Birgə layihə sənədi imzalanmışdır
09-Aprel-2011 507

Aprelin 6-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan DGK sədri Aydın Əliyev 1999-cu ilin yanvar ayından icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsinin uğurla davam etdiyini məmnunluqla xatırlamış, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışmışdır.

Komitə sədri ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi qayğı nəticəsində Azərbaycan gömrük xidmətinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi  ilə bağlı həyata keçirdiyi işlərin real nəticələrlə müşahidə olunduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birmənalı olaraq İKT-nin tətbiqinə dəstək verdiyini məmnunluq hissi ilə dilə gətirmişdir.

Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömruk  Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A.Əliyev avtomatlaşdırılmış sistemin informasiya mübadiləsinə və məlumatların operativ surətdə sərhəddən mərkəzə çatdırılmasına münbit şərait yaratdığını, gömrük prosedurlarının və potensialının gücləndirilməsi üzrə planlaşdırılan fəaliyyətin inkişafına layiqli töhfə verdiyini xüsusi olaraq vurğulamışdır.

Komitə sədri əməkdaşlığın daha bir təzahürü kimi "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi barədə də danışmış, ləyihənin gerçəkləşdirilməsində BMT İnkişaf Proqramının xidmətlərini yüksək qiymətləndirmiş, artıq bu istiqamətdə ölkənin yeni Gömrük Məcəlləsi layihəsinin hazır olduğunu diqqətə çatdırmışdır.

İstər fiskal funksiyanın yerinə yetirilməsində, gömrük nəzarətinin təşkilində, istərsə də qaçaqmalçılıq və gömrük hüquqpozmalarına qarşı mübarizədə müstəqil Azərbaycanın gömrük orqanlarının rolundan bəhs edən Aydın Əliyev Gömrük Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərinə də toxunmuş və qeyd etmişdir ki, hazırda bütün gömrük keçid məntəqələrində yenidənqurma işləri başa çatmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə artıq bu gömrük keçid məntəqələrindən dördünün rəsmi açılışı həyata keçirilmiş, sonuncu-Astara gömrük keçid məntəqəsi isə yaxın zamanlarda istismara veriləcək. Bu işlərdən sonra Azərbaycan sərhədlərində bütün mal və nəqliyyat vasitələri  sadələşdirilmış qaydada gömrük nəzarətindən keçir ki, bu da ticarətin asanlaşdırılması və təhlükəsizliyi işinə öz töhfəsini verir. 

Xoş sözlərə və səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkürünü bildirən  Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılığını ifadə etmiş, BMT İnkişaf Proqramı ilə gömrük xidməti arasında əməkdaşlığı yüksək qiymətləndirmişdir. BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinə yardımını bundan sonra da əsirgəməyəcəyini bildirən qonaq  ümumiyyətlə, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə etmiş və bildirmişdir ki, bu gün imzalanacaq layihə sənədi gələcək əməkdaşlığımızı daha da  möhkəmləndirəcək. Layihənin məqsədinə toxunan F.Akçura qeyd etmişdir ki, “Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi” layihəsinin yeni mərhələsinin əsas məqsədi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi nəzdində Hədəf Mərkəzinin yaradılması işində Dövlət Gömrük Komitəsinə dəstək verməkdir.

Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə BMT İnkişaf Proqramının birgə layihəsinin üçüncü mərhələsinə dair sənədin imzalanma mərasimi keçirilmişdir.

Layihə sənədini Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev  və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura imzalamışlar.

DGK Mətbuat Xidməti