Külli miqdarda dərman preparatları aşkar edilib (FOTO, VİDEO)
18-Sentyabr-2019 554

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının gömrük nəzarətindən gizlətməklə keçirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, idarənin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən "İpək Yolu" gömrük postunda Türkiyə Respublikasından gələn yük avtomobilinin qoşqusunda mallar yoxlanılan zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilib.

Daha sonra yüklər açılıb və nəticədə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, elektrik lampalarının qutularının içərisində gömrük nəzarətindən gizlədilmiş 759 qutu müxtəlif markalı dərman preparatları aşkar edilib.

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dərman preparatlarını qanunsuz yolla gətirən şəxslər ifşa edilərək təhqiqata cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi