İqtisadi sahədə bütün tapşırıqlar yerinə yetirilir
12-Aprel-2011 995

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı və bildirdi ki, birinci rübdə iqtisadiyyatımız uğurla inkişaf etmişdir. Əlbəttə ki, bu ilin əvvəlində əldə edilmiş nəticələri düzgün təhlil etmək üçün biz bundan əvvəlki illərdə Azərbaycanda mövcud olan iqtisadi inkişafı mütləq nəzərə almalıyıq. Çünki son illər ərzində iqtisadiyyatımız durmadan artmışdır. Son 7 il ərzində ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, hətta böhranlı 2009 və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmışdır. Ona görə də bu yüksək təməl, yüksək baza üzərində birinci rübdə yenə də müşahidə olunan artım, əlbəttə ki, bizi çox sevindirir.

İqtisadiyyatımız birinci rübdə bütövlükdə 1,6 faiz artmışdır. Ancaq sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 5,6 faiz artmışdır. Bildiyiniz kimi, bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək, neft-qaz amilindən asılılığımızı azaltmaq və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmaqdır. Ona görə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir və ölkədə aparılan sosial və iqtisadi islahatlar, ilk növbədə bu məqsədə nail olmaq üçün həyata keçirilir.

Sənaye istehsalı bütövlükdə 0,3 faiz artsa da, sənayenin inkişafında əsas məsələ, yəni sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sənayemiz 9,8 faiz artmışdır. Bu da onu göstərir ki, qeyri-neft sektoruna qoyulan vəsait, investisiyalar, sahibkarlara yaradılmış şərait gözəl nəticələrini göstərmişdir. Bütövlükdə sənaye istehsalında o qədər də böyük artımın olmaması neft-qaz sektorunda hasilatda müəyyən azalmanın səbəbidir. Ancaq bu azalma əlbəttə ki, müvəqqəti xarakter daşıyır və hazırda Azərbaycanda neftin hasilatı demək olar ki, yüksək həddə çatmışdır və bu səviyyədə qalacaqdır. O ki qaldı qaz istehsalına, növbəti illərdə qoyulacaq investisiyalar hesabına qaz hasilatımız da artmalıdır.

Narahatedici məsələlərdən biri odur ki, birinci rübdə inflyasiya 9,1 faiz artmışdır. Bu, bizi narahat edir. Ancaq hazırda inflyasiya birrəqəmli inflyasiyadır, elə etməliyik ki, biz birrəqəmli inflyasiyanın səviyyəsini saxlaya bilək. Bununla bərabər, əhalinin pul gəlirləri 16 faizdən çox artmışdır.

Yəni, əgər biz yenə də inflyasiyanı əhalinin pul gəlirləri ilə müqayisə etsək, görərik ki, gəlirlərdə real artım müşahidə olunur. Əminəm ki, bu meyillər il ərzində özünü daha da böyük həcmdə göstərəcəkdir.

Ölkəmizdə yığılan valyuta ehtiyatlari 34,2 milyard dollara bərabərdir. Bu istiqamətdə də bütün tapşırıqlar yerinə yetirilir və valyuta ehtiyatlarımız artır. Ölkəmizdə böyük investisiya layihələri icra edilir və bu layihələr böyük vəsait tələb edir. Buna baxmayaraq, biz həm investisiya layihələrimizi təmin edirik, eyni zamanda, valyuta ehtiyatlarımızı da artırırıq. Bu, özlüyündə gözəl göstəricidir. Eyni zamanda, bu, ölkənin iqtisadi və maliyyə gücünü göstərir.

Heç şübhə etmirəm ki, ilin sonuna qədər bizim valyuta ehtiyatlarımız artacaqdır. Bu artım çox təsirli olacaqdır.

