Dövlət Gömrük Komitəsinin sədri Türkiyə Respublikasının səfiri ilə görüşüb
15-May-2018 588

Mayın 15-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyə Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qardaş ölkənin səfiri ilə görüşdən məmnun olduğunu söyləyərək, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə strateji əməkdaşlıq münasibətlərindən bəhs edib. Səfər Mehdiyev diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün iki ölkənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirilir və strateji tərəfdaşlığın dərinləşməsinə nail olunub. Məhz iki ölkə rəhbərinin birgə səyləri nəticəsində, eləcə də tarixi bağlılıq və bugünkü reallıq baxımındandünya miqyasında Azərbaycan ilə Türkiyə bir-birinə ən yaxın, qardaş ölkələrdir.

Komitə sədri ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə ilə əlaqələrə xüsusi önəm verildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, son illər regionda iki ölkənin təşəbbüsü ilə nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələr əlaqələrin bundan sonra da inkişafına öz töhfəsini verəcək.

Azərbaycan və Türkiyə gömrük orqanları arasında əlaqələrə gəlincə, Səfər Mehdiyev əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

Ölkəmizdə biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədri bu islahatların türkiyəli iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Türkiyə Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral öncə Səfər Mehdiyevi Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni-humanitar əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən türkiyəli diplomat Azərbaycanla qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılması üçün çalışdığını qeyd edib. Səfir bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi proseslərində öz töhfəsini bundan sonra da əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

DGK Mətbuat Xidməti