Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
14-İyun-2017 279

İyunun 14-də Bakıda "Pullman Otel"də Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclası keçirilib.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Rusiya, Tacikistan, Özbəkistan gömrük xidmətlərinin, həmçinin Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

İclas iştirakçıları tədbirdən öncə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər gül dəstələri düzüb, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət ediblər.

İclasın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti genaral-polkovniki Aydın Əliyev qonaqları səmimi salamlayıb və onları ölkəmizdə görməkdən məmnunluq duyduğunu ifadə edib. Gömrük orqanlarının iqtisadi təhlükəsizliyin təminatı, büdcə proqnozunun icra olunması, ticarətin asan və sürətli həyata keçirilməsi, gömrük statistikasının aparılması, qaçaqmalçılığa qarşı mübarizə kimi vacib funksiyaları yerinə yetirdiyini bildirən Aydın Əliyev, dövlətlər üçün xüsusi önəm daşıyan bu funksiyaların qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsini tələb etdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB üzv dövlətlərin gömrük xidməti rəhbərləri ilə görüşünü xatırladan Aydın Əliyev ölkə başçısının MDB-nin ölkəmiz üçün vacib qurumlardan biri olduğu və bu qurum çərçivəsində real əməkdaşlıq əlaqələri həyata keçirildiyinə dair fikirlərini iclas iştirakçılarının diqqətinə çatdırıb və iclasın işinə uğurlar arzulayıb.

Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin çıxış edərək 65-ci iclasın keçirilməsi münasibətilə təbriklərini çatdırıb və iştirakçılara uğurlar arzulayıb. Eyni zamanda, Vladimir Bulavin tədbirin yüksək səviyyədə hazırlanmasına, qonaqpərvərliyə görə Azərbaycan hökumətinə, eləcə də Dövlət Gömrük Komitəsinin rəhbərliyinə səmimi təşəkkürünü bildirib.

Iclasda çıxış edən MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev təmsil etdiyi qurumun ötən il 25 illik yubileyinin qeyd edildiyini, bü müddət ərzində mövcud çətinliklərə baxmayaraq qurum çərçivəsində müxtəlif sahələr üzrə bərabərhüquqlu dialoqun və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdiyini vurğulayıb. İclasda mövcud gömrük qanunvericiliyi və onun tətbiqi praktikasının təkmilləşdirilməsinə dair bir sıra aktual məsələlər müzakirə olunub, Şura bir sıra sazişlərin müddəalarının dəyişdirilməsinə yönəlmiş sənədləri təsdiqləyib. Xüsusilə, gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il Sazişinə düzəlişlər qəbul edilib ki, bu düzəlişlər gömrük xidmətlərinin müraciətlərinə əsasən informasiya mübadiləsinin təşkilinə aiddir. Məlumat mübadiləsi mərkəzi gömrük orqanları arasında olduğu kimi, bilavasitə ərazi gömrük orqanları arasında da mümkün olacaq.

Azad ticarət zonasının yaradılması haqqında 1994-cü il 15 aprel Sazişinin bir sıra MDB-yə üzv dövlətlər üçün qüvvədən düşməsi ilə əlaqədar olaraq, azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında daşınan malların gömrük qeydiyyatı və gömrük nəzarətinin qaydaları haqqında 1999-cu il 8 oktyabr Sazişinə və MDB üzv dövlətlərin ərazisində tranzit qaydaları haqqında 1999-cu il 4 iyun Sazişinə dəyişikliklər edilməsi haqqında protokol layihələri təsdiq olunub. Şuranın qərarı ilə MDB gömrük orqanlarında risklərin idarə olunması sisteminin reallaşdırılması və daha da təkmilləşdirilməsinə vahid yanaşmaların bərqərar edilməsi məqsədilə MDB üzv dövlətlərin gömrük orqanlarının fəaliyyətində risklərin idarə olunması sisteminin tətbiqinin Nümunəvi qaydası təsdiq edilib. Sənəddə risklərin idarə olunması sisteminin əsas məqsədləri, vəzifələri, quruluş prinsipləri, risk təhlilinin obyektləri, risklərin idarə olunması sisteminin elementləri, risklərin minimallaşdırılması mexanizmi, həmçinin malların buraxılışından əvvəl və sonra risk profilləri və indikatorları layihəsinin hazırlanmasında və nəzərdən keçirilməsində gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyət qaydası müəyyən olunub. MDB üzv dövlətlərin gömrük xidməti rəhbərləri malların təsviri və kodlaşdırılmasının harmonikləşdirilmiş sisteminin 6-cı nəşrinə verilmiş izahların rusdilli versiyasının I və II cildlərini təsdiq edib və həmin İzahların rusdilli versiyasının III-V cildlərinin hazırlanması üzrə işin davam etdirilməsi ilə bağlı tapşırıq verib. Eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətinin vahid əmtəə nomenklaturasına dəyişikliklər də təsdiqini tapıb. MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclasının 2017-ci ilin IV rübündə Qırğız Respublikasında keçirilməsi qərara alınıb.

İclas Çərçivəsində Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan gömrük xidmətlərinin rəhbərləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük əməkdaşliğinin möhkəmləndirilməsinə görə" döş nişanı, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti genaral-polkovniki Aydın Əliyev və Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev Rusiya Federasiyası Federal Gömrük Xidmətinin "25 illik Yubiley" medalı ilə təltif olunublar.

Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında "Azərbaycan Respublikası – Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə" dair protokol imzalanıb. Protokolu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin imzalayıblar.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası Höküməti yanında Dövlət Gömrük Xidməti arasında "Kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq" haqqında protokol da imzalanıb. Protokol Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Qırğız Respublikası Höküməti yanında Dövlət Gömrük Xidmətinin rəhbəri Azamat Süleymanov tərəfindən imzalanıb.

Daha sonra Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi və Tacikistan Respublikası Höküməti yanında Gömrük Xidməti arasında "Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım", " Qarşılıqlı ticarətin gömrük statistikasına dair məlumatların müqayisəsi zamanı qarşılıqlı fəaliyyət qaydası" haqqında protokollar imzalanıb. Protokolları Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Muydjon Toxiriy və Tacikistan Respublikası Höküməti yanında Gömrük Xidmətinin rəisi Abdufatohi Qoib imzalayıblar.

Sonda iclasın keçirildiyi salonda Azərbaycan gömrük xidmətinin fəaliyyəti dövründə qaçaqmalçılardan aşkar etdiyi müxtəlif dövrlərə aid tarixi əsərlərdən ibarət sərgiyə baxış keçirilib.

DGK Mətbuat Xidməti