Xidmətə yeni qəbul olunan əməkdaşların bilik və bacarıqları qiymətləndirilib
13-Mart-2019 721

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün təşkil edilən növbəti hazırlıq təlimi başa çatıb.

Martın 13-də təlim dinləyicilərinin bir ay ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov, Akademiya rəisinin müavinləri, təlimi aparan professor-müəllim heyəti iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev təlim zamanı dinləyicilərin həm nəzəri, həm də təcrübi bilik və bacarıqlar əldə etdiklərini bildirib. O, müasir tələblərə cavab verən yeni kadrların hazırlanmasının zəruri olduğunu deyib. Dövlət Gömrük Komitəsi tərəfindən aparılan istlahatlardan, görülən işlərdən danışan sədr müavini gömrük xidməti əməkdaşlarının hərtərəfli biliyə, bacarığa, həmçinin yüksək şəxsi keyfiyyətlərə malik olmasının zəruriliyini qeyd edib. İqbal Babayev dinləyicilərə fəaliyyətlərində uğurlar arzulayıb, dövlətə və xalqa vicdanla, peşəkarlılqa xidmət etməyin vacibliyini vurğulayıb.

Akademiyanın rəisi Qulu Novruzov təlimin təşkilində dəstəyə görə Komitə rəhbərliyinə təşəkkürünü bildirib və budəfəki təlimin 37 nəfərin iştirakı ilə beş həftə ərzində davam etdiyini deyib. Akademiya rəisi dinləyicilərin Akademiyada dörd həftəlik nəzəri dərslərlə yanaşı, DGK-nın strukturlarında və gömrük orqanlarında bir həftəlik təcrübə kursu keçdiklərini də qeyd edib. Qulu Novruzov təlim dinləyicilərinin gömrük orqanlarının müsbət imicinin formalaşmasında böyük rol oynayacağına əminliyini ifadə edib, onlara uğurlar arzulayıb.

Sonra dinləyicilərin sualları cavablandırılıb, müxtəlif suallar ətrafında müzakirələr aparılıb.

Daha sonra təlim dinləyicilərinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilib. İmtahanda dinləyicilərin nəzəri bilikləri qiymətləndirilib, eləcə də onlar hərbi və sıra duruşu nümayiş etdiriblər.

Qeyd edək ki, bu günədək gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən hazırlıq təlimlərində 100-dən çox dinləyici iştirak edib.