Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
11-May-2018 1106

Mayın 11-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.

İmzalanma mərasimində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı iqtisadi inkişaf strategiyasının həyata keçirilməsini şərtləndirən başlıca amillərdən biri də elmi əsaslara söykənən, dinamik dövlət idarəçiliyi metodlarının tətbiqidir.

Komitə sədri qeyd edib ki, xüsusilə son illərdə aparılan mütərəqqi islahatlar iqtisadiyyatın, beynəlxalq ticarətin inkişafına təkan verməklə yanaşı, müxtəlif dövlət qurumları arasında dinamik, səmərəli əlaqələrin qurulmasına şərait yaradıb və Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu da bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Səfər Mehdiyev memorandumun  iki qurum arasında qarşılıqlı fəaliyyət prinsiplərinin parametrlərini müəyyənləşdirməklə qida təhlükəsizliyi ilə bağlı məsələlərin səmərəli və operativ şəkildə həllinə şərait yaradacağını bildirib. Komitə sədri onu da qeyd edib ki, imzalanan sənəd  qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə, resursların birgə və səmərəli şəkildə istifadə edilməsinə zəmin yaradacaq, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəçiliyi  və nəzarət metodlarının gücləndirilməsinə imkan verəcək.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Prezident İlham Əliyev tərəfindən ölkəmizdə dərin iqtisadi islahatlar həyata keçirildiyini, qida təhlükəsizliyinin təmin edilməsinin də bu islahatların tərkib hissəsi oduğunu bildirib. Diqqətə çatdırılıb ki, Anlaşma Memorandumunun imzalanması nəticəsində idxal və ixrac edilən qida məhsulları üzərində nəzarətin həyata keçirilməsi sahəsində sağlam təhlükəsizlik sisteminin qurulmasına şərait yaranıb.

Qeyd edək ki, Anlaşma Memorandumunda ölkə ərazisinə idxal və ixrac olunan qida məhsulları, baytarlıq və fitosanitar yüklər haqqında məlumat mübadiləsinin təmin edilməsi, yüklər üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarəti ilə bağlı tədbirlərin görülməsi istiqamətində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi, risklər barədə məlumat mübadiləsinin təmin edilməsi, ölkə daxilində yaradılmış gömrük nəzarəti zonalarında yüklərə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti baxımından baxışın keçirilməsi, nümunələrin götürülməsinə və götürülmüş nümunələrin ekspertizaya cəlb edilməsinə Dövlət Gömrük Komitəsi tərəfindən şəraitin yaradılması, qida məhsullarına verilən sənədlərin "onlayn" rejimdə gömrük orqanları tərəfindən müşahidəsi və məlumat mübadiləsi məqsədilə tərəflərin müvafiq elektron sistemləri arasında inteqrasiyanın təmin edilməsi və digər məsələlər öz əksini tapıb.

DGK Mətbuat Xidməti