Gömrük tranzit rejiminin xüsusiyyətləri mövzusunda seminar
11-Mart-2011 508

Martın 10-da Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində gömrük tranzit rejiminin xüsusiyyətləri mövzusunda seminar keçirilmişdir.

Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Şahin Bağırov bildirmişdir ki, Regional Tədris Mərkəzində Azərbaycan gömrük orqanlarının əməkdaşları üçün gömrük rejimlərinin xüsusiyyətlərinə dair silsilə seminarların keçirilməsi nəzərdə tutulur. İlk seminarın mövzusunun gömrük tranzit rejiminin xüsusiyyətlərinə həsr edilməsinin təsadüfi olmadığını bildirən Baş İdarənin rəisi vurğulamışdır ki, gömrük tranzit rejimi ən vacib rejimdir. Bu rejim bütün gömrük orqanlarında tətbiq edilir və digər gömrük rejimləri gömrük tranzit rejimi ilə bilavasitə bağlı olur və ya onunla tamamlanır.

Ş.Bağırov seminar iştirakçılarını mövzu ətrafında təqdim ediləcək mühazirələrə diqqətlə yanaşmağı tövsiyə edərək, eyni zamanda onları müzakirələrdə fəal olmağa çağırmışdır. Tədbirin gömrük əməkdaşlarının işində çox faydalı olacağına əminliyini ifadə edən Baş İdarənin rəisi qeyd etmişdir ki, seminarda gömrük tranzit rejimi sahəsində mövcud problemlər və onların həlli yolları da nəzərdən keçiriləcək.

Sonra seminar işə başlamış və “Beynəlxalq tranzit daşımalar üzrə tənzimlənmə vasitələri” adlı ilk mühazirə ilə Ş.Bağırovun özü çıxış etmişdir. Çıxışda beynəlxalq tranzit daşımalara dair mövcud konvensiyalar, sazişlər və digər beynəlxalq aktlar, eləcə də perspektivdə tətbiqi nəzərdə tutulan hüquqi sənədlər barədə ətraflı məlumat verilmişdir.

Daha sonra digər çıxışlarda tranzit gömrük rejimində mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydaları, “BYD kitabçası tətbiq edilməklə Beynəlxalq Yük Daşımaları haqqında” Gömrük Konvensiyası, BYD kitabçasından istifadə etməklə yük daşımaları zamanı gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, gömrük təminatları altında nəqliyyat vasitələrinin daşımalara buraxılması prosedurları və s. məsələlərə toxunulmuşdur.