Dövlət Proqramından irəli gələn məsələlər müzakirə olunub
11-May-2018 498

Azərbaycan Prezidenti İlham Əliyevin 3 may 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn məsələlərin müzakirəsi məqsədilə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsində görüş keçirilib.

Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin rəisi, gömrük xidmət general-mayoru Ehtiram Xəlilovla Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov arasında keçirilən görüşdə qeyd edilib ki, Dövlət Proqramında şərabçılığın aqrar-sənaye kompleksinin ən rentabelli və ən qədim sahələrindən biri kimi göstərilməsi bu sahənin daha da inkişaf etdirilməsi üçün istehsalçıların və müvafiq dövlət qurumlarının imkanlarının səfərbər olunmasını zəruriləşdirir.Dövlət Proqramındaaksiz markalarının hər növ içkiyə görə fərqli təsvirdə hazırlanması və qablaşma həcminin aksiz markasında göstərilməsi, Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun yaradılması ilə bağlı Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları ilə danışıqların aparılması, eləcə də saxta aksiz markalarından istifadəyə qarşı mübarizənin gücləndirilməsi kimi mühüm məsələlərin həlli müvafiq dövlət qurumlarına, o cümlədən Dövlət Gömrük Komitəsinə tapşırılıb.

Görüşdə Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin və Şərab İstehsalçıları və İxarcatçıları Assosiasiyasının birgə səyləri nəticəsində milli şərabçılığın inkişafına maneə törədən amillərin, eləcə də əsassız vaxt itkisi və əmək sərfiyyatına yol verilməsi hallarının aradan qalxacağına əminlik ifadə edilib. Bunun da şərab məhsulunun istehsal və ixrac potensialının dəfələrlə artmasına səbəb olacağı vurğulanıb.

Eyni zamanda, qeyd edilib ki, ölkədə şərab istehsalının artırılması, daxili bazarda şərab satışının dəstəklənməsi, yerli və idxal olunan şərab məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi kimi kompleks tədbirlərin görülməsi üçün bütün aidiyyəti strukturların bu işə cəlb edilməsi zəruridir.

Görüşdə qarşıda duran problemlərin həlli istiqamətində birgə fəaliyət aparılması barədə razılıq əldə edilib, görüləcək işlərlə bağlı konkret məsələlər və təkliflər müzakirə olunub.

DGK Mətbuat Xidməti