State Customs Committee history

Azərbaycan gömrük xidmətinin inkişaf strategiyasının Heydər Əliyev yolu

Azərbaycanın XXI əsrin astanasında müstəqillik əldə etməsi onun tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Milli sərvətimiz olan müstəqilliyimizin dönməz xarakter alması, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti dünya dövlətləri sırasında Azərbaycanımızın özünə layiqli yer tutmasında mühüm rol oynamışdır. 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın yüksələn xətlə inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan uğurlu gömrük siyasətilə də bilavasitə bağlıdır. Belə ki, ölkəmizdə qısa bir zamanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılmışdır.

Hər bir ölkənin dövlətçiliyi sərhəddən başlayır, mükəmməl siyasətin əsas konturları elə sərhəd dirəkləri ilə müəyyənləşir. Azərbaycanın daim artan nüfuzu gömrük orqanlarında uğurların təminatçısı olmuş, dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilməsində əvəzolunmaz rol oynamışdır. Etibarlı gömrük xidməti isə hər bir zaman dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunur.

Azərbaycan dövlətinin iqtisadi strategiyasının həyata keçirilməsində, dövlətçilik təməlinin möhkəmləndirilməsində gömrük xidməti önəmli mövqeyə malikdir.

Odlar Yurdu Azərbaycan dünyanın çox qədim tarixə və zəngin mədəniyyətə malik məmləkətlərindən, bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biridir. Avropanı Asiya ilə birləşdirən məşhur «İpək Yolu»nun Azərbaycandan keçməsi, Şərqlə Qərb və Cənubla Şimal arasında ticarət karvanlarının bir məkanda qovuşması nəticəsində bu diyarda ticarət və sənətkarlıq inkişaf etmişdir. Orta əsrlərə aid sənədlər sübut edir ki, Azərbaycanın xarici ticarət əlaqələrinin çox qədim tarixi var. Belə ki, hələ IX yüzillikdə Azərbaycan ərazisində artıq gömrük vergiləri tətbiq olunurdu.

XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə qədər (Səfəvilər dövrü gömrük tarixinin ən parlaq səhifələrindən biridir), yəni Azərbaycanın Çar Rusiyası tərəfindən işğalına qədər burada sərbəst vergi və gömrük siyasəti yeridilirdi. Rusiyanın bu yerlərə marağının artması, XIX yüzillikdə regionda yaranmış gərgin ictimai-siyasi vəziyyət Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsi ilə nəticələndi və imperiyanın iqtisadi sərhədləri cənuba doğru xeyli irəliləmiş oldu. Bakı şəhərində gömrükxana Rusiya İmperatoru I Aleksandr tərəfindən Rusiya İmperiyası Senatına 25 yanvar (9 fevral) 1807-ci ildə təqdim olunmuş «Bakı şəhərində gömrükxananın təsis edilməsi barədə» Fərmanla yaradılmış və Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdi. Sonralar Azərbaycanda Astara və Culfa gömrük məntəqələri də açılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra ölkə rəhbərliyi gömrük işinin təşkili və idarə edilməsi istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə qərar vermişdi. Lakin cəmi 23 ay mövcud olan müstəqil Azərbaycan dövlətinin digər mühüm fəaliyyət sahələri kimi, gömrük işinin inkişafı da tamamlanmadı. Çar Rusiyasının xələfi olan Sovet İttifaqında xarici ticarətin dövlət inhisarına keçməsi ilə gömrük xidmətinin əhəmiyyəti azaldılmış və müxtəlif iqtisadi orqanlara tabe etdirilmişdi.

Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. Yarandığı ilk illərdən milli gömrük sistemi diletantların sayəsində irəli getmək əvəzinə günü-gündən gerilədi. Qeyri-peşəkar kadrlar, sovetlərdən qalma gömrük qanunvericiliyi, köhnə inzibati binalar, ən sadə texniki vasitələri belə olmayan keçid məntəqələri - bütün bunlar o dövrün gerçəklikləri idi.

Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Gömrük Komitəsinin yaradıldı və beləliklə, əsl milli gömrük xidmətinin formalaşdırılması istiqamətində mühüm addım atıldı.

