Muxtar respublika gömrük orqanları altı ayın yekunlarını müzakirə etmişlər
22-Avqust-2009 689
Muxtar respublika gömrük orqanları altı ayın yekunlarını müzakirə etmişlər
 
Avqustun 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində üçüncü çağrış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn məsələlərin həlli, cari ilin ilk altı ayında görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda kollegiya iclası keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov bildirmişdir ki, ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da ümummilli liderimizin quruculuq xətti davam və inkişaf etdirilmiş, bütün sahələrdə uğurla həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yeni-yeni uğurlar əldə olunmuşdur.
Hərtərəfli inkişaf və tərəqqi ilə müşayiət olunan ilk yarım ildə də muxtar respublika gömrük orqanları tərəfindən dövlətin iqtisadi təhlükəsizliyinin qorunması və hüquq-mühafizə fəaliyyətinin yerinə yetirilməsi istiqamətində səylər artırılmışdır. Ali Məclis sədrinin müvafiq fərmanı ilə cari ilin əvvəlindən muxtur respublikanın sərhəd keçid məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətlərinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə həvalə olunması ilə bu sahədə yeni mərhələnin əsası qoyulmuş, sərhəd keçid məntəqələri öz işlərini yeni prinsipin tətbiqi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və surətləndirilməsi istiqamətində qurmuşlar.
Komitə sədri bildirmişdir ki, muxtar respublika gömrük orqanları tərəfindən daxili bazaran qorunması, əhalinin keyfiyyətli məhsullarla təmin edilməsi, yerli məhsul istehsalının artırılması, sahibkarlıq subyektlərinə dövlət dəstəyinin gücləndirilməsini də diqqət mərkəzində saxlamışlar.
Getdikcə öz coğrafiyasını genişləndirən A (H1N1) muxtar respublikaya keçməsinin qarşısını almaq məqsədi ilə sərhəd-keçid məntəqələrində ehtiyat tədbirləri görüldüyünü diqqətə çatdıran A.Məmmədov vurğulamışdır ki, infeksiyanın olduğu bildirilən ərazilərdən və ya ölkələrdən gələn sərnişinlərin və nəqliyyat vasitələrinin üzərində xüsusi təlimata əsasən gömrük nəzarətinin həyata keçirilməsi təmin olunur. Ehtiyat tədbirlər çərçivəsində gömrük əməkdaşları mütəmadi olaraq virusun qeydə alındığı ölkələr haqqında məlumatlandırılır. Muxtar Respublika Səhiyyə Nazirliyinə müraciət olunmaqla müvəqqəti olaraq sərhəd keçid məntəqələri üçün ayrılmış mütəxəssislərlə məsləhətləşmələr aparılır. Virusun aşkar olunduğu ölkələrdən gələnlərin tibbi müayinədən keçirilməsinə, dezinfeksiya baryerlərindən istifadəyə nəzarət gücləndirilir. Həmçinin, Amerika qitəsindən heyvan məhsullarının idxalına qoyulmuş müvəqqəti qadağa da diqqətə saxlanılır.
