"Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda İctimai Müzakirə keçirilib
14-May-2018 611

Mayın 14-də Pullman Baku Otelində Dövlət Gömrük Komitəsinin və Açıq Hökumət Platformasının birgə təşkilatçılığı ilə "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda İctimai Müzakirə keçirilib. İctimai Müzakirədə Dövlət Gömrük Komitəsinin rəsmiləri ilə yanaşı, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi davamı olaraq müstəqilliyini bərpa etdikdən sonra qısa dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, demokratik, hüquqi və dünyəvi ölkə, etibarlı tərəfdaş olaraq dünyada nüfuz qazandığını bildirib. Sədr müavini qeyd edib ki, ulu öndərin ideyaları yeni dövrün lideri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək reallığa çevrilir, ölkəmizin hərtərəfli inkişafında, qazanılan nailiyyətlərdə öz tarixi təsdiqini tapır.
Rza Həsənəliyev Prezident İlham Əliyev tərəfindən son illərdə bütün sahələrdə həyata keçirilən iqtisadi islahatlar, bu islahatların ölkəmizin dinamik inkişafında rolu və gömrük orqanlarının bu sahədəki fəaliyyətindən bəhs edərək bildirib ki, ölkənin iqtisadi həyatında olduqca mühüm yerdə dayanan gömrük orqanları beynəlxalq ticarət təchizatının kompleks idarə edilməsində mühüm rola malikdir. Daha sonra komitə rəsmisi ölkə başçısının gömrük sahəsində həyata keçirdiyi islahatlar, bu islahatların iqtisadiyyatın və beynəlxalq ticarətin inkişafındakı rolu, gömrük orqanlarının modernləşdirilməsi, kadrların potensialının gücləndirilməsi, gömrük işinin səmərəli təşkili istiqamətində həyata keçirilən innovasiya layihələrindən bəhs edib.
Açıq Hökumət Platformasının koordinatoru, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev müzakirənin təşkilində göstərilən dəstəyə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib, tədbirin gömrük orqanları ilə vətəndaş cəmiyyəti arasındakı əlaqələrin gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Əliməmməd Nuriyev şəffaflıq və hesabatlılığın dərinləşdirilməsinin vacibliyindən, bunun ölkədə həyata keçirilən islahatların səmərəliliyinin artmasına müsbət təsirindən bəhs edib və gömrük orqanlarında bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər" mövzusunda təqdimatla çıxış edib. Fuad Qasımov gömrük işinin təşkili sahəsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər, bu tədbirlərin şəffaflığın təmin edilməsindəki rolu barədə məlumat verib, gömrük-biznes münasibətlərində subyektiv amillərin aradan qaldırılması, vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi sahəsində atılan addımlardan bəhs edib.
Tədbirdə "Gömrük-biznes əməkdaşlığında elektron xidmətlərin rolu" mövzusunda çıxış edən Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilən informasiya texnologiyaları layihələri, bu layihələrin şəffaflığın təmin edilməsindəki rolu barədə məlumat verib. İ.Babayev onu da bildirib ki, Azərbaycan gömrükçüləri tərəfindən tərtib edilən layihələrin nəinki regional, beynəlxalq səviyyədə gömrük işinin səmərəli şəkildə təşkilinə, sərhədkeçmə prosesinin sürətləndirilməsinə, beynəlxalq ticarətin asanlaşdırılmasına mühüm töhfələr verib və artıq bir sıra ölkələr Azərbaycanın bu sahədəki qabaqcıl təcrübəsindən bəhrələnir.
Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev "Gömrük orqanlarının fəaliyyətinə vətəndaş cəmiyyətinin baxışı" mövzusundakı təqdimatında gömrük orqanları ilə vətəndaşlar arasında qarşılıqlı etimadın əldə olunması, şəffaflığn təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin ümumi işə faydasından bəhs edib, gömrük orqanlarının bu sahədə əldə etdiyi uğurlardan danışıb.
Sonda tədbirdəki çıxışlar ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat Xidməti