FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİN NƏZƏRİNƏ!
Siz xarici iqtisadi fəaliyyətiniz barədə məlumatları elektron gömrük xidmətlərinin bu bölməsindən istifadə etməklə Dövlət Gömrük Komitəsinin internet saytından əldə edə bilərsiniz. Bu məqsədlə Dövlət Gömrük Komitəsinə yazılı qaydada müraciət etmək və müqavilə sənədini imzalamaq tələb olunur.
Müqaviləni imzalamaq məqsədilə aşağıdakı sənədləri Komitəyə təqdim edin:
Hüquqi şəxsləri üçün:
- İmzalanmış və möhürlənmiş müqavilə (müqavilənin tarixi və nömrəsi DGK-da yazılır)
- Xidmətdən istifadə etmək üçün DKG-ya rəsmi müraciət məktubu
- Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin (VÖEN) surəti;
- Kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin dövlət reyestrindən çıxarış sənədinin notarial qaydada təsdiq olunmuş surəti
Fiziki şəxslər üçün:
- Xidmətdən istifadə etmək üçün DKG-ya rəsmi müraciət məktubu
- Müqavilə (fiziki şəxslər ya müqavilənin hazırlanması və özləri tərəfindən imzalanması məqsədilə DGK-ya gəlməli, ya da qabaqcadan hazırlanmış və notarial qaydada təsdiq olunmuş müqaviləni DGK-ya şəxsən təqdim etməlidirlər)
- Hüquqi şəxs yaratmadan xarici iqtisadi fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün VÖEN olmadıqda Gömrük Ödənişlərinin Ödəyicisinin Eyniləşdirmə Nömrəsininin (GÖÖEN) surəti
- Şəxsiyyət vəsiqəsinin surəti
Qeyd: Müqavilənin nömrəsi və tarixi Dövlət Gömrük Komitəsində müəyyən olunacaqdır. Müqavilə formasını( yükləyin);
Xidmətin göstərilməsi əlaqədar DGK əlavə sənədlər tələb edə bilər.
Komitəyə müraciətiniz daxil olduqdan sonra və müqavilə imzalandıqdan sonra, Sizə bir ay müddətində İstifadəçi Adı və Şifrə verilir. İstifadəçi adı və şifrəni qəbul etmək üçün Komitəyə mütləq qaydada hüquqi və fiziki şəxslərin özləri və ya onların səlahiyyətli nümayəndələri gəlməlidirlər. Səlahiyyətli nümayəndə gələrkən onun səlahiyyətlərini təsdiq edən məktub və şəxsiyyətini təsdiq edən müvafiq sənəd olmalıdır.
Nəzərinizə çatdırırıq ki, kommersiya sirri hesab edilən məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində qorunur və üçüncü şəxslərə verilmir.
Fiziki və hüquqi şəxslər DGK tərəfindən onlara şəxsən təqdim edilmiş İstifadəçi adı və Şifrənin qorunmasına və üçüncü şəxslərə ötürülməsinə görə məsuliyyət daşıyırlar.
İstifadəçi adı və Şifrənin itirildiyi halda və ya üçüncü şəxslər tərəfindən istifadə olunması müəyyən olunduqda DGK-ya dərhal məlumat verilməlidir.
|
Azərbaycan Respublikası Gömrük Məcəlləsindən çıxarış:
Maddə 16. Azərbaycan Respublikası gömrük orqanlarına gömrük məqsədləri üçün verilən məlumatlara münasibət
Bu Məcəlləyə və gömrük işi üzrə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq dövlət orqanları, idarələr, müəssisələr, təşkilatlar və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası gömrük orqanlarına verilən məlumatlar yalnız gömrük məqsədləri üçün istifadə edilə bilər.
Dövlət, kommersiya, bank sirlərindən və qanunla qorunan digər sirlərdən ibarət olan məlumatlar, həmçinin gizli məlumatlar yayılmır, Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən şəxsi məqsədlərlə istifadə edilmir, Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə üçüncü şəxslərə verilmir.
Maddə 208. Statistika məqsədləri üçün istifadə olunan sənədlər və məlumatlar
Statistika məqsədləri üçün istifadə olunan sənədlər və məlumatlar bu Məcəllənin gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin həyata keçirilməsi qaydaları haqqında müddəalarına uyğun olaraq tərtib olunur.
Statistika məqsədləri üçün tərtib edilən məlumat sirr hesab edilir və ona bu Məcəllənin 16-cı maddəsi şamil edilir.
|