Futzal üzrə çempionat başa çatıb
10-May-2018 556

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş futzal üzrə çempionat başa çatıb.

Yarışda Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanlarının komandaları iştirak edib.

Çempionatın final oyunu Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı və Naxçıvan MR Dövlət Gömrük Komitəsinin komandaları arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən və hər iki komandanın əzmkarlıq nümayiş etdirdiyi oyun Naxçıvan gömrükçülərinin 4-3 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin komandası I, Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının komandası II, Sumqayıt Baş Gömrük İdarəsinin komandası isə III yerə çıxıb.

Çempionatın mükafatlandırma mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açıb, uşaqların və gənclərin sağlam mühitdə böyüməsinə yönələn bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı qələbələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Mərasimdə çıxışedən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Gənclər və İdman Nazirliyi adından yarışın təşkilatçılarına minnətdarlığını bildirib. Raqif Abbasov DGK tərəfindən gömrük işinin təşkili ilə yanaşı, idmana xüsusi önəm verilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Sonra DGK rəhbərliyi tərəfindən turnirin qaliblərinə və mükafatçılarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kubok, diplom və medalları, eləcə də hədiyyələr təqdim olunub.

DGK Mətbuat Xidməti