Harmonik sistem üzrə regional seminar
12-Aprel-2011 696

Aprelin 11-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzində “Harmonik Sistem 2012-nin tətbiqi və tarif idarəetməsi” mövzusunda regional seminar işə başlamışdır.

 Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Ümumdünya Gömrük Təşkilatının texniki əməkdaşı Alvaro Fernandez Acebes və həmin təşkilatın eksperti Ed de Jong iştirak etmişlər.

 Seminarın ilk iş günündə tədbir iştirakçılarına - ÜGT və onun missiyası, Harmonik Sistem Konvensiyası, Harmonik Sistem strukturu, ümumi təsnifat prinsipləri, ümumi şərh qaydaları və qeydlər, Harmonik Sistemin təkmilləşdirilməsi, Harmonik Sistem üzrə komitələr və sistemin təkmilləşdirilməsində onların rolu mövzularında məruzələr təqdim edilmişdir.

 Seminarın proqramına - HS 2012. 4-cü Müşahidə Dövrəsinin tətbiq dairəsi, HS 2012 istifadəçilərinə dəstək olacaq HS vasitələri, Harmonik Sistemin Mallara dair Məlumat Bazası, HS 2012-nin vahid şərhinə və tətbiqinə dair ÜGT-nin tövsiyələri, eləcə də tarif idarəetməsi, tarif təsnifatı işinin təkmilləşdirilməsi, ərzaq məhsulları və dərman preparatlarının təsnifatı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Laboratoriyasının təqdimatı və digər məsələlər daxildir.

Seminar çərçivəsində iştirakçılar tərəfindən təqdim edilmiş təsnifat məsələlərinin müzakirəsi, eləcə də özəl sektor üşün açıq sessiya da nəzərdə tutulub.

 Onu da qeyd edək ki, tədbirə Azərbaycan, Türkiyə, Albaniya, Serbiya, Makedoniya, Xorvatiya, Monteneqro, Gürcüstan, Ukrayna, Moldova, Belarus, Latviya, Rusiya, Özbəkistan və Qırğız respublikalarının gömrük xidməti əməkdaşları qatılıblar.

 Seminar aprelin 15-də başa çatacaq.

 DGK Mətbuat Xidməti