Azərbaycan Respublikasının Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis konfransı keçirilib
11-Sentyabr-2018 723

Sentybrın 11-də Azərbaycan Respublikasının Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis konfransı və ilk məclisi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirak ediblər.

Konfrans dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Konfransı AHİK-nın sədri, millət vəkili Səttar Möhbalıyev açıq elan edib və reqlamentə uyğun olaraq, konfransın gündəliyi təsdiq edilərək rəyasət heyəti, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və üzvləri seçilib.

Daha sonra gündəlikdəki  məsələlərin müzakirəsinə başlanıb.

Konfrans iştirakçıları Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis olunması, nizamnaməsinin qəbul edilməsi, Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin AHİK üzvlüyünə daxil olması məsələlərini müzakirə edərək yekdilliklə qəbul edib.

Daha sonra təşkilati məsələlər müzakirə olunub və İbrahimov Səfər Qafar oğlu birliyin sədri seçilib, eyni zamanda, 7 nəfərdən ibarət icra komitəsi yaradılıb.

AHİK sədri Səttar Möhbalıyev Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis edilməsini mühüm hadisə kimi qiymətləndirib və təşkilatın fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün AHİK tərəfindən daim dəstək göstəriləcəyini bildirib.

Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev gömrük xidmətinin, gömrük işçilərinin daim Prezident İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu, onların iş şəraitinin yaxşılaşdırılması, sosial-məişət problemlərinin həlli istiqamətində mühüm addımlar atılğını bildirib. Komitə sədri Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin yaradılmasını da bu istiqamətdə atılan mühüm və mütərəqqi addımlardan biri kimi qiymətləndirib və gömrük işçilərinin sosial məsələlərinin həllində birliyin mühüm rol oynayacağına əminliyini ifadə edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi