Gömrük infrastrukturunun təkmilləşdirilməsi prosesi sürətlə gedir
08-Aprel-2011 703

Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleks və regionda ilk gömrük laboratoriyası qurulur

 Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin gömrük sistemini də əhatə etməsi iqtisadi təhlükəsizliyin qorunması finksiyasını yerinə yetirən bu sahənin hərtərəfli inkişafına şərait yaradıb. İnfrastrukturun yeniləşməsi öz növbəsində işə müasir yanaşmanı təmin edib.

Son beş ildə İran İslam Respublikası ilə sərhəddə yerləşən hər iki sərhəd-keçid məntəqəsi modern üslubda yenidən qurulub. Başqa sözlə, Naxçıvanın Şərqə açılan, eyni zamanda Azərbaycanın əsas ərazi vahidinə çıxış qapısı olan Culfa sərhəd-keçid məntəqəsi özünün qədim tarixi və ənənələri üzərində müasir şəkil alıb. Beynəlxalq statuslu Şahtaxtı sərhəd-keçid məntəqəsi statusuna uyğun görkəmə qovuşdurulub. Burada regionda analoqu olmayan, Naxçıvanda aparılan abadlıq-quruculuq işlərinin mənzərəsini, üslub və mahiyyətini ortaya qoyan, zövq oxşayan yeni sərhəd-keçid kompleksi tikilib istifadəyə verilib. Araz çayı üzərində yeni Şahtaxtı-Poldəşt körpüsü salınıb.

Ölkəmizdə gömrük sisteminin inkişafını sürətləndirmək, onun normativ-hüquqi və maddi-texniki təminatını yaxşılaşdırmaq, gömrük orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 1 fevral 2007-ci il tarixdə təsdiq olunmuş “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı” bu sahədə görülən işlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Gömrük infrastrukturunun inkişaf etdirilməsi icrası bu il başa çatdırılacaq olan Dövlət Proqramının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Muxtar respublikada gömrük infrastrukturunun müasir tələblərə cavab verən şəbəkəsinin yaradılmasına xidmət edən tədbirlərdən biri də Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleksin tikintisi və gömrük laboratoriyasının yaradılmasıdır ki, ötən ilin sonundan bu layihənin də həyata keçirilməsinə başlanılıb.

Məlumat üçün qeyd edək ki, Naxçıvan Şəhər Gömrük İdarəsi 2001-ci ildə yaradılıb. Yarandığı ilk illərdə bu orqan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binasında fəaliyyət göstərib. Sonradan Cəlil Məmmədquluzadə küçəsində yerləşən və sovet dönəmində Maşın Traktor Stansiyasının (MTS) fəaliyyət göstərdiyi əraziyə köçürülüb. Ərazi bu idarənən öz fünksiyalarını yerinə yetirməyə və gömrük prosedurlarını həyata keçirməyə imkan verən şəraitə uyğunlaşdırılıb. Daxili gömrük orqanı olan Şəhər Gömrük İdarəsinin fəaliyyət zonasına Naxçıvan şəhəri ilə bərabər, Babək və Şahbuz rayonları da daxil edilib. Sərhəd keçid məntəqələrindən idarənin fəaliyyət zonasına düşən mallar üzrə təyinat verilməklə yanaşı, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi və aksizli mallar üzrə bütün əməliyyatların bu gömrük orqanında həyata keçirilməsi təmin olunub. Lakin muxtar respublikanın xarici ticarət əlaqələrinin ildən-ilə genişlənməsi, mal dövriyyəsinin artması, infrastrukturun təkmilləşdirilməsi prosesi bu gömrük orqanının da yenidən qurulmasını zəruri edib.

Bu məqsədlə Naxçıvan şəhərinin Qərb istiqamətdən girişində, Naxçıvan-Sədərək magistral yolunun kənarında 4 hektar torpaq sahəsi ayrılıb. Kompleksin tikiləcəyi yer müəyyənləşdirilərkən mövcud imkanlardan daha səmərəli istifadə və gələcək perspektivlər nəzərə alınıb. Naxçıvan-Sədərək və Naxçıvan-Ordubad magistrallarının şəhərkənarı yolla bir-birinə birləşdirilməsi və Böyük İpək Yolunun bərpası istiqamətində bir sıra mühüm işlərin görülməsi yük maşınlarının, beynəlxalq yük və sərnişin daşımaları həyata keçirən nəqliyyat vasitələrinin şəhər içinə girmədən hərəkətinə hesablanıb. Muxtar respublika üzrə gömrük rəsmiləşdirilməsi işinin demək olar ki, 90 faizinin bu gömrük idarəsində həyata keçirildiyini nəzərə alsaq, yeni kompleksin şəhərdən kənarda, özü də əlverişli mövqedə yerləşməsi şəhərdaxili yollarda nəqliyyatın hərəkətinə yaranan və yarana biləcək maneələrin aradan qalxmasına zəmin yaradıb.

Üç mərtəbədən ibarət olan inzibati binanın dam örtüyü vurulub.  Layihəyə əsasən birinci və ikinci mərtəbə iş otaqları, üçüncü mərtəbə isə 84 yerlik iclas zalı, tədris otağı, kitabxana və “Gömrük muzeyi” üçün nəzərdə tutulub. İnzibati binanın layihəsi açar formasında işlənilib. Qeyd edək ki, gömrük işinin anlam va mahiyyətini sinvolik formada əks edirən açar şəkli gömrük orqanlarının tanınma nişanında da öz əksini tapıb.

Yeni kompleksdə müasir tələblərə cavab verən, idarənən iş mexanizminə və funksiyalarına uyğun yük xəttinin formalaşdırılmasına başlanılıb. Yük xəttində geniş platforma, beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri və rəsmiləşdirilməli minik maşınları üçün müvafiq olaraq 54 və 56 yerlik dayanacaqlar, böyük anbar binası nəzərdə tutulub. “Bir pəncərə” prinsipinin tələbləri kompleksin formalaşdırılması zamanı əsas götürülüb.

Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizədə kinoloji xidmətin rolu və əhəmiyyəti nəzərə alınaraq bu sahə üçün də xüsusi yer ayrılıb. Ümumiyyətlə, qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizə işinin bu məqsədlə ayrılmış yardımçı binada təşkili nəzərdə tutulub. Buna görə də bu sahədə çalışan gömrük əməkdaşlarının xidməti otaqları, eləcə də dindirmə və saxlama otaqları və s. inzibati binadan kənarda inşa olunmağa başlanılıb.

Kompleksdə atış-təlim mərkəzinin inşası planlaşdırılıb.

Region üçün mühüm əhəmiyyət kəsb edən gömrük laboratoriyasının qurulması istiqamətində də xeyli iş görülüb. İki mərtəbəli binanın hörgü işləri tamamlanıb, dam örtüyü vurulub. Hansı otaqda hansı anlalizin aparılacağı müəyyənləşdirilərək binanın işıq, su və havalandırma sisteminin buna uyğun qurulmasına başlanılıb. Laboratoriyanın tam gücü ilə işləməsi və analizlərin dəqiqliklə aparılması üçün ən incə məqamlar nəzərə alınıb.

Çoxfunksiyalı yeni kompleks muxtar respublikada gömrük işi sahəsində bir sıra çətinliklərin aradan qalxmasına yaşıl işıq yandırıb. İş ahəngi onu deməyə əsas verir ki, xarici iqtisadi fəaliyyət iştirakçıları üçün əlverişli şəraitin yaranmasına, gömrük prosedurlarının operativ həyata keçirilməsinə, gömrük yoxlamalarının daha effektli aparılmasına, ərzaq və qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə tam təminatın yaradılmasına, rəsmiləşdirmə zamanı əmtəə nomenklaturasına uyğun kodların düzgün müəyyənləşdirilməsinə, bir sözlə, gündən-günə yeniləşən muxtar respublikanın gömrük infrastrukturunun daha da təkmilləşməsinə az qalıb.

 

Rahil TAHİRLİ,

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin əməkdaşı