Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı (Video)
05-Oktyabr-2017 828

Son günlər bəzi internet resurslarında gömrük orqanlarına xidmətə qəbulda iştirak edən bəzi namizədlər və yaxınlarına istinadən qəbul prosesində ədalətsizliyə və ayrıseçkiliyə yol verilməsi ilə bağlı məlumatlar yayılır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi səlahiyyətlərinə aid olan bütün sahələrdə şəffaflıq, obyektivlik və vətəndaş məmnuniyyəti tam təmin olunub. Gömrük orqanlarına xidmətə qəbul prosesi də mövcud qanunvericiliyə uyğun şəkildə, ən layiqli namizədlərin qazanması prinsipi ilə həyata keçirilir. Üstəlik iki mərhələdə həyata keçirilən qəbul prosesində uğur qazana bilməyən və narazı qalan namizədlər şikayətləri olduğu təqdirdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi, şəxsən Komitə sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev tərəfindən qəbul edilir, şikayətlər araşdırılır və obyektiv şəkildə cavablandırılır.

Lakin bəzi hallarda "istək" və "məqsədlər"inə nail ola bilməyənlər müxtəlif internet resursları, media qurumlarından tribuna kimi istifadə edərək Dövlət Gömrük Komitəsi və onun rəhbərliyi haqqında həqiqətə uyğun olmayan məlumatlar yayırlar.

Sonuncu dəfə gömrük orqanlarına xitdmətə qəbul prosesi başa çatdıqdan sonra narazı qalan namizdlərdən Əli Xələfov özünü onun dayısı kimi təqdim edən Anar İsmayılov adlı şəxslə birlikdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev tərəfindən qəbul edilib, namizədə cavab kağızı əsasında yol verdiyi səhvlər ətraflı şəkildə izah olunub və namizəd də bununla razılaşıb.

Lakin özünü onun dayısı kimi təqdim edən və qəbul zamanı işlətdiyi qeyri-etik ifadələr soyuqqanlılıqla qarşılanmasından ruhlanan Anar İsmayılov bu dəfə media orqanlarına üz tutaraq Dövlət Gömrük Komitəsi və onun rəhbərliyini əsassız şəkildə ittiham edib. Bu məqamda məşhur bir deyim yada düşür: "Başa dil gətirəni, el gətirə bilməz". Belə ki, Anar İsmayılovun qəbul zamanı özünü Qarabağ müharibəsi veteranı, Əli Xələfovun dayısı kimi təqdim etməsi, komitə rəhbərliyini prokurorluq orqanları ilə hədələməsi prosesin gedişində həyata keçirilən videoyazıda aydın şəkildə öz əksini tapıb. Lakin həmin şəxs mediaya verdiyi müsahibə bu ifadələrin komitə rəhbərliyi tərəfindən istifadə edildiyini iddia edir.

Anar İsmayılov və bu qəbildən olan insanların dövlətin önəmli təsisatlarından birinə, onun uzun illər xalqına, dövlətinə xidmət göstərən nümayəndələrinə qarşı qeyri-etik davranışlarının əlbəttə ki, bir məqsədi var; dövlət qurumu, onun rəhbərliyi və əməkdaşları haqqında cəmiyyətdə yalan informasiyaların köməyi ilə mənfi rəy formalaşdırmaq. Ancaq həmin şəxslər unutmamalıdır ki, məqsədə aparan yolda edilən hərəkətlər, işlədilən ifadələr qanunlardan kənara çıxmamalıdır. Son məqamda dilimizin başımıza bəla olmaması üçün. Üstəlik bu son məqam dövlət qurumu və onun nümayəndələri haqqında həmin qurumun rəyi öyrənilmədən məlumat yayan və yayılmasına şərait yaradan qurumlara da aiddir.

DGK Mətbuat Xidməti