Bütövlükdə iqtisadi sahədə bütün tapşırıqlar yerinə yetirilir. Birinci rübün yekunları deməyə əsas verir ki, ilin sonuna qədər də bu müsbət meyillər özünü göstərəcəkdir. Sosial sahədə bütün proqramlar həyata keçirilir. Bütün sosial məsələlər öz həllini tapır. Sosial infrastrukturun yaradılması istiqamətində proqram üzrə işlər aparılır. Məktəblərin, xəstəxanaların, sosial obyektlərin, mədəniyyət, idman obyektlərinin tikintisi investisiya proqramı çərçivəsində müəyyən olunduğu kimi icra edilir. Birinci rübün yekunlarına görə ölkəmizdə orta əməkhaqqı 340 manat səviyyəsindədir. Əgər biz dollarla hesablasaq, bu, haradasa 430 dollara yaxındır. Bu, yaxşı göstəricidir. Orta əməkhaqqının artımı ölkədə həm iqtisadi, həm də sosial sahədə aparılan siyasətin əlamətidir. Biz bazar iqtisadiyyatına sadiq olan ölkəyik. Eyni zamanda, sosial məsələlər də Azərbaycanda uğurla öz həllini tapır. Əlbəttə, bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşür.

Sonra aidiyyəti qurumların rəhbərləri 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məlumat verdilər.

Öz növbəsində, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanın iqtisadi inkişaf modelinin uğurla reallaşmasının yüksək inkişaf tempinin təmin edilməsinə, eləcə də beynəlxalq maliyyə böhranının ölkə iqtisadiyyatına təsirini minimuma endirməyə imkan verdiyini bildirərək dedi ki, bazar iqtisadiyyatına keçid dövrünün başa çatdığı ölkəmizdə sahibkarlıq və biznes mühitinin əlverişliliyinin təmin olunmasında gömrük xidmətinin də özünəməxsus rolu vardır. Ötən illərdə olduğu kimi, 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dövlət Gömrük Komitəsi üçün 1 milyard 120 milyon manat büdcə öhdəliyi proqnozlaşdırılmışdır. Cari ilin birinci rübündə Dövlət Gömrük Komitəsi üzrə proqnozlaşdırılan 240 milyon manata qarşı aparılan idxal-ixrac əməliyyatlarından 240,6 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunmuş, proqnoza 100,2 faiz əməl edilmişdir. Ölkənin tərəqqisinə mane ola biləcək mənfi halların aradan qaldırılması məqsədi ilə son illər korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni mərhələsinə başlanılmışdır. Ölkəmizdə bu qəbildən olan problemlərin birdəfəlik aradan qaldırılması cənab Prezidentin həyata keçirdiyi inkişaf strategiyasının əsas məqsədidir.

Şəffaflıq amili ulu öndər Heydər Əliyevin dövlət quruculuğu və siyasətində də daim diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmişdir. Şəffaflığın artırılması və nəzarətin təkmilləşdirilməsi Azərbaycan Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərmanda, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyada və bir sıra digər hüquqi normativ aktlarda da təsbit olunmuşdur. Bu baxımdan, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında 25 fevral 2011-ci il tarixli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 3 mart 2011-ci il tarixli fərmanlarına əsasən, Dövlət Gömrük Komitəsi və digər müvafiq icra orqanlarına bir sıra tədbirlərin görülməsi tapşırılmışdır.

Fərmanın icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən bir sıra müvafiq tədbirlər artıq görülmüşdür. Belə ki, Komitənin strukturuna daxil olan bütün gömrük idarələrində pos-terminallar quraşdırılmış, qanunvericilikdə müəyyən edilmiş bütün gömrük ödənişlərinin bank və plastik kart vasitəsilə aparılmasına başlanılmış, gömrük orqanlarında göstərilən xidmətlərin operativliyinin və şəffaflığın artırılması məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün Bakıda Baş Gömrük İdarəsi və Astara Gömrük İdarəsində elektron idarəetmə sisteminin tətbiqinə başlanılmış, qısa müddət ərzində digər gömrük orqanlarında da bu sistemin tətbiqi tam təmin olunacaqdır. Gömrük əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət gücləndirilmiş, gətirilməsi və aparılmasına yol verilməyən əşyaların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasına gətirilməsi qadağan edilən və ya məhdudlaşdırılan əşyaların siyahısı və aidiyyəti üzrə digər normativ hüquqi sənədlər tərtib olunmuş, lövhələrə vurularaq dövlət sərhədinin buraxılış məntəqələrində, o cümlədən gömrük idarələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməsi təmin olunmuşdur.

Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələrini və ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələrini göstərməklə həm adlar, həm də kodlar üzrə axtarışın həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin ödənilməsinə imkan verən elektron avadanlıqlar sifariş edilmiş və tez bir zamanda sərhəd buraxılış məntəqələrində yerləşdiriləcəkdir.

Eyni zamanda, Azərbaycan Respublikasının ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, uçota alınması, nəqliyyat vasitələrinə dövlət qeydiyyat şəhadətnaməsinin və qeydiyyat nişanının verilməsi və digər prosedurları “bir pəncərə” prinsipi əsasında sadələşdirilməsi məqsədilə müvafiq icra orqanları ilə birgə vahid mexanizmin işlənib hazırlanması istiqamətində aidiyyəti tədbirlər görülür və məlum Fərmanda qeyd olunduğu kimi, 3 ay müddətində icrası təmin olunacaqdır.

Şəffaflığın təmin olunması, vergidən yayınmanın, qaçaqmalçılığın qarşısının alınması və hüquqpozmalara qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 4 nəfəri gömrük əməkdaşı olmaqla 11 nəfərdən ibarət böyük cinayətkar qrup sənədlərin saxtalaşdırılması, korrupsiya və digər qanunsuz hərəkətlərinə görə həbs olunaraq məhkəmənin hökmü ilə layiqli cəzalarını almışlar.

2011-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı aparılan mübarizə nəticəsində 4665 hüquqpozma faktı aşkar edilmişdir ki, bu faktların 60-ı cinayət xarakterli olmuşdur. Görülən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 33 fakt aşkar edilmiş, həmin faktlar üzrə 40,7 kiloqram narkotik, o cümlədən 5,6 kiloqram heroin, 1,2 kiloqram tiryək, 29,3 kiloqram həşiş və digər narkotik vasitələr tutulmuşdur.

Cari ilin üç ayı ərzində aşkar olunmuş 4605 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 118 hüquqi və 4487 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Bu faktlar üzrə qeyd olunan şəxslərə 254 min manat cərimə tətbiq edilmişdir. Hesabat dövründə gömrük orqanlarında aparılan idxal-ixrac əməliyyatlarına mərkəzləşmiş qaydada nəzarətin həyata keçirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsində əməliyyat mərkəzi yaradılmış, sərhəd buraxılış məntəqələrindən keçirilən mal və nəqliyyat vasitələrinə videomüşahidə sistemi və nəqliyyat vasitələrinin ölkəyə daxilində hərəkətin izlənməsinə imkan verən izləmə sistemi istismara verilmiş, gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarə sistemi və yeni servis mərkəzi yaradılmışdır.

Cari ilin fevral ayında Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” sərhəd buraxılış məntəqəsinin yeni inzibati binası istifadəyə verilmiş, Astara Gömrük İdarəsinin yeni inzibati binası isə xidməti istifadəyə tam hazırdır.

Hesabat dövründə beynəlxalq gömrük əməkdaşlığının inkişafı istiqamətində də bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən, cari ilin fevral ayında Argentinanın Buenos-Ayres şəhərində Azərbaycan Respublikası və Argentina Respublikası gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, ölkələrimizin iqtisadiyyatının yüksəldilməsində gömrük orqanlarının rolu və bu sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi məqsədi ilə görüşlər keçirilmiş, Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanmışdır.

Martda Avstriyanın Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının narkotik vasitələr üzrə komissiyasının 54-cü sessiyasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti iştirak etmiş, Vyana beynəlxalq mərkəzinin əsas foyesində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş plakat, foto və digər incəsənət əsərlərindən ibarət “Narkotiklərə yox deyək!” adlı sərgi təşkil edilmişdir. Lüksemburq şəhərində Ümumdünya Gömrük Təşkilatının Avropa regionunun gömrük xidməti rəhbərlərinin konfransında iştirak etməklə yanaşı, konfrans zamanı Avropa regionunda digər təmsilçilərlə bərabər, Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinə namizədliyi dəstəklənmişdir.

