Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının təmin
olunmasında, o cümlədən regionlarda sahibkarlığın daha geniş
yayılmasında və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasında müasir
tipli yolların əhəmiyyəti çox böyükdür. Bu məqsədlə son illər ölkədə
dövlət büdcəsinin vəsaiti və beynəlxalq maliyyə-kredit təşkilatlarından
cəlb olunan kredit hesabına mövcud avtomobil yollarının yenidən
qurulması və yenilərinin tikintisi sahəsində genişmiqyaslı işlər həyata
keçirilir.
Bu sahədə görülən işlərin sürətləndirilməsini, avtomobil yolları
şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə
saxlanılmasını təmin etmək məqsədi ilə və “Büdcə sistemi haqqında”
Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq qərara
alıram:
1. Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondu yaradılsın.
2. Müəyyən edilsin ki, “Avtomobil yolları” Məqsədli Büdcə Fondu dövlət
büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
2.1. yol vergisi;
2.2. mülkiyyətində və ya istifadəsində
olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata
keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi;
2.3. idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər;
2.4. idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu;
2.5. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil
daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu;
2.6. nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin,
qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün
tutulan dövlət rüsumu.
3. Müəyyən edilsin ki, “Avtomobil yolları” Məqsədli Büdcə
Fondunun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər
dairəsində sərəncamçısı Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyidir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki,
“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində
ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil
yollarının saxlanması və istismarı üçün xərclənməsi qaydalarını 15 gün
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu Sərəncam 2007-ci il yanvarın
1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti.
Bakı şəhəri, 12 oktyabr 2006-cı il