Mobil gömrük qruplarının fəaliyyətinə dair kurs keçirilir
11-Mart-2011 497

Martın 7-də Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində mobil gömrük qruplarının fəaliyyəti haqqında kurs işə başlamışdır.

Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı bildirmişdir ki, Azərbaycan gömrük orqanlarının əməkdaşları üçün nəzərdə tutulan kursun məqsədi mobil gömrük qruplarının fəaliyyəti haqqında onlara nəzəri və praktiki bilgi verməkdir. Belə ki, yaxın vaxtlarda Azərbaycanda mobil gömrük qruplarının fəaliyyətə başlaması nəzərdə tutulur ki, artıq bu sahədə çalışacaq kadrlar hazırlanmalı və xüsusi təlim keçməlidirlər.

G.Muradlı qeyd etmişdir ki, Azərbaycanda mobil gömrük qruplarının yaradılması işinə hələ bir neçə il bundan öncə başlanılmış, istər texniki-təşkilati, istərsə də hüquqi sahədə müvafiq tədbirlər görülmüşdür. Eyni zamanda, mobil gömrük qruplarının fəaliyyəti sahəsində beynəlxalq təcrübəni öyrənmək məqsədilə Azərbaycan gömrük əməkdaşları Fransa və Belarusda səfərdə olmuşlar. Mobil gömrük qruplarının fəaliyyətinə dair kursda məhz əldə olunan biliklər gömrük əməkdaşlarına çatdırılacaq, onları maraqlandıran məsələlərə aydınlıq gətiriləcək.

DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Şahin Bağırov bildirmişdir ki, kursun mövzusu ətrafında iştirakçılara geniş əhatəli mühazirələr təqdim ediləcək, eyni zamanda praktiki məşğələlər keçiriləcək. Baş İdarənin rəisi kurs iştirakçılarını onlara yaradılan imkandan maksimum səmərəli istifadə etməyə çağırmış, mobil gömrük qruplarının fəaliyyətinə dair bilikləri dərindən öyrənmələrini tövsiyə etmişdir.   

Sonra kurs işə başlamış və ilk olaraq mobil gömrük qruplarının fəaliyyətinin hüquqi əsasları, mobil gömrük qruplarının fəaliyyətində gömrük nəzarəti formalarının tətbiqi, Azərbaycan Respublikasına idxal olunan malların gömrük dəyərinin müəyyən olunması üsulları və digər mövzularda mühazirələr dinlənilmişdir.

Qeyd edək ki, martın 19-dək davam edəcək kursda iştirakçılara mobil gömrük qruplarının fəaliyyətində kinoloji xidmətdən istifadə, narkotik vasitələrin gizlədilməsi üsulları, nəqliyyat vasitəsi və konteynerlərə baxışın keçirilməsi, gömrük nəzarətinin formaları və növləri, mobil gömrük qruplarının fəaliyyətində Avropa təcrübəsi və digər məsələlər barəsində də bilgi veriləcək.