Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və Rusiya sərhədyanı gömrük orqanlarının nümayəndələri arasında növbəti işçi görüş keçirilib

Azərbaycan və Rusiya sərhədyanı gömrük orqanlarının nümayəndələri arasında növbəti işçi görüş keçirilib

Noyabrın 29-da Dərbənd şəhərində Azərbaycan və Rusiya sərhədyanı gömrük orqanlarının nümayəndələri arasında növbəti işçi görüş keçirilib.

Azərbaycan nümayəndə heyətinin tərkibində Dövlət Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndələri də iştirak edib.

Görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət sərhədindən sərnişinlərin və nəqliyyat vasitələrinin keçidinin müntəzəmliyinin və sinxronluğunun təşkili, eləcə də malların mənşəyinin təyin edilməsi haqqında ST-1 formalı sertifikatın rəsmiləşdirilməsi qaydası ilə bağlı məsələlərin müzakirəsi olub.

İşçi görüş zamanı iki ölkənin dövlət sərhədindən sərnişinlərin və nəqliyyat vasitələrinin keçidinin müntəzəmliyinin və sinxronluğunun təşkili üçün daha səmərəli və təkmil mexanizmlərin işlənib hazırlanmasına, Azərbaycan Respublikasında qeydiyyatda olan xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən mal və nəqliyyat vasitələri barədə ilkin məlumatların Rusiya gömrük orqanlarına ötürülməsinin təşkilinə və beynəlxalq avtomobil sərhəd keçid məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sayının ildən ilə artdığını nəzərə alaraq dəmir yolu nəqliyyatından daha intensiv şəkildə istifadəsinə dair məsələlər ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, ST-1 formalı preferensial sertifikatların doldurulmasına, malın mənşə ölkəsinin təyin edilməsi zamanı emal və yenidən emal ilə bağlı meyarlara düzgün riayət edilməsinin zəruriliyi vurğulanıb.

Görüşün sonunda Azərbaycan Respublikası və Rusiya sərhədyanı gömrük orqanlarının nümayəndələri iclasın yekunlarına dair Protokol imzalayıb.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Noyabr 2019 00:00
195