“Daxili bazarın qorunması istiqamətində görülmüş işlər və Ali Məclisin sessiyasında gömrük orqanları qarşısına qoyulmuş vəzifələrin icra vəziyyəti”ndən danışan Komitənin Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi, gömrük xidməti kapitanı Zaur Bağırov bildirmişdir ki, daxili bazarın qorunması məqsədilə iş planı hazırlanmış, daimi olaraq yerli bazaran konyukturu öyrənilmiş, satış dövriyyəsində olan və yerli sahibkarlığa mənfi təsir göstərən malların kateqoriyası araşdırılmışdır. Daxili bazar öyrənilərkən mütamadi olararaq qiymət dəyişikliyi və balansı analiz olunmuş, süni qiymət artımının qarşısının alınması məqsədi ilə daxili bazaran öyrənilməsi tezliyi artırılmış, bazarın və qiymətlərin ümumdünya konyukturası ilə yanaşı, regional və yerli konyukturası da öyrənilmişdir. Əldə olunan nəticələr əsas götürülərək müvafiq addımlar atılmışdır. Keçirilən reydlər zamanı insanın həyat və sağlamlığı üçün təhlükə törədə bilən, istehlak müddəti bitmiş, istifadəyə yararsız 5840 manat dəyərində əmtəə müsadirə olunmuş, 2468 manat dəyərində malın isə muxtar respublikaya satış məqsədi ilə gətirilməsinin qarşısı alınmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mühasibat və uçot bölməsinin rəisi, maliyyə-tarif şöbəsinin rəis əvəzi, gömrük xidməti kapitanı Elşad Babayev “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin altı aylıq fəaliyyəti” barədə məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2009-cu ilin hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə planlaşdırılmış proqnoz-tapşırığa 148,1 % əməl olunmuşdur. Belə ki, 1 milyon 399 min 800 manat proqnoz-tapşırığa qarşı, 2 milyon 73 min 169 manat toplanaraq büdcəyə köçürülmüşdür.
Büdcəyə köçürülmüş vergi və rüsumlar keçən ilin eyni dövrü ilə müqayisədə 173 min 54 manat və ya 9,1 % çox olmuşdur.
İl ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi hüquq-mühafizə orqanı kimi fəaliyyətinin bir istiqamətini də qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunmasına, bədii, tarixi, incəsənət və arxeoloji sərvətlərimizin ölkə ərazisindən çıxarılmasının, gömrük ödənişlərindən yayınma və digər hüquqpozma hallarının qarşısının alınmasına yönəltmişdir. Vaxtında və dəqiqliklə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dövlətin iqtisadi təhlükəsizliyinin, ictimai asayişin, Azərbaycan və dünya xalqlarının milli-mənəvi dəyərlərinin, intellektual mülkiyyət obyektlərinin, ətraf mühitin, eləcə də istehlakçıların mənafeyinin qorunması istiqamətində işər davam etdirilmiş, bu və digər istiqamətlərdə gömrük qaydalarını pozmağa cəhd edənlər ifşa olunmuşlar.
2009-cu ilin muxtar respublikada "Nizam intizam ili" elan olunması ilə əlaqədar gömrük orqanlarında da əməkdaşların işdə məsuliyyət hissinin daha da artırılması, yol verilmiş nöqsanların bir daha təkrarlanmaması istiqamətində də işlər davam etdirilmişdir. 62 nəfər auditin nəticələrinə görə olmaqla 73 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, iki əməkdaş tutduqları vəzifələrdən azad olunmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov son illər ardıcıl həyata keçirilən dövlət siyasəti nəticəsində gömrük sisteminin yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Həmçinin bildirilmişdir ki, gömrük orqanları əməkdaşları tərəfindən "bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı qarşıya çıxan problemlər yerindəcə həll edilməli, muxtar respublikada qəbul olunmuş sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələr vaxtında və dəqiqliklə yerinə yetirilməli, daxili bazarın qorunmasına, əhalinin keyfiyyətli məhsullarla təminatına diqqət artırılmalıdır. Gömrük Komitəsi hüquq-mühafizə orqanı kimi də hüquqi təminat işində yaxından iştirak etməli, insanların hüquq və vəzifələrinin ən sadə üsullarla izahı təmin olunmalıdır.
Kollegiya iclasına yekun vuran Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri bir daha 2009-cu ilin Naxçıvan Muxtar Respublikasında "Nizam intizam ili" elan olunduğunu vurğulayaraq işdə məsuliyyətin artırılması, nizam-intizamın gücləndirilməsi, idxal istiqamətində gətirilən malların keyfiyyətinə nəzarətin gücləndirilməsi, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, gömrük işi sahəsində maarifləndirmə tədbirlərinin artırılması ilə bağlı konkret tapşırıqlar vermişdir.
 
                                                                                                                                                 Rahil TAHİRLİ,
Naxçıvan MR Dövlət Gömrük Komitəsinin əməkdaşı