1993-cü ildə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu. Həmin vaxtdan başlayaraq, respublikanın ictimai-siyasi həyatında baş verən müsbət dəyişikliklər, siyasi və iqtisadi sahələrdə islahatların ardıcıl şəkildə aparılması, dövlətin bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığını nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırıldı. Yeni tarixi şərait, ölkəyə investisiya təyinatlı malların idxalının artımı xarici iqtisadi fəaliyyəti tənzimləyə biləcək çevik gömrük siyasətinin həyata keçirilməsini, bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığa sağlam rəqabət şəraitinin yaradılmasını tələb edirdi.

1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti yanında geniş tərkibdə keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinin fəaliyyəti müzakirə edildi. Dövlət Gömrük Komitəsinin fəaliyyətini və yol verilmiş nöqsanları hərtərəfli təhlil edən Azərbaycan Prezidenti Heydər Əliyev öz tövsiyələrini verərək qeyd etdi ki, "biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici- iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin".

1995-ci il yanvar ayının 17-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kəmaləddin Fəttah oğlu Heydərov Dövlət Gömrük Komitəsinin sədri təyin edilmişdir.

Prezident Heydər Əliyevin sərəncamına əsasən, 1997-ci ildən etibarən 30 yanvar tarixinin gömrükçülərin peşə bayramı günü kimi qeyd edilməsi Ulu Öndərin bu orqanın fəaliyyətinə verdiyi çox yüksək qiymətin, diqqət və qayğının bariz təzahürü idi. Azərbaycanda gömrük işinin möhkəm təməllər üzərində inkişafına böyük məsuliyyət hissə ilə yanaşan və bu sistemin təkamül yolu ilə dünya standartları səviyyəsinə çatdırılmasının vacibliyini başa düşən Dövlət Gömrük Komitəsinin ən sıravi əməkdaşından rəhbərliyə qədər hər birinin gərgin əməyi və xidmətləri danılmazdır.

Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

Öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurmağa çalışan Dövlət Gömrük Komitəsi son illər xarici ölkələrin gömrük orqanları ilə işgüzar əlaqələr yaratmaqla əməkdaşlığı genişləndirmiş, dünyanın qabaqcıl ölkələrinin təcrübələrindən bəhrələnməklə milli gömrük qanunvericiliyinin tələblərinə uyğun respublikamızın iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasında, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasında, iqtisadi islahatların dərinləşdirilməsində, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşdırılmasında mühüm rol oynayır. Nəticə etibarilə, gömrük siyasəti xarici əlaqələrdə öz əksini taparaq iqtisadiyyatın möhkəmlənməsinə və genişlənməsinə xidmət edir. Dünyanın inkişaf etmiş ölkələrin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycan gömrük sisteminin uğurlu gələcəyindən xəbər verir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatına 1992-ci ilin iyun ayından üzv qəbul edilmişdir. Eyni zamanda, Dövlət Gömrük Komitəsi 1999-cu ildən ÜGT-nin Maliyyə Komitəsində, 2000-ci ildən isə ÜGT-nin ali orqanı-Siyasi Komissiyasında, 2002-ci ildən isə Gömrük Əməkdaşlıq Komitəsində təmsil olunmuşdur.

Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 44-cü sessiyasının 2000-ci ilin dekabr ayında müstəsna hal kimi Bakı şəhərində keçirilməsi (Azərbaycan Müstəqil Dövlətlər Birliyində belə bir tədbirin həyata keçirildiyi ilk ölkə oldu) və sessiya iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən qəbulu dövlət başçısının bu sahəyə xüsusi diqqətini, Azərbaycan gömrük təşkilatının qısa bir müddətdə həqiqətən inkişaf etdiyini və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, dünya dövlətlərinin gömrük xidmətləri ilə sıx əməkdaşlığını əyani olaraq bir daha göstərdi.

Azərbaycanın beynəlxalq gömrük əməkdaşlığı sahəsində atdığı müsbət addımların nəticəsi olaraq 1996-cı ildə Avropa Birliyi və ona üzv olan dövlətlərlə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. Elə həmin ildə ölkəmiz "BYD kitabçasının tətbiqi ilə Beynəlxalq Yükdaşımalar üzrə Gömrük KonvensiyasT'na, 2000-ci ilin may ayında "Malların Təsviri və Kodlaşdırılması üzrə harmonikləşdirilmiş Sistemə dair Beynəlxalq Konvensiya"ya, həmin ilin fevral ayında "Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında" Beynəlxalq Konvensiyaya (Cenevrə Konvensiyası, 1982-ci il), 2002-ci ilin fevral ayında "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatların aparılması və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya"ya (Nayrobi Konvensiyası), 2003-cü ilin dekabr ayında isə "Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizə edilməsi haqqında Beynəlxalq Konvensiya"ya (Kioto Konvensiyası) qoşulmuşdur. Həmçinin, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE), İNTERPOL, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat (GUAM), Beynəlxalq Yol İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), BMT-nin Mərkəzi Asiya, Azərbaycan və Əfqanıstan üçün Xüsusi Proqramı (SPECA) və neçə-neçə bu qəbildən beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq DGK-nın fəaliyyət dairəsinin genişliyini təsdiqləyir.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi bir sıra beynəlxalq təşkilatların üzvü kimi onların fəaliyyətində yaxından iştirak edir və milli təəssübkeşliklə ölkəmizin üzləşdiyi problemləri yüksək kürsülərdən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Dağlıq Qarabağ problemi DGK-nın iştirak etdiyi bütün beynəlxalq konfrans, forum və seminarlarda, təşkil etdiyi sərgilərdə gündəmə gətirilir və erməni separatçıları tərəfindən işğal olunmuş və nəzarətsiz qalmış Azərbaycan ərazilərindəki digər problemlər-maddi-mədəni sərvətlərin daşınaraq mənimsənilməsi, narkotik vasitələrin istehsalı və dövriyyəsi, hətta Avropaya göndərilən narkotiklərin emalı üçün fəaliyyət göstərən xüsusi laboratoriyaların mövcudluğu da faktlarla açıqlanır.

Azərbaycan Respublikasının gömrük işinə dair qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə 1995-ci ildə "Gömrük tarifi haqqında", 1997-ci ildə "Azərbaycan Respublikasının Gömrük Məcəlləsi" (2011-ci ilin sentyabr ayında artıq yeni Gömrük Məcəlləsi qəbul edilib) və 1998-ci ildə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında" Əsasnamə, 1999-cu ildə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə, həmçinin 2001-ci ildə gömrük orqanlarının şərəf və şöhrət rəmzi olan "Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında" və "Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında" qanunlar qəbul edilmişdir. 2001-ci ildə isə Dövlət Gömrük Komitəsinin Kollegiyası tərəfindən "Gömrük orqanı vəzifəli şəxsinin Şərəf Kodeksi" qəbul edilmişdir. Bu qanunların hər biri gömrük orqanlarının yerinə yetirməli olduğu vəzifə və səlahiyyətlərini daha aydın şəkildə müəyyən edir.

Bir sözlə, DGK-nın fəaliyətini nizamlayan-gömrük nəzarəti, iqtisadi, statistik və hüquq-mühafizə xarakterli nəzəri-praktik əhəmiyyət kəsb edən sazişlər, müqavilələr, onların icra mexanizminə dair müxtəlif qərarlar, təlimatlar, əsasnamələr, qaydalar, konsepsiyalar, metodiki göstərişlər və s. hazırlanmış, təsdiq və tətbiq edilmişdir.

"Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən 'İcazə Sistemi" haqqında Əsasnamə", "Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları" və neçə-neçə bu qəbildən sənədlərin hazırlanaraq həyata keçirilməsi gömrükxidmətinin daha da təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdəndir.

2000-ci ildə Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasının, 2003-cü ildə isə Bakıda Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin və DGK-nın dünya standartlarına cavab verən Kinoloji Xidmət Mərkəzinin açılış mərasimləri həyata keçirilmişdir. 2006-cı ildə Dövlət Gömrük Komitəsində İnformasiya-Sorğu Mərkəzi və müasir Server Xidməti istifadəyə verilmiş, 2011-ci ildə isə ÜGT-nin Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin açılış mərasimi həyata keçirilmişdir.

«Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı»nda nəzərdə tutulan «Azərbaycan Respublikasının gömrük qanunvericiliyi kitabının üç cildi və yeni "Azərbaycan Respublikasının Gömrük Məcəlləsi" kitabı çapdan çıxmış və ictimaiyyətə təqdim edilmişdir.

Bir sözlə, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, onun diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrilmiş gömrükxidmətinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında vüsətli inkişafından çox böyük fərəh və iftixar hissi ilə danışmaq olar.

Prezident Heydər Əliyevin DGK-nin 5 illik yubileyində cıxışı (30.01.1997)


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi - 25 il