Dövlət Gömrük Komitəsinin sədri Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb
21-Oktyabr-2019 275

Oktyabrın 21-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.

Səfiri səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasında mövcud münasibətlərin hazırki durumundan məmnunluqla bəhs edib, Azərbaycan və Meksikanın iqtisadi sferada qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Komitə sədri bildirib ki, son dövrlərdə iki ökə arasında ticarət dövriyyəsinin artmasının əsas amillərindən biri də səmərəli və işgüzar əlaqələrin mövcudluğudur.

İki ölkənin gömrük qurumları arasındakı əlaqələrdən də söhbət açan Səfər Mehdiyev "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş"in imzalanması prosesinin sürətləndirilməsinin zəruriliyini vurğulayıb, bu sənədin qarşılıqlı iqtisadi-ticari münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar barədə səfiri məlumatlandıran Komitə sədri, tətbiq edilən yeniliklər hesabına şəffaflığın təmin olunduğunu, vətəndaş-məmur təmasının minimuma endirildiyini, gömrük və sərhədkeçmə prosedurlarının sadələşdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ümumilikdə aparılan islahatlar beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsini, eyni zamanda büdcə gəlirlərinin artması və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində uğurlu nəticələrin əldə olunmasını təmin edib.

Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores səmimi görüşə görə təşəkkürünü bildirib və iki ölkə arasındakı əlaqələrdən məmnunluqla bəhs edərəkyaxın zamanlarda imzalanması nəzərdə tutulan "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş"in əlaqələrin daha da möhkəmlənməsinə, ticarət dövriyyəsinin artmasına şərait yaradacağına əminliyini ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi