Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir
09-Aprel-2011 765

Martın 29-30 tarixlərində Lüksemburq Böyük Hersoqluğunda Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

Konfransdan əvvəl martın 28-də DGK sədri Aydın Əliyev bir sıra ikitərəfli görüşlər keçirmişdir.

Ümumdünya Gömrük Təşkilatının Baş Katibi Kunio Mikuriya ilə gerçəkləşən görüşdə Bakıda inşa edilən potensialın gücləndirilməsi üzrə ÜGT Avropa Regional ofisinin mövcud vəziyyəti, gələcək perspektivlər barədə müzakirələr aparılmış, eyni zamanda Azərbaycan Gömrük Xidmətinin irəli sürdüyü Ümumdünya Gömrük Təşkilatı və BMT ilə birgə narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı növbəti beynəlxalq tədbirlərdən birinin Azərbaycanda keçirilməsi təklifi Baş katib tərəfindən dəstəklənmişdir.

Rusiya Federasiyası Gömrük Xidmətinin nümayəndə heyəti ilə keçirilən görüşdə, əsasən ÜGT-də keçiriləcək seçkilərlə bağlı ətraflı fikir mübadiləsi aprılmışdır.

Azərbaycan nümayəndə heyətinin İsrail və İrlandiya gömrük xidmətlərinin nümayəndələri ilə də görüşü olmuş, səmimilik şəraitində keçən görüşlərdə iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmiş, portuqaliyalı həmkarlarla baş tutan görüşdə isə kinologiya sahəsində Azərbaycan tərəfinin bu ölkəyə yardımı məsələləri əsas müzakirə obyekti olmuşdur.

Estoniya və İsveç nümayəndə heyətləri ilə keçirilən görüşdə qəbulu nəzərdə tutlan yeni Gömrük Məcəlləsi ilə bağlı bu ölkələrdə iqtisadi operatorların, brokerlərin və deklarantların iş fəaliyyəti ilə tanışlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

DGK sədri Aydın Əliyevin Polşa Gömrük Xidmətinin nümayəndələri ilə görüşündə iki ölkənin gömrük xidmətləri arasında mövcud əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmiş, eyni zamanda Polşa tərəfi bu ilin oktyabrında Şərq tərəfdaşlığı ilə bağlı nazirlər səviyyəsində keçiriləcək konfransa DGK rəhbərliyini dəvət etmişdir.

Albaniya Gömrük Xidməti rəhbərinin müavini ilə keçirilən görüşdə Bakıda fəaliyyət göstərən Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzində albaniyalı gömrükçülərin gələcəkdə bu təhsil ocağının imkanlarından yararlanmaları məsələləri müzakirə edilmiş, Lüksemburq Gömrük Xidmətinin rəhbəri Alan Bellot ilə gerçəkləşən görüşdə isə Bakıda inşa edilən potensialın gücləndirilməsi üzrə ÜGT Avropa Regional ofisinə ezam ediləcək xarici ölkə vətəndaşları, eləcə də gələcək perspektivlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Martın 29-da, konfransın açılış mərasimində Lüksemburq Böyük Hersoqluğu Hökumətinin maliyyə naziri Luk Friden və ÜGT-nin Avropa regionu üzrə sədr müavini, Lüksemburq Böyük Hersoqluğu Gömrük Xidmətinin rəhbəri Alan Bellot çıxış edərək iştirakçıları salamlamış və tədbirin əhəmiyyəti və gömrük orqanlarının beynəlxalq iqtisadiyyatın inkişafına verdiyi töhfəni xarakterizə edərək tədbirin əhəmiyyətini xüsusi olaraq vurğulamışlar.

Konfransda ÜGT-nin Baş Katibi Kunio Mikurio təşkilatın fəaliyyəti istiqamətində görülən son işlər, eləcə də 2010-cu ilin dekabr ayında Siyasi Komissiyada müzakirə olan məsələlər barədə məlumat vermiş, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə toxunmuşdur. Məruzədə qeyd edilmişdir ki, Ümumdünya Gömrük     Təşkilatı ilə qarşılıqlı əməkdaşlıq həyata keçirilir və Ümumdünya Gömrük Təşkilatı çərçivəsində ticarətin inkişafına istiqamətləndirilmiş işlər və bu sahədə nailiyyətlər qarşılıqlı olaraq yüksək dəyərləndirilir. Bununla təhlükəsizlik və əsasən hava daşımalarında təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması, müvafiq standartların uyğunlaşdırılması  məqsədi ilə İCAO təşkilatı ilə bərabər fəaliyyət həyata keçirilir.

Çıxışda bir çox gömrük praktiki məsələlərindən bəhs edilmiş və eyni zamanda bildirilmişdir ki, növbəti olimpiada oyunlarında da gömrük orqanları təhlükəsizlik tədbirləri üzrə əlaqəli işlərdə iştirak edəcəkdir.

Konfransda audit məsələləri ilə bağlı İrlandiyanın Gömrük Xidmətinin rəhbəri Josefina Fihili çıxış etmiş və ÜGT-nin Audit Komitəsinin fəaliyyəti barədə məlumat vermiş, üzvlərin sayının çoxaldılması və bu sahədə iş imkanlarının artırılması üçün təkliflərini iştirakçıların diqqətinə çatdırmışdır.

Sonra konfransda Kosova hökumətinin məktubu iştirakçıların nəzərinə çatdırılmış, məktubda Kosova Gömrük Xidmətinin ÜGT-nin treninqlərində, internet vasitəsilə tədris proqramlarında, eləcə də bu təşkilatın nəşrlərində iştirakı xahiş edilmişdir. Serbiya nümayəndə heyəti Kosovanın ölkəsinin ərazi vahidi olduğunu əsas gətirərək bu məsələnin müzakirəsinə qəti etirazını bildirmiş, Rusiya tərəfi isə öz növbəsində Serbiyanın mövqeyini dəstəkləmiş, beləliklə, məsələnin müzakirəsi dayandırılmışdır.

Daha sonra “Gömrük - 21 əsrdə” proqramının əsas komponenti olan Qlobal Gömrük Şəbəkələri üzrə yüksək işçi qrupunun rəhbəri, Belçika Gömrük Xidmətinin rəhbəri Noel Kolpin təqdimatla çıxış etmişdir. Təqdimatda Qlobal Gömrük Şəbəkələrinin yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, şəbəkənin konsepsiyasının formalaşması üzrə işlərə başlanmış və bu iş əsasən beş istiqamətdə aparılır (biznes prosesinin modeli, hüquqi məsələlər, informasiya texnologiyaları, inzibati yardım, potensialın artırılması). Bu məqsədlə üzv dövlətlərin gömrük xidmətlərinin nümayəndələrindən ibarət beş işçi qrupu yaradılmışdır. Təqdimatdan sonra Rusiya Federasiyası, Türkiyə, Finlandiya, İsveç, Norveç və Niderland Krallığının nümayəndə heyətlərinin rəhbərləri müzakirələrdə iştirak etmişlər.

Daha sonra Makedoniyanın və Moldovanın gömrük xidmətlərinin nümayəndələri tərəfindən onların iş fəaliyyəti barədə məlumat verilmişdir.

Sonra sessiya öz işini Lüksemburq Gömrük Xidmətinin əməliyyat üzrə motosikl qruplarının və kinoloji xidmətinin fəaliyyəti ilə bağlı təqdimatla davam etdirmiş, konfrans iştirakçıları bu nümayişləri maraqla izləmişlər.

Martın 29-u, günün ikinci yarısında konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri üçün nəzərdə tutulmuş qeyri-rəsmi sessiya işinə başlamışdır. Sessiyada 2011-ci il Avropa Regionu üçün ÜGT seçkilərini mükəmməl nəticə ilə təmin etmək strategiyası üzrə müzakirələr aparılmış, ÜGT Tarif və Ticarət İşləri Direktorluğu üçün nəzərdə tutulmuş vakant yerə olan namizədlər - Danimarka Gomrük Xidmətindən Yorn Hinsdal və İtaliya Gömrük Xidmətindən Cüzeppe Favale təqdimatlarla çıxış etmişlər. Qeyri-rəsmi sessiyada konkret nəticə əldə olunmamış və qərara alınmışdır ki, hər iki namizəd seçkilərdə iştirak etsinlər.

Sonra konfrans ümumi qaydada işini davam etdirmiş, Avropada regional fəaliyyət məsələləri, 2011-ci il ÜGT seçkiləri, nümayəndə heyətlərinin rəhbərlərinin qeyri-rəsmi sessiyasının yekunları ilə bağlı ÜGT-nin Avropa regionu üzrə sədr müavini Alan Bellot çıxış etmişdir.

Konfransda müzakirə olunan əsas məsələlərdən biri - Avropa Regionu üçün Potensialın Gücləndirilməsi Strategiyasının və regional ofis üçün Konsepsiya sənədinin təqdimatları ilə Rusiya Federasiyası Gömrük Xidmətinin nümayəndəsi, Potensialın Gücləndirilməsi üzrə Regional Ofisin direktoru təyin edilmiş Vitali Mikeladze çıxış etmiş, sonda Bakıda inşa edilən və son tamamlama işləri həyata keçirilən Potensialın Gücləndirilməsi üzrə Regional Ofisin görüntülərindən ibarət xüsusi videofilm nümayiş etdirilmişdir.

Sonra məsələ ilə bağlı müzakirələr başlamış, Rusiya Rederasiyası, Gürcüstan, Qazaxıstan və Makedoniya nümayəndələrinin Bakıdakı regional ofisdə fəaliyyət göstərməkdə maraqlı olduqları barədə fikirlər səslənmiş, maliyyə məsələlərinin öz ölkələrinin gömrük xidmətləri tərəfindən həll olunacağı bildirilmişdir.

Konfransda müzakirə olunan problemli məsələlərdən biri - regional ofisə xaricdən cəlb olunacaq mütəxəssislərin ezamiyyə xərclərinin hansı qurum tərəfindən ödənilməsi məsələsi olmuşdur. Nümayəndə heyətimiz ofisin saxlanması ilə bağlı bütün xərclərin Azərbaycan Gömrük Xidməti tərəfindən ödəniləcəyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. 22 ölkənin nümayəndə heyətinin üzvləri məsələ ilə bağlı çıxış etmiş, bəzi ölkələr-Almaniya, İspaniya, Fransa, Kipr, Çexiya və Portuqaliya ölkələrinin büdcə xərclərinin təsdiq olunduğu və gömrük xidmətlərində ixtisarların aparıldığı halda əlavə vəsaitin ayrılmasının mümkünsüzlüyünü bildirmişlər. İsveç, İtaliya, İrlandiya, Avropa Komissiyası, Türkiyə, Finlandiya, İngiltərə, Belçika, Rusiya Federasiyası, Lüksemburq, Norveç nümayəndə heyətlərinin rəhbərləri, eləcə də  ÜGT Baş Katibi çıxış edərək bu ofisin əhəmiyyəti barədə ətraflı danışmış, vəsaitin köçürülməsinin vacibliyini diqqətə çatdırmışlar. Müzakirələrin sonunda DGK sədri Aydın Əliyev çıxış edərək bu ofisin hər hansı bir ölkənin gömrük xidməti üçün deyil, ümumən Avropa regionu üçün önəmindən danışmış, əgər ayrılacaq vəsait 51 ölkə arasında bölünərsə alınacaq cüzi miqdarın, ümumiyyətlə müzakirə edilməsinin əhəmiyyətsiz olduğunu vurğulamışdır.

Martın 30-da konfrans öz işini davam etdirmiş, ÜGT Baş Katibi Kunio Mikuriya ilk iki ildə ofis üçün ayrılacaq vəsaitin Ümumdünya Gömrük Təşkilatı tərəfindən ödəniləcəyini iştirakçıların diqqətinə çatdırmışdır.

Sonra tədbirin gündəliyində nəzərdə tutulduğu kimi ÜGT-nin 30-cu hüquq-mühafizə komitəsinin yekunları, Avropa araşdırmalar və məlumat üzrə rəhbərlərinin yekun hesabatları ilə bağlı İsrail Gömrük Xidmətinin nümayəndəsi, gömrük üzrə nazir-məşvərətçi Uri Bruk təqdimatla çıxış etmiş, eyni zamanda RİLO Köln və RİLO (Regional Məlumatların Əlaqələndirilməsi Ofisləri) Varşavanın təmsilçiləri məruzə ilə çıxış edərək hüquq-mühafizə fəaliyyətində müəyyən edilən faktlar üzrə məlumat mübadiləsinin səviyyəsi, son zamanlarda pozuntuların tendensiyası haqda informasiya vermişlər. RİLO şəbəkəsi üzrə müzakirələrdə Finlandiya, Belçika və İrlandiya nümayəndə heyətləri iştirak etmiş, Rusiya tərəfi isə öz növbəsində RİLO Moskva haqqında ətraflı məlumat vermişdir.

Konfransda, həmçinin cari ilin iyun ayında Lüksemburq Gömrük Xidmətinin Avropa Regionu üzrə sədr müavinliyi səlahiyyətləri başa çatdığından yeni namizədin irəli sürülməsi məsələsi müzakirə edilmiş, Almaniya tərəfi Norveç Gömrük Xidmətinin namizədliyini irəli sürmüş, Azərbaycan və Rusiya tərəfi bu təklifi dəstəkləmişdir.

Sonra Siyasi Komissiyaya seçkilərlə bağlı məsələlərə baxılmış, Azərbaycan tərəfinin təklifi ilə Rusiya Federasiyası Gömrük Xidmətinin yenidən, müddəti bitmiş bir üzv ölkə əvəzinə isə Xorvatiya Gömrük Xidmətinin bu quruma namizədliyi dəstəklənmişdir.

Maliyyə Komitəsinə seçkilərlə bağlı əvvəlcə iri tədiyyəçilərin məsələsi müzakirə edilmiş, eyni zamanda bu quruma müddəti bitmiş iki üzv ölkə əvəzinə Rusiya tərəfinin təklifi ilə Azərbaycan Gömrük Xidmətinin namizədliyi yekdilliklə dəstəklənmişdir. Digər namizəd ölkə isə  Niderland Krallığının Gömrük Xidməti olmuşdur.

Xatırladaq ki, martın 30-da Lüksemburq Böyük Hersoqluğunun şahzadəsi Uilyam öz sarayında Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərini qəbul etmişdir. Səmimilik şəraitində keçən görüşdə şahzadə Uilyam ölkəsinin mövcud iqtisadi potensialı barədə danışmış, öz növbəsində ÜGT Baş Katibi müasir dövrdə gömrük xidmətinin vəzifələri, Ümumdünya Gömrük Təşkilatının bu istiqamətdə apardığı məqsədyönlü tədbirlər barədə məlumat vermişdir.