"Bitki sağlamlığı, fitosanitar nəzarət və idxal ilə əlaqədar məsələlərin beynəlxalq aspektləri" adlı təlim keçirilir
15-May-2018 426

Mayın 14-də Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün "Bitki sağlamlığı, fitosanitar nəzarət və idxal ilə əlaqədar məsələlərin beynəlxalq aspektləri" adlı təlim işinə başlayıb. Təlim Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin İnkişafına Dəstək" layihəsi çərçivəsində keçirilir.

Tədbirin açılış mərasimində çıxış edən BMT İnkişaf Proqramının Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev Azərbaycan və Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin əhəmiyyətindən, bu məntəqənin infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlərin, beynəlxalq ticarətin təhlükəsizliyinin təmin edilməsi və sürətləndirilməsindəki rolundan bəhs edib.

Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov verilən dəstəyə görə təşəkkürünü bildirib və bu təlimin gömrük əməkdaşlarının sərhədlərdə bitki sağlamlığı, fitosanitar nəzarət sahəsində bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağına və bu istiqamətdə milli təlimçilərin hazırlanmasına dəstək göstərəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, 3 gün davam edəcək təlim çərçivəsində Polşadan olan beynəlxalq ekspert Cazek Zandarski Bitki Mühafizəsi Haqqında Beynəlxaq Konvensiya (İPPC), Avropa İttifaqının bitki sağlamlığına dair tədbirləri və bu sahədə beynəlxalq kontekstin digər elementləri ilə bağlı iştirakçıları məlumatlandıracaq, əldə olunan biliklər çərçivəsində fərdi çalışmalar və müzakirələr aparılacaq.

Təlimdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin, Astara, Balakən, Biləsuvar, Xaçmaz, Tovuz gömrük idarələrinin, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin və Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları iştirak edirlər.

DGK Mətbuat Xidməti