Biznes-forumda gömrük sahəsində son islahatlar barədə məlumat verilib
12-Oktyabr-2017 199

Oktyabrın 11-də Bakı şəhərində Alman-Azərbaycan biznes-forumu keçirilib.

Tədbir Alman-Azərbaycan Xarici Ticarət Palatası, Şərqi Avropa İqtisadi Əlaqələr üzrə Alman Komitəsi və Almaniyanın Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə baş tutub.

Forumun mövzuları əsasən maliyyə, sənaye, nəqliyyat və logistika sahələrini əhatə edib. Məqsəd Almaniya və Azərbaycan şirkətlərini biznes platforması ilə təmin etmək, onların işgüzar əməkdaşlığı üçün mövcud imkanları müzakirə etmək, öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaqdır.

Alman-Azərbaycan Xarici Ticarət Palatası idarə heyətinin sədri Falko Haydrix ölkələrimiz arasındakı fəal və uğurlu əməkdaşlıq əlaqələrindən söz açıb, bu biznes-forumun əməkdaşlığın gücləndirilməsi üçün yeni platforma olduğunu deyib.

Sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev çıxış edərək ölkəmizdə gömrük sahəsində son illər ərzində həyata keçirilən islahatlar barədə məlumat verib.

Komitə sədri diqqətə çatdırıb ki, gömrük sistemində son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərinin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ-hüquqi bazanın yaradılması istiqamətində məqsədyönlü işlər görülüb. Qısa zamanda "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiq olunduğunu və artıq bir sıra şirkətlərin bu sistemdən istifadə etdiyini vurğulayan Komitə sədri, ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayan gömrük orqanlarının bu sahədə ardıcıl tədbirlər həyata keçirdiyini söyləyib.

Aydın Əliyev qeyd edib ki, Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilir. Azərbaycan Gömrük Xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması naminə biznes subyektlərilə hər zaman qarşılıqlı əməkdaşlığa, yeni təklif və fikirlərə hazır olduğu vurğulanıb.

Daha sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Almaniya arasındakı ticarət əlaqələri üçün böyük potensialın olduğunu, ölkələrimiz arasında əməkdaşlığın sənaye, nəqliyyat, logistika və enerji sahələrində investisiyalar qoyaraq inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Almaniya Federativ Respublikası səfirliyinin missiya rəhbərliyinin müavini Tereza Şönfeld Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin iyununda Berlinə səfərinin iki ölkə arasındakı biznes əlaqələrinin gücləndirilməsinə verdiyi töhfəni xüsusilə diqqətə çatdırıb.

DGK Mətbuat Xidməti