Yanacaq çənində xeyli sayda pirotexniki vasitə aşkarlandı
06-Oktyabr-2018 228

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "vaz 21214" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa oturacağının altında yanacaq çənin içərisində xüsusi düzəldilmiş gizli saxlanc yerindən 35 qutu üzərində "Mega Black Devil" yazısı olan pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi