Elanlar

"Yaşıl dəhliz" istifadəçilərinin nəzərinə!

"Yaşıl dəhliz" istifadəçilərinin idxal-ixrac əməliyyatları zamanı beynəlxalq daşımalarda BYD kitabçalarının (TIR carnet) gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarının tətbiqi barədə

Xarici ticarət iştirakçıları tərəfindən "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə həyata keçirilən idxal-ixrac əməliyyatları çərçivəsində yerinə yetirilən beynəlxalq daşımalarda BYD kitabçalarından istifadə edildiyi təqdirdə, bu daşımaları həyata keçirən milli və beynəlxalq daşıyıcıların BYD kitabçalarının rəsmiləşdirilməsi üçün gömrük orqanlarına gəlməsinin bir qayda olaraq istisna edilməsi məqsədilə Dövlət Gömrük Komitəsi sədrinin 10 iyun 2019-cu il tarixli 1000/157 nömrəli Sərəncamı ilə müvafiq texnoloji sxem təsdiq edilmişdir.

Texnoloji Sxemə uyğun olaraq, BYD kitabçalarının sadələşdirilmiş qaydada rəsmiləşdirilməsi aşağıdakıları nəzərdə tutur:

1. "Yaşıl dəhliz" istifadəçilərinin ixrac əməliyyatları çərçivəsində yerinə yetirilən beynəlxalq daşımalar zamanı BYD kitabçası rəsmiləşdirilməsi üçün nəqliyyat vasitəsinin ölkə ərazisini tərk etmək məqsədilə daxil olduğu gömrük sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanı tərəfindən həyata keçirilir.

2. "Yaşıl dəhliz" istifadəçilərinin idxal əməliyyatları çərçivəsində yerinə yetirilən beynəlxalq daşımalar zamanı BYD kitabçasının müvafiq komplektinin 1 nömrəli vərəqi nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olduğu gömrük sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanı tərəfindən rəsmiləşdirilir. Mallar idxalatçının anbarında boşaldıqdan sonra, daşıyıcı BYD kitabçasının rəsmiləşdirilməsnin (2 nömrəli vərəqin) tamamlanması məqsədilə aşağıdakı gömrük orqanlarından birinə müraciət edə bilər:

  •  İdxalatçının fəaliyyət göstərdiyi ərazi üzrə gömrük orqanına
  •  Daşıyıcının ölkə ərazisini tərk etmək üçün daxil olduğu gömrük sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanına
  •  Daşıyıcının marşrut boyu seçdiyi istənilən digər gömrük orqanına

İdxal-ixrac əməliyyatları zamanı beynəlxalq daşımalarda gömrük nəzarəti və rəsmiləşdirilməsi üzrə sadələşdirilmiş prosedurları nəzərdə tutan hazırkı mexanizm barədə "Yaşıl dəhliz" istifadəçiləri tərəfindən daşıyıcıların məlumatlandırılmasını tövsiyə edirik.