Gömrük orqanlarına xidmətə qəbulun ümumi prinsipləri

1. Ümumi müddəalar

Gömrük orqanlarına xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010 tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir.
Müsabiqə iki mərhələdən ibarətdir:
  1. Test üsulu ilə yazılı imtahandan.
  2. Müsahibədən.
Yuxarıda qeyd olunan qaydalara əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar müsabiqədə iştirak edə bilməzlər.
Gömrük orqanlarının hüququ mühafizə orqanları statusuna malik olduğunu nəzərə alaraq qeyd olunan əsasnaməyə uyğun olaraq yaşı 30-u keçməmiş və gömrük işi ixtisası üzrə ali təhsilə malik olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.

2. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı:

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:

  1. ərizə (xüsusi formada doldurulur);
  2. şəxsiyyəti təsdiq edən sənəd;
  3. əmək kitabçası;
  4. müvafiq ali təhsilə və digər əlavə təhsil haqqında sənədlər (diplom);
  5. sağlamlıq haqqında tibbi arayış;
  6. tərcümeyi-hal (ata, ana, ər (arvad), oğul, qız, qardaş, bacı, yaxud himayəsində olduğu şəxslərin soyadı, adı, atasınınm adı, təhsili, iş, və yaşayış yerləri haqqında məlumatlar);
  7. hərbi bilet.
Vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul olunarkən təqdim edilmiş sənədlər müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır. Yoxlama nəticəsində vətəndaşın gömrük orqanlarına xidmətə qəbul olunmasına maneçilik törədən hallar müəyyən olunduqda, ona gömrük orqanlarına xidmətə qəbul olunmasından imtinanın səbəbləri barəsində bir ay müddətində məlumat verilir.

İmtahanda iştirak etmiş, lakin müsabiqədən keçməyən namizədlərdən növbəti 1 il ərzində ərizə qəbul edilmir.

3. Test imtahanının keçirilmə qaydaları

  1. Test imtahanı sual kitabçasından və Cavab kartından istifadə etməklə həyata keçirilir.
  2. Sual kitabçası 100 sualdan ibarətdir və 2 (iki) saat müddətində hər bir namizəd həmin sualları cavablandırmalıdır.
  3. Namizədlər imtahanın başlanmasına azı bir saat qalmış "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən imtahan keçirilən binanın qarşısına gəlməlidirlər.
  4. İmtahana gəlmiş namizəd binanın giriş hissəsində "İmtahana buraxılış vərəqəsi"ni şəxsiyyət vəsiqəsini və hərbi biletini təqdim edərək yoxlamadan keçir. Binanın mühafizə xidmətinin əməkdaşı namizədin binaya daxil olmasına, imtahan üçün ayrılmış zalda öz yerini tutmasına nəzarət edir.
  5. Hər bir stol arxasında bir namizəd əyləşə bilər. Namizədlər auditoriyalarda öz yerlərini tutduqdan sonra imtahanın başlanmasına 15 dəqiqə qalmış imtahan nəzarətçisi cavab kartı zərfinin möhürünü açır, cavab kartını paylayır və doldurma qaydalarını izah edir. İmtahan rəhbəri imtahanın başlanmasını elan edir, sual kitabçaları zərfini açır və onların paylanmasını təmin edir.
  6. Cavab kartındakı məlumatlar şəxsən namizəd tərəfindən doldurulur və imzalanır. Cavab kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və yanlış cavab kimi qiymətləndirilir.
  7. İmtahan başa çatdıqdan sonra namizəd cavab kartını nəzarətçiyə təhvil verir və imtahanın nəticələrini öyrənənə qədər zalda gözləmək hüququna malikdir.
  8. İmtahanın başa çatması barədə protokol tərtib edilir. Həmin protokol imtahan rəhbəri və nəzarətçilər tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir və Komissiyaya təqdim edilir.

4. Cavab kartlarının yoxlanılması və balların hesablanması

  1. Cavab kartlarının yoxlanılması və balların hesablanması avtomatlaşdırılmış qaydada kompüter vasitəsilə həyata keçirilir.
  2. İmtahanda hər bir sualın düzgün cavabı 1(bir) balla, yanlış cavab isə 0(sıfır) balla qiymətləndirilir. Nəticələr hesablanarkən yanlış cavabların sayı düzgün cavabların sayına mənfi təsir göstərmir.
  3. Test imtahanında hər istiqamət üzrə düzgün cavabların sayı 50%-dən az olmamaq şərti ilə ümumi balı 80-dən az olmayan namizədlər test imtahanından keçmiş hesab olunur və müsahibəyə buraxılırlar.
  4. Test imtahanı başa çatdıqdan sonra 3 gündən gec olmayaraq müsabiqənin nəticələri və müsahibə iştirakçılarının siyahısı elan olunur.

5. Müsahibənin keçirilməsi

  1. Namizədlərin gömrük orqanlarında işləmək üçün tələb olunan keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə test imtahanından müvəffəqiyyət qazanan namizədlər ilə müsahibə keçirilir.
  2. Hər bir namizədlə söhbət aşkarlıq şəraitində fərdi qaydada 30 dəqiqəyədək müddət ərzində aparılır. Namizədə onun Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikasının qanunvericiliyinə dair biliyinin, gömrük işi və iqtisadi siyasətlə bağlı normativ-hüquqi aktların tətbiq edilməsi sahəsində bilik və bacarığının, həmçinin, işgüzarlıq səviyyəsinin, mənəvi keyfiyyətlərinin, xidmətə, xidməti intizama, etik davranış və məsuliyyət prinsiplərinə münasibətlərinin müəyyən edilməsi üçün müvafiq suallar verilir.
  3. Test imtahanından və müsahibədən müvüəffəqiyyətlə çıxmış namizədlər müsabiqədən keçmiş hesab edilirlər.
  4. Müsabiqənin nəticələrinə görə gömrük orqanlarına işə qəbul olunmağa tövsiyə edilmiş namizədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədrinə təqdim edilir. Dövlət Gömrük Komitəsinin Sədri təqdim olunmuş namizədlərin vakant vəzifələrə təyin edilməsi məsələsinə baxır.
  5. Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərin sayı gömrük orqanlarında vakant yerlərin sayından artıq olduqda onlar kadr ehtiyatına daxil edilirlər və müvafiq ştat üzrə il ərzində vakant yerlər yarandıqda həmin vəzifələr ehtiyat kadrlara təklif olunur.
  6. Təklif edilən iki boş vakant yerdən imtina edən (eyni iş təkrarən bir neçə dəfə təklif oluna bilməz) və ya bir ildən sonra namizədlər ehtiyat kadr siyahılarından çıxarılırlar.

6. Test imtahanının proqramı

Dövlət Gömrük Komitəsində keçirilən test imtahanlarının sualları gömrük işinin aşağıdakı iki əsas istiqamətni (sahələrini) əhatə edir:

Birinci istiqamət - namizədlərin peşə-ixtisas bilikləri səviyyəsinin müəyyənləşdirilməsi üçün aşağıdakı istiqamətləri əhatə edir:
  1. Gömrük orqanlarında xidmət;
  2. Gömrük nəzarəti;
  3. Gömrük tarifi;
  4. Gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti;
  5. Göstərilən istiqamətlərin məzmunu aşağıdakıları əhatə edir:
1) Gömrük orqanlarında xidmət
  • gömrük orqanlarında xidmətin xüsusiyyətləri
  • gömrük orqanlarında xidmətə qəbulun prinsipləri
  • gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət və sosial müdafiəsi
2 ) Gömrük nəzarəti
  • Gömrük işi və gömrük siyasətinin mahiyyəti
  • mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin prinsipləri
  • gömrük rejimləri
  • gömrük rəsmiləşdirilməsi
  • müvəqqəti saxlanc
  • malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydası
  • gömrük nəzarəti
  • xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
  • gömrük statistikası
  • fiziki şəxslər tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydası
  • gömrük brokeri
  • gömrük və müvəqqəti saxlanc anbarı
  • yük gömrük bəyannaməsinin doldurulması qaydası
  • ixrac nəzarəti
  • əqli mülkiyyət obyektləri üzərində gömrük nəzarəti
  • gömrük güzəştləri
  • xarici ticarətdə idxal və ixrac əməliyyatları
  • beynəlxalq yük və sərnişin daşımalarının xüsusiyyətləri
3) Gömrük tarifi
  • gömrük rüsumları
  • malın gömrük dəyərinin müəyyən edilməsi
  • malın mənşə ölkəsi
  • tarif güzəştləri və preferensiyaları
  • gömrük ödənişləri və onların hesablanması
  • valyuta nəzarəti
4) Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti
  • gömrük işi sahəsində cinayətlər
  • gömrük orqanlarının təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyəti
  • gömrük qaydaları əleyhinə inzibati xətalar
  • gömrük qaydaları əleyhinə inzibati xətalar üzrə işlərin icraatı və həmin işlərə baxılma
  • gömrük qaydaları əleyhinə inzibati xətalar üzrə işlərə baxılarkən yerinə yetirilən prosessual hərəkətlər
  • inzibati tənbeh
İkinci istiqamət - namizədlərin şəxsi keyfiyyətlərinin və ümumi dünyagörüşünün müəyyənləşdirilməsi üçün aşağıdakıları əhatə edir:

  1. ümumi dünyagörüşü;
  2. nizam-intizam və liderlik;
  3. kollektivdə işləmək qabiliyyəti;
  4. təşəbbüskarlıq;
  5. novatorluq;
  6. ünsiyyət mədəniyyəti;
  7. məntiqi düşüncə.

7. Test suallarının tərtibində istifadə olunan ədəbiyyatların siyahısı

Gömrük orqanlarında xidmətə qəbul (mobil qruplardan başqa) imtahanlarında bölmələr üzrə suallarln sayı:

Sahələr

Sualların sayı

İstifadə olunan ədəbiyyatlar
Gömrük işinin təşkili
20

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, "İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu",
Azərbaycan Respublikasının Prezidentinin Fərmanları,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları,
Dövlət Gömrük Komitəsinin Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş normativ hüquqi sənədləri,Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris olunan, elmi araşdırmalarda istifadə olunan və Azərbaycan Respublikasında nəşr olunan gömrük sahəsinə aid olan digər əlavə ədəbiyyatlar.

Gömrük hüquqpozmalarına qarşı mübarizə
20

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi,
Azərbaycan Respublikasının Əmək, Mülki, Mülki Prosessual, Cinayət, Cinayət Prosessual və İnzibati Xətalar Məcəllələri, Azərbaycan Respublikasının Prezidentinin Fərmanları,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları,
Dövlət Gömrük Komitəsinin Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş normativ hüquqi sənədləri,
Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris olunan, elmi araşdırmalarda istifadə olunan və Azərbaycan Respublikasında nəşr olunan gömrük sahəsinə aid olan digər əlavə ədəbiyyatlar.

Maliyyə-tarif və valyuta nəzarəti
20

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi,
"Gömrük Tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu,
Azərbaycan Respublikasının Prezidentinin Fərmanları,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları,
Dövlət Gömrük Komitəsinin Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş normativ hüquqi sənədləri,Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris olunan, elmi araşdırmalarda istifadə olunan və Azərbaycan Respublikasında nəşr olunan gömrük sahəsinə aid olan digər əlavə ədəbiyyatlar.

Statistika
10

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi,
Azərbaycan Respublikasının Prezidentinin Fərmanları,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları

Informasiya kommunikasiya texnologiyaları
10

Tayyip Oral, Etibar Seyidzadə Magistraturaya hazırlıq, Məntiq və informatika, 2010
Виталий Леонтьев – Microsoft Office, 2007
Microsoft Office 2007 və Microsoft Office 2010 ilə işləmək qaydalarına aid istənilən vəsait

Ümumi hissə və ya əlavə blok
10

Tayyip Oral, Etibar Seyidzadə - Magistraturaya hazırlıq, Məntiq və informatika, 2010
Məlik-Baxış Babayev, Elşən Qurbanov – Məntiqlə düşün, 2008
Məlik-Baxış Babayev – Zəka oyunları, Məntiqdən məsələlər, 2005

Gömrük hüququ
6

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi,
"Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə,
Azərbaycan Respublikasının Prezidentinin Fərmanları,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları

Audit və risk analizləri
4

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları

CƏMİ
100