Regional Tranzit Ticarətin Asanlaşdırılması üzrə Seminar öz işinə başlayıb
16-İyun-2017 227

İyunun 16-da Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) Proqramı çərçivəsində "Regional Tranzit Ticarətin Asanlaşdirilmasi üzrə Seminar ( MARİƏ-nin qabaqcıl tranzit sistemi və ümumi gömrük məlumatlarının mübadiləsi)" öz işinə başlayıb. Seminarda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, AİB-nin və ÜGT-nin nümayəndələri, Azərbaycan, Qazaxıstan və Gürcüstan gömrük xidmətlərinin əməkdaşları iştirak edib.

AİB-nin Şərqi Asiya Departamentinin direktoru Yin Çen açılış mərasimində çıxış edərək iştirakçılara uğurlar arzuladı və seminarın regionun tranzit potensialının inkişaf etdirilməsi, ticarət asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə görülən tədbirlər çərçivəsində gömrük işinə və gömrük əməkdaşlarına fayda verəcəynə ümidvar olduğunu bildirdi.

Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev qonaqları səmimi salamladı və regional tranzitin inkişafında göstərdiyi dəstəyə görə AİB-nin rəhbərliyinə təşəkkürünü bildirdi. Dünyada baş verən iqtisadi proseslər, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Prezident İlham Əliyevin ölkəmizin iqtisadi inkişafının davamlılığını təmin etmək məqsədilə həyata keçirdiyi proqram və islahatlardan bəhs edən Aydın Əliyev, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının və tranzit imkanlarının inkişaf etdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verdi.

Komitə sədri Azərbaycan tərəfindən Qazaxıstanın Aktau limanında görülən işlər, Azərbaycan-Gürcüstan arasındakı "Qırmızı Körpü" sərhəd-gömrük keçid məntəqəsində aparılan təkmilləşdirmələrlə bağlı məlumat verərək həyata keçirilən tədbirlərin regional tranzit imkanlarını daha da gücləndirəcəyini, "Bakı-Tbilisi-Qars" dəmiryolu xəttinin fəaliyyətə başlamasından sonra isə bu sahədə ciddi inkişafın müşahidə ediləcəyini diqqətə çatdırdı.

ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisinin rəhbəri Roger Hermann çıxışında regional tranzit imkanlarının gücləndirilməsinin ticarətin inkişafında mühüm rol oynayacağını, bunun da öz növbəsində ölkələrin iqtisadiyyatının çiçəklənməsinə müsbət təsir göstərəcəyini bildirdi.

AİB-nin nümayəndəsi Nəriman Manafbəyov son dövrlərdə Azərbaycan hökumətinin bu sahədəki innovativ yanaşmaları gücləndirməsinin ümumi işə fayda verdiyini bildirdi. Daha sonra AİB-nin nümayəndəsi regionun beynəlxalq ticarətin inkişafındakı rolu və regional tranzitin əhəmiyyəti, MARİƏ-nin bu sahədəki fəaliyyətinin ümumi müddəaları barədə məlumat verdi.

Bir gün davam edəcək seminar çərçivəsində AİB-nin ekspertləri Yin Çen, Qrehem Uolker, Haycel Mur, Konstantin Naumov, Vibun Çaocirapant "Layihə haqqında əsas məlumatlar və regional vəıziyyət", "Dəhlizin seçilməsi və ticarət tranzit axınları", "MARİƏ-nin təkmilləşdirilmiş tranzit sistemi: əsas məqsədlər"," İnstitusional mexanizmlər" mövzularında iştirakçıları məlumatlandıracaqlar.

DGK Mətbuat Xidməti