Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında növbəti görüş keçirilib
14-İyun-2017 204

İyunun 13-də Azərbaycan Respublikasının Astara şəhərində Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında növbəti görüş olub.

Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.

Görüşdə Azərbaycan tərəfini Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayevin rəhbərlik etdiyi nümayəndə heyəti, İran İslam Respublikasını isə bu ölkənin Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidinin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

Görüşdə Azərbaycan və İran arasında mövcud əlaqələrə toxunulub, eyni zamanda iki ölkənin gömrük xidmətləri arasında mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb, ikitərəfli danışıqlar nəticəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və həll edilməsinə əlverişli şərait yarandığı bildirilib.

Tərəflər arasında keçirilən əvvəlki görüşlərdən müzakirə edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və bu görüşlərin müsbət nəticə verdiyi ifadə olunub.

Daha sonra gömrük-sərhəd keçid məntəqələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DGK Mətbuat Xidməti