İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının 8-ci iclası keçirilib
14-Noyabr-2017 1476
Noyabrın 14-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının 8-ci iclası keçirilib.
Tədbirə Azərbaycan, İran, Qazaxıstan, Pakistan, Tacikistan, Türkiyə gömrük xidmətlərinin nümayəndələri qatılıb.
İclasda Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Toplantının açılış mərasimində Pakistan İslam Respublikası Baş nazirinin gəlirlər üzrə müşaviri, dövlət naziri Harun Axtar Xan, İqtisadi Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini Kənan Nəzərov və Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kuniyo Mikuriya giriş sözü ilə çıxış ediblər.
Mərasimdə gömrük xidmətlərinin üzləşdiyi problemlərin həllində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gömrük xidmətləri arasında əməkdaşlığın rolu vurğulanıb, eləcə də gömrük məlumatlarının mübadiləsinin və potensialın gücləndirilməsinin əhəmiyyətinə toxunulub.
Sonra iclasda nümayəndə heyəti rəhbərlərinin ölkə hesabatları dinlənilib.
Öz növbəsində, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev təqdimatla çıxış edərək Azərbaycan iqtisadiyyatında, eləcə də gömrük sahəsində son illər əldə olunan uğurlardan bəhs edib.
Komitə sədri öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 2002-ci ildə İstanbulda keçirilən 7-ci sammitindəki nitqindən misal çəkərək xatırladıb ki, Heydər Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirməyin və birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd etmiş, bunun regionda yoxsulluq səviyyəsinin aşağı salınması üçün zəruriliyini vurğulamışdı. "Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində təcrübə mübadiləsi üzv dövlətlərin gömrük xidmətlərinin də effektiv qarşılıqlı fəaliyyəti üçün vacibdir", - deyə Aydın Əliyev əlavə edib.
Azərbaycanın əlverişli coğrafi ərazidə yerləşdiyini, Asiya və Avropa arasında logistik mərkəz olduğunu diqqətə çatdıran Aydın Əliyev buradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin keçdiyini bildirib. Komitə sədri Azərbaycanda son illər logistik potensialın inkişaf etdirilməsi üçün mühüm layihələrin həyata keçirildiyini, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini vurğulayıb.
Bu il oktyabrın sonunda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi və strateji əhəmiyyətli bir layihə olduğunu da söyləyən DGK sədri uzunluğu təxminən 850 kilometr olan bu yolun 504 kilometrinin Azərbaycan ərazisindən keçdiyini bildirib. Qeyd edilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı tapşırıqlarına əsasən, enerji daşıyıcılarının satışından əldə olunan gəlirlərdən asılılığın azaldılması məqsədilə son illər ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti həyata keçirilir. Belə ki, Azərbaycan dünya bazarını enerji daşıyıcıları ilə təchiz edən ölkələrdən biridir və neftin qiymətinin aşağı düşməsilə əlaqədar bu tendensiya daha dəqiq və konkret forma alıb. Bu ilin son 9 ayı ərzində iqtisadiyyatın qeyri-neft sektoru 2,5 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb.
Aydın Əliyev son illər Azərbaycanda gömrük sahəsində müxtəlif istiqamətlərdə aparılan islahatlara da toxunaraq qeyd edib ki, Azərbaycan gömrük orqanlarının fəaliyyət strategiyası ölkədə münbit ticarət-investisiya mühitinin yaradılmasına yönəlib və bu istiqamətdə köklü islahatlar həyata keçirilib. Eyni zamanda, "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli sərəncamının rolu vurğulanıb və bu sərəncamın Azərbaycan gömrük orqanlarına bütün bəyannamələri elektron formada qəbul edərək məmur-vətəndaş təmasını minimuma endirməyə imkan yaratdığı bildirilib.
