Media nümayəndələri üçün təşkil edilən təlim başa çatıb
15-Mart-2019 298

Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün Şəki şəhərində təşkil etdiyi "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda üçgünlük təlim martın 15-də başa çatıb.

Təlimin sonuncu iş günündə çıxış edən Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı əmin olduğunu bildirib ki, təlim jurnalistlərin gömrük işinin təşkili sahəsində biliklərinin artırılmasında, gömrük-media münasibətlərinin səmərəli şəkildə qurulmasında mühüm rol oynayacaq.

Sonra Baş İdarə rəisinin birinci müavini "Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti" adlı təqdimatla çıxış edərək gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində görülən işlər və nəticələr barədə danışıb.

Daha sonra təlimdə əldə edilən biliklərin qiymətləndirilməsi aparılıb və fərqlənən jurnalistlər mükafatlandırılıb. Təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi