GPS elektron kilidlərinin daha səmərəli istismarı ilə bağlı müzakirələr aparılıb
07-Dekabr-2017 154

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti noyabrın 30-dan dekabrın 3-dək İsrail Dövlətinin Tel-Əviv şəhərində səfərdə olub.

Nümayəndə heyətində DGK Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəisi, gömrük xidməti polkovniki Faiq Seyidov və həmin idarənin rəis müavini Razim Zamanov iştirak edib.

İsrailə səfər bu ölkədə GPS - elektron nəzarət və izləmə sisteminin iş prinsiplərilə tanışlıq, eləcə də GPS elektron kilidlərinin yeni modellərilə bağlı danışıqlar aparmaq üçün həyata keçirilib.

Məlumdur ki, Azərbaycan Respublikasının gömrük ərazisində 2013-cü ilin oktyabrından GPS elektron kilidlərindən istifadə olunur. Yük daşıyan nəqliyyat vasitələrinin yük yerləri Dövlət Gömrük Komitəsinin mobil gömrük bölmələri tərəfindən GPS elektron kilidləri ilə bağlanır. Məqsəd iki gömrük orqanı arasında malların daşınmasının, həmçinin nəqliyyat vasitələrinin hərəkətinin müəyyən olunmuş marşrut üzrə və müddət ərzində başa çatdırılmasına nəzarət etməkdir. Bununla, eyni zamanda, təhlükəsizlik təmin edilir və hüquqpozma hallarının qarşısı alınır.

İsrailə səfər zamanı Azərbaycan nümayəndə heyəti "Beniş GPS" şirkətinin rəhbərliyi və mütəxəssislərilə görüşdə GPS elektron kilidlərinin daha səmərəli istismarı və istismar müddətində yaranan problemlərin həlli ilə bağlı təkliflər verib və müzakirələr aparıb.

Nümayəndə heyəti həmçinin İsrail Gömrük Xidmətinin rəhbəri Avi Arditi ilə görüşüb. Görüşdə iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edilib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin önəmi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DGK Mətbuat Xidməti