyini vurğulayıb, "Elektron bəyannamə", "Yaşıl dəhliz" və digər lahiyələrin uğurla həyata keçirilməsinin gömrük işinin təşkilinə faydaları barədə məlumat verib.

Komitə sədri gömrük sisteminin inkişafı üçün təcrübə mübadiləsinin zəruriliyinə toxunaraq bildirib ki, Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi və Regional Kinoloji Mərkəzi fəaliyyət göstərir. Ümumdünya Gömrük Universitetləri Şəbəkəsinin regional ofisinin də Bakıda yerləşdiyi və bu təlim-tədris müəssisələrində təşkil olunan seminar, treninq və s. belə tədbirlərin gömrük əməkdaşlarının peşə biliklərinin artırılmasında mühüm rol oynadığı vurğulanıb.

Səmimi qəbula görə təşəkkür edən Qaza­xıs­tan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Ko­mitəsinin sədri Аrdak Tengebayev ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqə­lərinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da genişlən­məsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Azərbaycan və Qazaxıstan gömrük xidmətləri ara­sın­da əməkdaşlıqdan da razılıqla söhbət açan Аrdak Tengebayev Azərbaycan gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, bu təcrübədən yararlanmağın ümumi işə faydasından bəhs edib və yaxın perspek­tivdə qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüş başa çatdıqdan sonra isə Qazaxıstan nümayəndə heyəti Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və "Hədəf" Mərkəzi ilə tanış olublar.

DGK Mətbuat Xidməti