Qahirədə Azərbaycan gömrükçüləri üçün təlim kursu keçirilmişdir
13-Yanvar-2009 1098

Ötən ayın 15-dən 25-dək Misir Ərəb Respublikasının Qahirə şəhərində Azərbaycan Gömrük Xidmətinin nümayəndələri üçün gömrük işi üzrə təlim kursu keçirilmişdir. Tədbiri Misirin MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondu təşkil etmişdir.

Nümayəndə heyətimizin başçısı Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin böyük inspektoru Səməd Qaralov qəzetimizin əməkdaşı ilə söhbətində bildirmişdir ki, Milli Araşdırmalar Mərkəzində keçirilən kursun açılış mərasiminə Misirin MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun Baş katibinin köməkçisi Valid Şəms və sözügedən Mərkəzin nümayəndələri qatılmışlar. Tədbirdə Misir Gömrük Xidmətinin Gömrük İşinin İnkişafı və Reforması Mərkəzi İdarəsinin rəisi, professor Əsam Məhəmməd Əli çıxış etmiş və Misirin gömrük xidmətinin strukturu və fəaliyyəti barədə məlumat vermişdir.

Bildirilmişdir ki, Misirin gömrük xidməti Maliyyə Nazirliyinin tərkibinə daxildir və bu xidmətin rəbbəri maliyyə nazirinin birinci müavinidir. Gömrük Xidmətinin tərkibində səkkiz regional gömrük idarəsi var ki, bunlardan aparıcı olanları da Qahirə, İskəndəriyyə və Port Səid Gömrük İdarələridir. Baza rolunu isə İskəndəriyyə Gömrük İdarəsi həyata keçirir. Vurğulanmışdır ki, əvvəllər Misirdə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə 22 gün vaxt sərf olunurdusa, indi yeni norma və texnologiyaların tətbiqi nəticəsində bu müddət bir günə endirilmişdir. Buna Misir Gömrük Xidmətində malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı "Prinsip One Stop-Shop" - "bir dayanacaq prinsipi" və "Risklərin idarə edilməsi" sisteminin tətbiqi sayəsində nail olunmuşdur.

Təlim kursunun növbəti günləri də maraqlı məruzələrlə zəngin olmuşdur. Gömrük rüsumları və qaçaqmalçılıq mövzusunda çıxış edən Gömrük Siyasətinin Təşkili İdarəsinin rəisi, professor Muhəmməd Əli İsmayıl bildirmişdir ki, Misirdə ilk gömrük qanunu 1963-cü ildə qəbul edilmişdir. O, vurğulamışdır ki, gömrük işinə dair qanunvericiliyə "Gömrük Qanunu"ndan əlavə "Gömrük Tarifi və Şərəf Kodeksi" də daxildir. Misirdə mallara dair tarif dərəcələrinə gəlincə, bunlar ölkənin prezidenti tərəfindən müəyyən olunur. Burada gömrük qanunvericiliyi üzrə pozuntular iki hissəyə - cinayət xarakterli və inzibati pozuntulara bölünür. Şikayətə baxılarkən bu prosesdə gömrük orqanının nümayəndəsi, şikayətçi tərəf və prokuror iştirak edir. Qərar isə səs çoxluğu ilə çıxarılır.

VİP İdarəetmə Mərkəzinin rəisi, professor Eşam Arafat isə çıxışında sözügedən Mərkəz barədə, onun strukturu və təyinatı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, bu xidmət növü artıq Kanadada, ABŞ-da, İordaniyada və İsveçrədə tətbiq olunur. Misir bu sitemin tətbiqi üzrə beşinci ölkədir. VİP xidməti iki il xarici iqtisadi fəaliyyətlə məşğul olan, illik mal dövriyyəsi 5 milyon ABŞ dollarından yuxarı olan və qanunvericiliyi pozmayan şəxslərə bir il müddətində verilir və yalnız malların idxalı zamanı tətbiq olunur. Məqsəd ümumi xərcin və sərf olunan müddətin azaldılmasıdır. Malların təyinatı üzrə istifadəsinə nəzarət olunur. Qanun pozuntusu zamanı fəaliyyət dayandırılır və beş ay vaxt verilir. Pozuntu aradan götürülərsə təkrar buraxılır. Misirdə VİP şirkətlərin sayı 25-dən 400 qədər artmışdır.

Daha sonra Gömrük Məsləhət Verməsi İdarəsinin baş direktoru Mahmud Muhəmməd Aisa Muhəmməd çıxış edərək 2002-ci ildən etibarən gömrük xidməti sistemində aparılan dəyişikliklərdən danışmışdır. O, əsas diqqətin İskəndəriyyə Gömrük İdarəsinə yönəldiyini soyləmiş və qeyd etmişdir ki, idxal olunan malların 75 faizi İskəndəriyyə dəniz limanından daxil olur. Bir dəfəyə 200-dən çox konteyner qəbul olunur. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı əsasən iki kanaldan istifadə olunur - yaşıl və qırmızı kanallar. Hər iki kanala nəzarəti isə ayrı-ayrı gömrük orqanları həyata keçirirlər.

S.Qaralovun sözlərinə görə, dekabrın 22-də Milli Araşdırmalar Mərkəzində Misirin MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun Baş katibi xanım Safiyyə Əmin İbrahimlə görüş keçirilmişdir. Baş katib bildirmişdir ki, rəhbərlik etdiyi Fond 1992-ci ildə Misir Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyətə başlamışdır. Fond Misir dövləti tərəfindən maliyyələşdirilir. Ötən müddət ərzində Fondun təlim kurslarında 288 nəfər iştirak etmiş, o cümlədən, artıq üçüncü dəfədir ki, Azərbaycan Gömrük Xidmətinin əməkdaşları da bu təlimlərə qatılmışlar.

Görüşdən sonra isə Ticarət İntizamı Siyasəti Şöbəsinin Baş direktoru, professor Muhamməd Mahmud İbrahim Muhamməd Misir Gömruk Xidmətinin ticarətə yardıma dair rolundan danışmış və bildirmişdir ki, Misir Ərəb Respublikası 1995-ci ildən Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Beş illik hazırlıq müddəti başa çatdıqdan sonra artıq 2001-ci ildən bağlanmış müqavilənin tələbləri tam tətbiq olunur. Gömrük qanunvericiliyi və digər qanunvericilik aktları ÜTT-nin tələblərinə uyğunlaşdırılmışdır.

Bundan başqa, nümayəndə heyətimiz İskəndəriyyə şəhərinin Liman Gömrük İdarəsində, daha sonra Qahirə Beynəlxalq Hava Limanının ikinci terminalında da olmuş və bu qurumların işi ilə yaxından tanışlıq imkanı əldə etmişlər. Təlim kursunun sonunda isə bütün iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Onu da qeyd edək ki, Misirə səfəri zamanı nümayəndə heyətimiz Əl-Kolyubeya şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heykəlini də ziyarət etmiş, həmçinin Azərbaycanın Misirdəki səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirə qatılmışdır.