Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
05-Dekabr-2018 254

Dekabrın 5-də sosial şəbəkələr vasitəsilə yayılan videoda gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülüb. Belə ki, videonu lentə alan və yayımlayan şəxs siqaret qutusunun aksiz markasının "GU" hərflərindən ibarət seriyasındakı G hərfinin gömrük mənasını verdiyini iddia edir və müsadirə edilən siqaretin guya gömrük orqanları tərəfindən qeyri-qanuni yolla satışının təşkil olunduğuna eyham vurur.

Dövlət Gömrük Komitəsi bildirir ki, videoda əks olunan siqaret qutusunun üzərindəki "G" hərfi "gömrük" mənasını vermir və aksiz markasının seriyasıdır. Üstəlik bu Azərbaycan əlifbasindakı hərflərdən hər hansı biri də ola bilər.

Onu da qeyd edək ki, gömrük orqanlarının müsadirə edilən siqaretlərin üzərinə aksiz markası vurmaq səlahiyyəti yoxdur və qanunvericiliyə görə gömrük orqanları müsadirə etdikləri tütün məmulatlarını yalnız məhv edir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi