Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı
12-Yanvar-2018 761

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarına əsasən 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib. Gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplanaraq qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər.

Qeyd edək ki, dəfələrlə Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri, şəxsən DGK sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və digər məsul vəzifəli şəxslər yeni qərarla razılaşmayan sahibkarlarla dəfələrlə görüşüb, onlara qanunvericiliyin tələbləri barədə müvafiq izahatlar verilib.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır.

DGK Mətbuat Xidmət