"Gömrük nəzarətinin məsul şəxslərinin əməkdaşlığı" mövzusunda kurslar keçirilmişdir
22-Avqust-2009 819
“Gömrük nəzarətinin məsul şəxslərinin əməkdaşlığı” mövzusunda kurslar keçirilmişdir
 
İyun ayının 29-dan iyulun 10-a qədər Fransa Respublikasının La Roşel şəhərində milli gömrük briqadaları məktəbində “Gömrük nəzarətinin məsul şəxslərinin əməkdaşlığı” mövzusunda kurslar keçirilmişdir. Konfransda Azərbaycan, Rusiya, Əlcəzair, Tunis, Mərakeş, Meksika, Konqo və sairə ölkələrdən nümayəndələr iştirak etmişdir.
Azərbaycan tərəfdən kurslarda iştirak edən Dövlət Gömrük Komitəsi Avtonəqliyyat Gömrük İdarəsi Ümumi şöbəsinin rəisi Aydın Mehdiyevdən aldığımız məlumata görə, konfransda Fransanın gömrük sisteminin tarixi, quruluşu, gömrük qaydalarının pozulması və qaçaqmalçılıqla mübarizə aparan strukturların səlahiyyətləri və iş üsulları, istifadə olunan nəqliyyat (motosikllar), aviasiya (helikopter və təyyarələr) və dəniz gömrük nəzarətini tətbiq edən (kater və gəmilər) vasitələri, texniki nəzarət vasitələri haqqında məlumat verilmişdir.
Konfransda bildirildi ki, İqtisadiyyat, Maliyyə və Sənaye Nazirliyinin tərkibində olan Fransa gömrüyünün Baş Direksiyasına Milli Xidmət İdarəsi və 12 regionlararası idarə daxildir. Onlara isə 46 regional idarə tabedir. Regional idarələrin tərkibinə divizionlar, yaxud şöbə və bölmələr daxildir ki, bu da nəzarət, kommersiya əməliyyatları, yığımlar üzrə xidmətlərdir.
Fransa gömrük sisteminin nailiyyətləri barədə də kurs iştirakçılarına ətraflı məlumat verilmiş və qeyd olunmuşdur ki, 2008-ci ildə 65,7 ton narkotik vasitə, 6,5 milyon kontrafakt, 250 ton tütün məmulatları, 2270 ədəd mədəni əşya, 9273 ədəd zəngin bitki və heyvanlar aləminin qeyri-qanuni gətirilib, aparılması faktları aşkar olunmuş və tutulmuşdur. Ölkəyə idxal və ixrac olunan maddələrin təhlükəsizlik normalarına uyğun olub-olmaması üçün 1,9 milyon yoxlama aparılıb və 42%-nin istehlakçılar üçün zərərli olması müəyyən edilib. Gömrük aviasiyası vasitəsilə dənizin və ətraf mühitin çirklənməsi haqqında 203 faktı aşkar olunmuşdur.
Gömrük sistemində peşəkar kadrlarının hazırlanması üçün 3 gömrük məktəbi vardır: Turkuan şəhərində ilkin hazırlıq və “A” kateqoriyası üçün təhsilin davamı; ali kadrlar və xarici tələbələr hazırlayır, La Roşel şəhərindəki məktəb 1936-cı ildən fəaliyyət göstərir. Kiçik və orta agent heyəti hazırlayır: kinoloqlar, motosiklistlər, dənizçilər. Məktəb təxminən 2500 təcrübəçi qəbul edə bilir. Ruandakı məktəb 1983-cü ildə yaradılıb. Xüsusi kommersiya əməliyyatları üçün mütəxəssislər hazırlayır. 400 nəfər ilkin hazırlıq və ali kateqoriyalı 800-1000 təcrübəçi hazırlaya bilər.
Ümumilikdə, Fransa Gömrüyünün fəaliyyəti, strukturu, iş rejimi haqqında verilən məlumatlar və keçirilən təcrübi məşğələlər iştirakçıların böyük marağına səbəb oldu.
Xatırladaq ki, “Gömrük nəzarətinin məsul şəxslərinin əməkdaşlığı” mövzusunda keçirilən kursların sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.