AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Dövlət Gömrük Komitəsinin vəzifələri və funksiyaları

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əsas funksiyaları aşağıdakılardır:

1. Azərbaycan Respublikasında gömrük işini təşkil etmək və onu təkmilləşdirmək;

2. Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirmək;

3. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq;

4. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük ərazisinin vahidliyini təmin etmək;

5. Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etmək;

6. İcrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş gömrük işinə dair və digər qanunvericiliyinə əməl olunmasını təmin etmək;

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş funksiyalara əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

1. Azərbaycan Respublikasının gömrük siyasətinin həyata keçirilməsi üçün hüquqi, iqtisadi, təşkilati mexanizmlər hazırlayır və onların həyata keçirilməsini təmin edir;

2. Azərbaycan Respublikasında gömrük işinin inkişafı proqramını hazırlayır və həyata keçirir;

3. Gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsini təşkil edir, bu cür nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələşdirilməsi və təkmilləşdirilməsi üçün tədbirlər görür;

4. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar barəsində qiymətlərin tənzimlənməsi və digər qeyri-tarif tədbirləri də daxil olmaqla, iqtisadi proqramların işlənib hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində onların həyata keçirilməsini təşkil edir;

5. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan vergilərin, gömrük rüsumlarının, aksizlərin, habelə digər gömrük ödənişlərinin alınmasını, beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə «İcazə» blanklarının verilməsinə görə dövlət rüsumunun tutulmasını təşkil edir;

6. Malların gömrük dəyərinin düzgün müəyyən olunması üzərində nəzarət sistemini təşkil edir;

7. Gömrük rüsumlarının, müvafiq dövlət rüsumlarının, vergilərin vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin edir;

8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda lisenziya və ya ixtisas attestatları verir, onları ləğv edir, yaxud geri alır, reyestrinin aparılmasını təmin edir;

9. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən müvafiq gömrük rejimlərindən səmərəli istifadəni təmin edir;

10. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə dair qaydaların işlənib hazırlanmasını təşkil və onların icrasını təmin edir;

11. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil edir, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görür;

11-1. malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini həyata keçirir;

11-2. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələrini baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə məcburi dezinfeksiya edir;

11-3. başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılmasının təmin edilməsi məqsədi ilə müvafiq ərazi dövlət baytarlıq müfəttişliyinə məlumat verir;

12. Müstəqil surətdə, yaxud zəruri olduqda digər hüquq-mühafizə orqanları cəlb edilməklə gömrük nəzarəti zonası rejiminə riayət olunmasına nəzarəti təmin edir, gömrüyün infrastruktur obyektlərinin mühafizə sistemini təşkil edir, Azərbaycan Respublikasının gömrük sərhədinin qorunması məqsədi ilə digər tədbirlər də həyata keçirir;

13. İcrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş gömrük işi üzrə və digər qanunvericilik aktlarına əməl olunmasını təmin edən tədbirlər sistemini hazırlayır və həyata keçirir;

14. Rezident və qeyri-rezident tərəfindən milli və xarici valyutanın, eləcə də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsinə, habelə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə nəzərdə tutulmuş digər hallarda valyuta nəzarətini həyata keçirir;

15. Qaçaqmalçılığa və gömrük işi sahəsində digər cinayətlərə qarşı mübarizə aparılmasını təşkil edir. Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən bu cür cinayətlər üzrə qüvvədə olan qanunvericilik aktlarına müvafiq olaraq təhqiqat ibtidai istintaq aparılmasını və əməliyyat-axtarış fəaliyyəti həyata keçirilməsini təmin edir;

16. Gömrük qaydalarının pozulmasına və Azərbaycan Respublikasının gömrük orqanlarının nominal fəaliyyətinə qəsd edən inzibati xətalara qarşı mübarizəni təşkil edir;

17. Narkotik vasitələrin və psixotrop maddələrin, silahların, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətləri olan əşyaların, intellektual mülkiyyət obyektlərinin, habelə digər malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə tədbirlər sistemi hazırlayır və həyata keçirir;

17-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və onların qorunması üzrə dövlət siyasətinin hazırlanıb həyata keçirilməsində iştirak edir, öz səlahiyyətləri daxilində bioloji sərvətlərin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi zamanı mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti təmin edir

