Könüllü gömrükçülər Dövlət Gömrük Komitəsinin Akademiyası, Kinoloji Mərkəzi və "Azərterminalkompleks" Birliyinə səfər ediblər
07-Dekabr-2019 373
Dekabrın 7-də "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin Dövlət Gömrük Komitəsinin Akademiyası, Kinoloji Mərkəzi və "Azərterminalkompleks" Birliyinə səfəri təşkil edilib.

Səfər çərçivəsində həmin qurumların yaranması və fəaliyyəti barədə "Könüllü gömrükçü"lərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Ekskursiya Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi ilə tanışlıqdan başlayıb. Kinoloji Mərkəzin rəisi İlkin Osmanov rəhbərlik etdiyi mərkəzin gündəlik iş prosesi və fəaliyyəti ilə bağlı könüllüləri məlumatlandırıb. Bildirilib ki, Mərkəz 2003-cü ildə istifadəyə verilib və parametrlərinə, təchizatına görə regionda analoqu yoxdur. 3,5 hektar ərazini əhatə edən mərkəzin bazasında hazırda 65 baş xidməti it saxlanılır və növbəti ildə onların sayının 75-ə çatdırılması nəzərdə tutulur. Mərkəzdə həmçinin, xidməti axtarış itlərinin narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, iz üzrə axtarış, bütün növ obyektlərin mühafizəsi üzrə hazırlanması da həyata keçirilir.

Ekskursiya zamanı Mərkəzin təlim meydançasında xidməti axtarış itləri narkotik vasitələrin və digər qadağan olunmuş maddələrin aşkar edilməsi üzrə bacarıqlarını nümayiş etdirib, bu proseslərdə "Könüllü gömrükçü"lər də təlimçilərlə birgə yaxından iştirak ediblər.

"Könüllü gömrükçü"lər Dövlət Gömrük Komitəsinin Akademiyasında da olublar. Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov onlara bu təhsil ocağının yaranması, fəaliyyəti haqqında geniş məlumat verib. "Könüllü gömrükçü"lər auditoriyalar, laboratoriyalar, o cümlədən texniki nəzarət vasitələri laboratoriyası, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) Akademiyada yerləşən Bakı ofisi ilə yaxından tanış olublar.

Daha sonra "Könüllü gömrükçü" dəstəsinin üzvləri "Azərterminalkompleks" Birliyinə də baş çəkiblər. Birliyin inzibati binasında yerləşən Heydər Əliyev Muzeyində könüllülərə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar, ulu öndərin gömrük orqanlarının yaranması və formalaşmasındakı gərgin və misilsiz əməyi haqqında ətraflı məlumat verilib.

"Azərterminalkompleks" Birliyinin tərkibində fəaliyyət göstərən Gömrük Tarixi Muzeyi ilə tanışlıq da könüllülərin böyük marağına səbəb olub.

Qeyd edək ki, Beynəlxalq Könüllülər günü 1985-ci ildən etibarən qeyd olunur və Azərbaycan Respublikasının da yer aldığı 80 ölkə hər il bu günü qeyd edir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi