Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yüklərin Hədəflənməsi Sisteminin tətbiqi mövzusunda görüş keçirilib

Yüklərin Hədəflənməsi Sisteminin tətbiqi mövzusunda görüş keçirilib

Dekabrın 17-də Dövlət Gömrük Komitəsində "Yüklərin Hədəflənməsi Sisteminin tətbiqi" mövzusunda görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Dövlət Gömrük Komitəsi sədrinin müavinləri, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev və gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, aidiyyəti qurumların əməkdaşları və Ümumdünya Gömrük Təşkilatının Karqo Hədəf Sisteminin layihə menecerləri iştirak edib.

Qonaqları səmimi salamlayan İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasındakı səmərəli əlaqələrdən və bu əməkdaşlıq çərçivəsində qurumun bütün sahələrdə Azərbaycan gömrüyünün inkişafına göstərdiyi dəstəkdən məmnunluqla bəhs edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində aparılan islahatlar barədə danışan Komitə sədrinin birinci müavini gömrük işinin təşkili sahəsində yeni yanaşmaların, innovativ layihələrin tətbiq edildiyini vurğulayıb.

İsmayıl Hüseynov xüsusilə Azərbaycan gömrüyündə risklərin idarə olunması sisteminin qurulması, bu məqsədlə yaradılan işçi qrupun gördüyü işlər və gələcək hədəflər barədə qonaqları məlumatlandırıb, ÜGT-nin bu sahədə tətbiq etdiyi layihənin üstünlüklərindən faydalanmağın gömrük işinin təşkilinə mühüm töhfə verəcəyini bildirib.

ÜGT-nin Karqo Hədəf Sisteminin layihə meneceri Robert Vayt Yüklərin Hədəflənməsi Sistemi haqqında təqdimatla çıxış edib və bu sistemin üstünlükləri barədə məlumat verib.

Qeyd edilib ki, Karqo Hədəf Sistemi 2012-ci ildə ÜGT tərəfindən yaradılıb və əsas məqsəd risklərin analizi və qiymətləndirilməsi zamanı hədəflənmənin aparılmasında gömrükçülərə dəstək olmaqdır.

Daha sonra Dövlət Gömrük Komitəsinin mütəxəssisləri Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi və risklərin idarə edilməsi sistemi ilə bağlı təqdimatlarla çıxış ediblər.

Diskussiya şəraitində keçən görüşün sonunda ekspertləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların sualları cavablandırılıb.

 

DGK Mətbuat və ictimaiyyətlə Əlaqələr İdarəsi

17 Dekabr 2019 00:00
195