18. Azərbaycan Respublikasının dəmir yolu vağzallarında, hava və dəniz limanlarında beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarına köməklik göstərir;

5.19. Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən qaçaqmalçılıq və gömrük işi sahəsində digər cinayətlər, gömrük qaydalarının pozulması işləri və Azərbaycan Respublikasının gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən inzibati xətalar haqqında işlər üzrə icraat zamanı, habelə əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən qanunçuluğa əməl olunmasına nəzarəti həyata keçirir;

20. Azərbaycan Respublikasının xarici ticarətinin gömrük və xüsusi gömrük statistikasının aparılmasını təşkil edir;

21. Müəyyən olunmuş qaydada gömrük statistikasına dair və digər gömrük işinə aid məlumatları Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və digər mərkəzi icra hakimiyyəti orqanlarına (onların fəaliyyətinə dair məsələlər üzrə) təqdim edir;

22. Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir;

23. Gömrük işi həyata keçirilərkən fiziki şəxslərin və təsərrüfat subyektlərinin hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görür;

24. Azərbaycan Respublikası gömrük orqanlarının və onların vəzifəli şəxslərinin qərarlarından (o cümlədən normativ aktlarından), hərəkət və hərəkətsizliyindən şikayətetmə üzrə fiziki və hüquqi şəxslərin hüquqlarının reallaşdırılması üçün şərait yaradır;

25. Şikayətlərə və müraciətlərə vaxtında və tam baxılmasını təmin edir; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasını yaradan səbəblərin aradan qaldırılması üçün tədbirlər görür;

26. Öz səlahiyyətləri daxilində gömrük işi üzrə mühüm hüquqi aktların nəşrini təmin edir;

27. Azərbaycan Respublikasında gömrük işinin inkişafı və vəziyyətinə dair məlumat — izahat işləri aparır; bu məqsədlə kütləvi informasiya vasitələrindən və digər təbliğat vasitələrindən istifadə edir;

28. Konkret mallarla və ya təsərrüfat əməliyyatları ilə əlaqədar gömrük işi haqqında qanunvericilik aktlarının tətbiqi məsələləri üzrə öz qərarlarının qəbulu və fəaliyyət göstərməsini təmin edir;

29. Azərbaycan Respublikasında gömrük işi haqqında qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirir və təhlil edir;

30. Gömrük işi məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların işində iştirak edir; Azərbaycan Respublikasının gömrük işinə dair beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini təmin edir;

31. Xarici dövlətlərin gömrük və digər səlahiyyətli orqanları ilə əməkdaşlığı və qarşılıqlı fəaliyyəti həyata keçirir;

32. Gömrük işi sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təşkil edir;

33. Xarici dövlətlərin gömrük siyasətini və bu dövlətlərdə gömrük işinin vəziyyətini öyrənir və təhlil edir;

34. Müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görür;

35. Gömrük idarələri, gömrükxanalar, gömrük postları, gömrük laboratoriyaları, elmi-tədqiqat və tədris müəssisələri, hesablama mərkəzləri yaradır və ləğv edir;

36. Azərbaycan Respublikası gömrük orqanlarının vahid avtomatlaşdırılmış məlumat sisteminin yaradılmasını, fəaliyyət göstərməsini və təkmilləşdirilməsini təmin edir;

37. Azərbaycan Respublikasında gömrük işinin inkişafı üzrə həyata keçirilən tədbirləri maliyyələşdirir;

38. Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf Fondunu idarə edir və onun üzərində sərəncam verir;

39. Gömrük orqanlarının, gömrük laboratoriyalarının, tabeçiliyində olan digər idarə, müəssisə və təşkilatların maddi-texniki və sosial bazasını inkişaf etdirir;

40. Gömrük orqanlarının vəzifəli şəxslərinin, gömrük laboratoriyalarının, həmçinin tabeliyindəki digər idarələrin, müəssisələrin, təşkilatların işçilərinin dövlət və sosial müdafiəsini, fiziki hazırlığını təmin edir, onların tibbi təminatını həyata keçirir;

40-1. Xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq edir;

41. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə edilmiş digər vəzifələri yerinə yetirir.

 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az