Komitə sədri deyib ki, Azərbaycanın gömrük orqanları xarici ticarət iştirakçıları ilə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirir. Azərbaycan Gömrük Xidmətinin rəsmi internet səhifəsində yaradılan xidmətlər xarici iqtisadi fəaliyyət iştirakçılarına malları və nəqliyyat vasitələrini gömrük orqanlarına əvvəlcədən bəyan etməyə, eləcə də gömrük rəsmiləşdirilməsi üçün müraciət, şikayət və təkliflər bildirməyə və s. imkan verir. Hazırda Komitənin internet saytında 15 gömrük xidməti elektron formada təqdim olunur. Bu xidmət tətbiq edildiyi vaxtdan indiyədək mallar üzrə təxminən 1,5 milyon elektron gömrük bəyannaməsi təqdim olunub.
Aydın Əliyev çıxışında "Yaşıl dəhliz" və digər buraxılış sistemlərinin tətbiqindən də bəhs edərək bu sistemlərin tətbiqi sayəsində idxal-ixrac əməliyyatlarının sadələşdirildiyini, bunun da, öz növbəsində ticarətin asanlaşdırılması və tranzit yüklərin daşınmasının sürətləndirilməsində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, "Yaşıl dəhliz"dən özünü məsuliyyətli xarici iqtisadi fəaliyyət iştirakçısı kimi təsdiq edən, eləcə də mallar haqqında etibarlı məlumatlar verən şirkətlər istifadə edə bilər. Belə ki, avtomatlaşdırılmış elektron informasiya sistemi vasitəsilə risklərin qiymətləndirilməsi əsasında malların hansı dəhlizdən keçəcəyi barədə qərar verilir. Bu yenilik idxal olunan malların gömrük rəsmiləşdirilməsinə və qanunvericiliyə riayət olunmasına, həmçinin tranzit dəhlizlərdə yükdaşımalar üzrə Azərbaycanın iqtisadi cəlbediciliyinin artırılmasına əlavə stimul verib.
Məlumat verilib ki, ölkə ərazisində investisiya fəaliyyətinin genişləndirilməsi, əlverişli biznes mühitinin yaradılması, sənaye istehsalının həcminin artırılması, daxili bazarın qorunması, həmçinin milli istehsal həcminin artırılması üçün 2016-cı ildə dövlət başçısı tərəfindən investisiyaların təşviqilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalanıb və investisiyaların təşviqi haqqında sənədin verilməsi qaydası təsdiq olunub. Bununla əlaqədar, investisiyaların təşviqi haqqında sənəd almış şəxslər və fərdi sahibkarların ölkəyə idxal etdiyi texnoloji avadanlıq və qurğular 7 il müddətinə əlavə dəyər vergisi və gömrük rüsumlarından azad edilir. Analoji imtiyazlı şərtlər 7 il müddətinə həmçinin - qeydiyyatdan keçdikləri andan etibarən sənaye məhəllələri və texnologiya parklarının rezidentlərinə, o cümlədən sənaye məhəllələri və texnologiya parklarının tikintisi, elm-tədqiqat və təcrübə-konstruktor işlərində tətbiq məqsədilə texnika, texniki avadanlıq və qurğular idxal edən fərdi sahibkarlara da təqdim olunur.
Daha sonra diqqətə çatdırılıb ki, Şərq və Qərbin coğrafi kəsişməsində yerləşən Azərbaycan Respublikası, təəssüf ki, narkotik və psixotrop maddələrin tranziti üçün də cəlbedici marşrutdur. Qaçaqmalçılar Azərbaycan ərazisindən keçən əlverişli nəqliyyat kommunikasiyaları şəbəkəsindən istifadə edərək Avropa və dünyanın digər hissələrinə narkotik keçirməyə çalışır. Ən müasir avadanlıq və gömrük nəzarəti sistemləri ilə təchiz olunan Azərbaycan gömrük orqanları mütəxəssis-kinoloq və təlim keçmiş itləri cəlb edərək və analitik və operativ fəaliyyət göstərərək narkotiklərin qanunsuz daşınması cəhdlərinin qarşısını uğurla alır.
O da qeyd edilib ki, Azərbaycanda gömrük hüquqpozmalarına qarşı mübarizədə ən müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunur. Dövlət Gömrük Komitəsinin "Hədəf" Mərkəzində ölkənin gömrük-buraxılış məntəqələri, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurları vahid mərkəzdən müşahidə edilir. Bu görüntülər isə yerlərdə quraşdırılan kameralar vasitəsilə birbaşa Mərkəzə ötürülür və burada izlənilir.
Bundan başqa, Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin fəaliyyəti daim təkmilləşdirilir və 2015-ci ildən etibarən bu müəssisə Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi statusunu alıb. Mərkəz beynəlxalq standartlara uyğun infrastruktura malikdir ki, bu da mütəxəssis-kinoloqların, eləcə də xidməti itlərin daha keyfiyyətli və yüksək səviyyəli hazırlıq keçməsinə şərait yaradır. Azərbaycan tərəfi Mərkəzin bazasında, beynəlxalq əməkdaşlıq çərçivəsində, bir sıra dövlətlətin gömrük xidmətləri üçün təlimlər təşkil edib, eləcə də onlara narkotiklərin axtarışı üzrə xidməti itlər hədiyyə olunub.
Aydın Əliyev Azərbaycan Gömrük Xidmətinin ikitərəfli və çoxtərəfli əməkdaşlığa xüsusi diqqət ayırdığını vurğulayaraq onu da bildirib ki, gömrük prosedurlarının sadələşdirilməsi və dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinin sürətləndirilməsi üçün ilkin məlumatların elektron mübadiləsi sahəsində bir neçə saziş imzalanıb.
Bu il Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair imzalanan hökumətlərarası saziş, həmçinin Azərbaycan və Qazaxıstan gömrük xidmətləri arasında mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilinə dair saziş ilkin elektron məlumat mübadiləsi yolu ilə mallar və nəqliyyat vasitələrinin gömrük sərhədlərindən keçirilməsi prosesini, o cümlədən tranzit daşımaları sürətləndirmək məqsədi daşıyır. Bundan əlavə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında hökumətlərarası sazişə əsasən, iki ölkənin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında məlumat mübadiləsi sisteminin yaradılmasına dair texniki şərtlər imzalanıb.
DGK sədri "Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə" 2005-ci il iyulun 7-də İstanbul şəhərində imzalanmış sazişə də toxunaraq məlumat verib ki, bu sənəd artıq Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiqlənib. Aydın Əliyev ümidvar olduğunu bildirib ki, sözügedən sazişin tətbiqi ilə İƏT üzv ölkələrinin gömrük xidmətləri arasında əməkdaşlıq daha konstruktiv və səmərəli olacaq.
Həmçinin qeyd edilib ki, "Gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında" saziş layihəsi Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla Azərbaycan Gömrük Xidməti tərəfindən İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinə təqdim olunub. Ümid edirik ki, sözügedən saziş layihəsi tezliklə razılaşdırılaraq imzalanacaq və gömrük xidmətləri arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.
Təqdimatın sonunda Aydın Əliyev Azərbaycan Gömrük Xidmətinin gömrük sahəsində elm, tədris və tədqiqat fəaliyyətinə də toxunaraq gömrük işçilərinin gələcək potensialının yaradılması üçün institusional inkişafa xüsusi önəm verildiyini vurğulayıb. 2016-cı və 2017-ci illərdə beynəlxalq tələbə konfranslarının təşkil edildiyi diqqətə çatdırılıb. Artıq ənənəyə çevrilən bu konfranslarda məqsədin dünyada gömrük profili üzrə ixtisaslaşmış ali təhsil müəssisələrinin tələbələrinə və professor-müəllim heyətinə təcrübə mübadiləsi, fikir və bilik mübadiləsi aparmaq üçün platforma yaratmaq olduğu bildirilib.
Nümayəndə heyəti rəhbərlərinin ölkə hesabatlarından sonra iclasda "İqtisadi Əməkdaşlıq Təşkilatının Qaçaqmalçılıq və Gömrük Cinayətlərinə dair Məlumat Bankının yaradılması və fəaliyyəti üzrə Saziş"ə qoşulma ilə bağlı son nailiyyətlər barədə fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında gömrük məlumatlarının elektron mübadiləsi və üzv ölkələrin gömrük xidmətlərinin vəzifəli şəxsləri üçün təlim kurslarının təşkili ilə bağlı məsələlər müzakirə olunub.
