«Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyi» kitabının üçüncü cildi çapdan çıxmışdır
22-Avqust-2009 1010
«Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyi» kitabının üçüncü cildi çapdan çıxmışdır
 
Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2007ci il tarixli 1925 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı" na əsasən hazırlanmış "Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyi" kitabının üçüncü cildi bu günlərdə çapdan çıxmışdır.
Kitabının tərtibatçısı və onun buraxılışına məsul şəxs Dövlət Gömrük Komitəsinin Hüquq şöbəsinin rəisi Sənan Muxtarovdan kitab barədə oxucularımıza məlumat verməyini xahiş etdik.
-Məlumat üçün bildirirəm ki, ümumiyyətlə "Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyi" kitabının nəşri üç cilddə nəzərdə tutulmuş və artıq kitabın birinci və ikinci cildləri oxucuların istifadəsinə verilmişdir.
"Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyi" kitabının üçüncü cildində ilk dəfə olaraq Azərbaycan Respublikasında gömrük işinin müxtəlif sahələrini nizama salan və tənzimləyən və 1997-ci ildən 2008-ci ilin sonunadək Dövlət Gömrük Komitəsi tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış normativ aktlar- əsasnamələr, təlimatlar, qaydalar, göstərişlər və normativ akların təsdiqi barədə Komitə sədrinin əmrləri, onlara əlavə və dəyişikliklər toplanmışdır.
Kitab Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2007-ci il tarixli 1925 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı" na əsasən hazırlanmışdır.
Proqramın əsas istiqamətlərindən biri də gömrük işini nizama salan qanunvericilik bazasının və gömrük tənzimlənməsi vasitələrinin təkmilləşdirilməsindən ibarətdir.
Məlumdur ki, Azərbaycan Respublikasında gömrük sisteminin formalaşmasında və gömrük işinin həyata keçirilməsində 1997-ci ildə qəbul olunmuş Gömrük Məcəlləsi və həmin məcəllənin müvafiq normalarının tətbiqi ilə bağlı Komitə tərəfindən qəbul olunmuş   normativ aktlar mühüm rol oynamışdır.
Həmin vaxtdan keçən dövr ərzində Azərbaycan dövləti surətli sosial-iqtsadi inkişaf mərhələsinə qədəm qoymuş və onun iqtisadi qüdrəti xeyli möhkəmlənmişdir.
Həmin müddət ərzində Azərbaycan Respublikasının beynəlxalq əlaqələri də xeyli genişlənmiş, bir sıra beynəlxalq konvensiyalara, o cümlədən "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Beynəlxalq Konvensiyaya (Kioto Konvensiyası) qoşulmuş və beynəlxalq təşkilatlara üzv olmuşdur.
Ölkənin ildən-ilə iqtisadi-ticarət əlaqələrinin coğrafiyasının genişlənməsi, idxal-ixrac əməliyyatlarının həcminin artması və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının güclənməsi gömrük əməliyyatlarını tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsini, inkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübəsi və bu sahədə qəbul olunmuş beynəlxalq konvensiyaların müddəaları nəzərə alınmaqla, bütövlükdə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin təkmilləşdirilməsini, o cümlədən bu sırada mühüm yer tutan yeni Gömrük Məcəlləsinin qəbul edilməsini zəruri etmiş və artıq Azərbaycan Rspublikasının yeni Gömrük Məcəlləsinin layihəsi hazırlanmış və dövlətdaxili prosedurlardan keçirilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Həmçinin, gömrük qanunvericiliyini təşkil edən və gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını nizama salan bir sıra normativ-hüquqi aktlar ,o cümlədən "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbillər Planı"na əsasən qeyd olunan təşkilatın tələblərinə uyğunlaşdırılmış və bu gün də bu iş davam etdirilməkdədir.
Məlumdur ki, gömrük qanunvericiliyi Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etməklə Azərbaycan dövlətinin iqtisadi və milli təhlükəsizliyinin qorunmasına, gömrük işi sahəsində şəxslərin hüquqlarının müdafiə olunmasına və eləcə də onların öz vəzifələrinin yerinə yetirilməsinə yönəlmişdir. 
Gömrük orqanlarının əsas vəzifələrindən biri də gömrük qanunvericiliyini təşkil edən və gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını nizama salan normativ-hüquqi sənədlər barədə xarici ticarət iştirakçılarını məlumatlandırmaq, eləcə də onları izah və şərh etməkdən ibarətdir.
Hesab edirəm ki, "Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyi" kitabının üçüncü cildi bu baxımdan, bilavasitə gömrük işini həyata keçirən gömrük əməkdaşları, eləcə də idarə, müəssisə və təşkilatların əməkdaşları, xarici ticarət iştirakçıları, hüquqşünaslar, iqtisadçılar, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində gömrük işi ixtisası üzrə təhsil alan tələbələr və habelə bu sahənin tədrisi, tədqiqi ilə məşğul olan mütəxəssislər və elmi işçilər tərəfindən istifadə və onlarda gömrük işinin hüquqi əsasları barədə fikrin formalaşması üçün faydalı ola bilər.