Mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb
08-Avqust-2018 345

Tovuz Gömrük İdarəsinin əməkdaşları mobil telefon və aksesuarlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Vətəndaş sorğu-sual zamanı avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, avtomobilin salonunda qoltuqaltının altında və torpedonun içərisindəki maqnitofonun arxasında - 3 ədəd "Samsung Galaxy J4", 1 ədəd "Samsung Galaxy J5 pro", 2 ədəd "Samsung Galaxy J6" və 1 ədəd "Samsung Galaxy A6" markalı mobil telefonlar, 15 ədəd "qulaqcıq", 15 ədəd USB kabel, 15 ədəd qidalandırıcı və mobil telefon üçün 12 ədəd qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti