Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı
07-Mart-2018 426

Bəzi kütləvi informasiya vasitələrində "Qaya Mətbuat Yayımı" MMC-nin əməkdaşlarının Dövlət Gömrük Komitəsinin (DGK) inzibati binasının qarşısında etiraz aksiyası keçirəcəyi barədə məlumat yayılıb. Məlumata görə aksiyaya səbəb gömrük orqanları tərəfindən kütləvi informasiya vasitələri (KİV) məhsullarından guya qeyri-qanuni olaraq əlavə dəyər vergisi (ƏDV) tələb edilməsidir.

Dövlət Gömrük Komitəsi bildirir ki, «Qaya Mətbuat Yayımı» MMC 2016-cı ilin yanvar ayında idxal etdiyi qəzet, jurnal və digər kütləvi informasiya vasitələrinin ƏDV-nin tutulmasından azad edilməsi, Dövlət Gömrük Komitəsinin 01.01.2016-cı il tarixdən etibarən «Qaya Mətbuat Yayımı» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idxal olunan mallara görə ƏDV tutulması və tələb edilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Həmin ilin iyul ayında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilən iclasda cəmiyyətin Azərbaycan Respublikasına idxal olunan mallara - qəzet, jurnal və digər kütləvi informasiya vasitələrinə görə ƏDV tutulması və tələb edilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılıb.

2016-cı ilin avqust ayında DGK tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına həmin qərarın ləğv edilməsi və iddianın təmini barədə ərizənin rədd edilməsi barədə yeni qərar çıxarılması üçün apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2016-cı ilin noyabr ayında DGK-nın apellyasiya şikayətini təmin edib.

Daha sonra iddiaçı «Qaya Mətbuat Yayımı» MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilib. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 mart 2017-ci il tarixli qərarı ilə iddiaçı «Qaya Mətbuat Yayımı» MMC-nin kassasiya şikayəti təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılıb.

Onu da qeyd edək ki, "Qaya Mətbuat Yayımı" MMC-nin direktoru Xanhüseyn Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumuna şikayət ərizəsi ilə müraciət edib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun həmin şikayətə dair 22 dekabr 2017-ci iltarixli Qərardadına əsasən "Qaya Mətbuat Yayımı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Xanhüseyn Əliyevin şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilib.

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının Qərardadında hansı məhsul və xidmətlərin idxalı zamanı ƏDV-dən azad olunduğu ətraflı şəkildə izah olunub və bildirilib ki, hazirki mübahisənin predmetini təşkil edən əməliyyatlara münasibətdə 164.1.7-ci yarımbənddə kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) göstərilməklə, kütləvi informasiya vasitələri məhsullarının yalnız alqı-satqısı ƏDV-dən azaddır.

Məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 164.1-ci maddəsinin alt bəndlərindən aparılmış dəqiqləşmə həmin Məcəllənin 3.9-cu maddəsində nəzərdə tutulmuş məqsədlərə xidmət edir və hazırkı mübahisəyə münasibətdə kütləvi informasiya vasitələri məhsullarının yalnız alqı-satqısını ƏDV-dən azad etməklə, habelə həmin malların idxalı zamanı əlavə dəyər vergisi ödənilməli olmasını istisna etməməklə kütləvi informasiya vasitələri məhsullarının idxalı əlavə dəyər verigisinə cəlb edilməlidir.

Göründüyü kimi ən ali məhkəmə instansiyaları belə DGK-nın hazırkı mübahisə predmetində haqlı olduğuna qərar verib. Qanunlara tabe olmaq isə hər bir qurumun və şəxsin başlıca vəzifələrindən biridir.

DGK Mətbuat Xidməti