Gömrük sahəsində əlaqələrin gələcək perspektivləri müzakirə edilib
05-Oktyabr-2017 242

Oktyabrın 5-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edərək bu əlaqələrin müxtəlif sahələrdə, o cümlədən gömrük sferasında mövcud olduğunu deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən davamlı islahatlara toxunan Komitə sədri, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı dövlət başçısı tərəfindən bir sıra fərman və sərəncamların imzalandığını diqqətə çatdırıb.

Aydın Əliyev bildirib ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq ölkənin bütün sahələrdə sürətli tərəqqisi təmin edilib, xüsusilə, son illərdə qeyri-neft sektorunun inkişafına göstərilən dəstək milli iqtisadiyyatda bu sektorun payını artırıb. Gömrük sahəsində də mütərəqqi islahatların uğurla reallaşdırıldığını vurğulayan DGK sədri "bir pəncərə", "elektron bəyannamə", "yaşıl dəhliz" və digər yeniliklərin idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə münbit şərait yaratdığını bildirib.

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin önəminqeyd edən Aydın Əliyev Azərbaycan Respublikasının hazırda qüvvədə olan yeni Gömrük Məcəlləsinin layihəsinin Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində hazırlandığını xatırladıb və göstərilən dəstəyə görə Avropa İttifaqına minnətdarlığını ifadə edib.

Aydın Əliyev həmçinin hazırda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə icra etdiyi "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin də Avropa İttifaqı tərəfindən maliyyələşdirildiyini bildirib və bu əməkdaşlığın gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib.

Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrindən razılığını ifadə edərək bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edib. Təmsil etdiyi qurumla Azərbaycan Gömrük Xidməti arasında da səmərəli əlaqələrin qurulmasından məmnun olan Kestutis Yankauskas bu əlaqələrin gələcəkdə də faydalı əməkdaşlıq şəraitində davam etdiriləcəyinə əminliyini bildirib. Tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların araşdırılmasının önəminə toxunan Kestutis Yankauskas bununla bağlı təkliflərini irəli sürüb və Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin daha da fəallaşması işinə töhfəsini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdən sonra Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Dövlət Gömrük Komitəsində "Hədəf" Mərkəzinəbaxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olub.

DGK Mətbuat Xidməti