İclasda həmçinin, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gömrük ekspertlərinin alt-komitəsinin hesabatına baxılıb, tez xarab olan malları daşıyan yük avtomobillərinin və konteynerlərin sərhədlərdən yüksək üstünlüklə və fasiləsiz keçidini sürətləndirmək üçün İƏT üzv ölkələri tərəfindən təmin edilən imkanlar və "İqtisadi Əməkdaşlıq Təşkilatı və Ümumdünya Gömrük Təşkilatı arasında gömrük məsələlərində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun layihəsi müzakirə edilib və iclasın hesabatı qəbul olunub.
Bununla da Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının 8-ci iclası başa çatıb.
Qeyd edək ki, Pakistan İslam Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri ikitərəfli görüşlər də keçirib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin ilk görüşü Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kuniyo Mikuriya ilə baş tutub.
Görüşdə, dünyada baş verən iqtisadi proseslərin fonunda gömrük xidmətlərinin fəaliyyəti, beynəlxalq ticarətin asan, sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi istiqamətində yeni çağırış və metodlar, perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ÜGT ilə qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edib, təşkilatın Azərbaycandakı regional tədris və kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətinə toxunub, bu qurumların ümumi işə töhfəsinin önəmini diqqətə çatdırıb.
ÜGT-nin Baş katibi Kuniyo Mikuriya rəhbəri olduğu qurumda Azərbaycan Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini deyib, qarşılıqlı əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib. Baş katib Azərbaycan gömrüyünün modernləşmə, kadrların peşəkarlıq səviyyəsinin artırılması, elmi araşdırma və nailiyyətlərin gömrük sahəsində tətbiqi məsələlərinə xüsusi önəm verməsini təqdirlə qarşıladıqlarını vurğulayıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin növbəti görüşü Pakistan İslam Respublikası Baş nazirinin gəlirlər üzrə müşaviri, dövlət naziri Harun Axtar Xan ilə keçirilib.
Görüşdə Azərbaycan-Pakistan arasında əsrlərə söykənən dostluq və strateji əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib. İki ölkənin siyasi, iqtisadi və humanitar sahədəki əlaqələrinin perspektivləri, gömrük xidmətlərinin bu istiqamətdə rolu müzakirə olunub.
Eyni zamanda, tarixi İpək Yolunun bərpası istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan regional və beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin Şərqlə Qərb arasında yük daşımalarının asan və sürətli şəkildə həyata keçirilməsində önəminə toxunulub, iki ölkənin bu istiqamətdə əməkdaşlığının perspektivləri nəzərdən keçirilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Pakistan İslam Respublikasının Federal Gəlirlər Bürosu Gömrük Xidmətinin rəhbəri Məhəmməd Zahid ilə də görüşüb.
Görüş zamanı bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin mövcud olduğu vurğulanıb. Son illər regionda nəqliyyat və logistika sahəsində həyata keçirilən irimiqyaslı layihələrin Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin daha da güclənməsinə, ticarət dövriyyəsinin artmasına təkan verəcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə iki ölkənin gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyü qeyd edilib və beynəlxalq ticarətin asan və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin daha da artırılmasının vacibliyi vurğulanıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin daha bir görüşü İran İslam Respublikası İqtisadi İşlər və Maliyyə Nazirliyi Gömrük Administrasiyasının prezidenti Foroud Asgari ilə keçirilib.
Görüşdə qarşılıqlı faydalı əlaqələrə toxunulub, o cümlədən iqtisadi-ticari münasibətlərdən söhbət açılıb. Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, iki ölkə arasında mallar və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib. Görüşdə iki ölkənin gömrük xidmətləri arasında məlumat mübadiləsi və əməkdaşlığın perspektivləri müzakirə edilib.
DGK Mətbuat Xidməti