Çıxışının sonunda DGK sədri A.Əliyev qeyd etmişdir ki, gömrük sisteminin dünya standartlarına uyğun qurulması və inkişaf etdirilməsi Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Cari ilin yanvar ayında Azərbaycan Prezidentinin imzaladığı sərəncamlarla gömrük əməkdaşlarından 3 nəfərinə ali xüsusi rütbənin verilməsi və Gömrük Komitəsinin şəxsi heyətinin orden və medallarla təltif edilməsini ölkəmizin bütövlükdə gömrük sisteminin qiymətləndirilməsi kimi qəbul edirik. Eyni zamanda, Azərbaycan Prezidentinin son məlum fərmanı ilə xüsusi rütbəsi olan gömrük əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilməsi gömrük əməkdaşlarının yüksək dövlət qayğısı ilə əhatə olunmasını bir daha təsdiq edir.

Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqində bildirdi ki, ilin birinci rübündə görülmüş işlər göstərir ki, ölkə iqtisadiyyatı uğurla inkişaf edir, sosial məsələlər öz həllini tapır, hər bir sahə üzrə konkret proqramlar vardır. Bu proqramlar icra edilir. Hökumət üzvləri isə öz vəzifələrini bilirlər və vəzifə borcunu icra edirlər.

Dünyada gedən proseslər, xüsusilə neftin dünya bazarlarında kəskin şəkildə bahalaşması istər-istəməz inflyasiya risklərini də artırır. Bilirsiniz ki, biz bir neçə il bundan əvvəl də oxşar mənzərə ilə üzləşmişdik. O vaxt da neftin qiyməti kəskin şəkildə - haradasa 60 dollardan 140 dollara qədər qalxmışdı və müəyyən müddətdən sonra biz bu kəskin artımı istehlak qiymətlərinin artırılmasında da gördük. Yəni, istisna olunmur və yəqin ki, inflyasiya risklərinin artması qaçılmazdır. Belə olan halda biz gərək antiinflyasiya tədbirlərinin gücləndirilməsində daha da məqsədyönlü siyasət aparaq. Makroiqtisadi sabitliyə daha da çox diqqət göstərək.

Makroiqtisadi sabitlik həmişə diqqət mərkəzindədir. İqtisadi inkişafla bağlı bütün tədbirlərdə, demək olar ki, bu məsələyə xüsusi diqqət göstərilir. Keçən il inflyasiyanın səviyyəsi qəbuledilən həcmdə idi. Biz görürük ki, bu ilin birinci rübündə inflyasiya 9,1 faiz artmışdır. Ona görə həm dünyada gedən proseslər, neftin bahalaşması, eyni zamanda, ölkəmizdə maaşların, pensiyaların gözlənilən artırılması məsələləri istər-istəməz inflyasiya risklərinə öz təsirini göstərəcəkdir. Biz çalışmalıyıq ki, 2011-ci ildə inflyasiya birrəqəmli olsun və bütün antiinflyasiya tədbirləri daha da güclü və məqsədyönlü şəkildə həyata keçirilsin.

İstehlak qiymətlərinə nəzarət vardır, daim monitorinq aparılır və bundan sonra da biz bu məsələlərlə məşğul olacağıq. İnhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik. Həm idxalda, həm də ki, daxili istehsalda inhisarçılığa qarşı mübarizə daha da güclü aparılmalıdır. Bəzi hallarda inhisarçılıq deyəndə daha çox idxalla bağlı olan məsələlər yada düşür. Ancaq son hadisələr, xüsusilə Novruz bayramı ərəfəsində müşahidə olunan mənzərə onu göstərir ki, daxildə istehsal olunan malların qiymətlərinin süni şəkildə qaldırılması halları baş vermişdir. Biz dərhal operativ şəkildə lazımi tədbirləri gördük. Süni şəkildə artırılan qiymətlərin tənzimlənməsi üçün lazımi addımları atdıq. Ancaq həm idxalla, həm də daxili istehsalla bağlı inhisarçılığa yol verilməməlidir.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələrini verir. Bu siyasət davam etdiriləcəkdir. Bu, bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir. Biz burada bir neçə amili nəzərə almalıyıq. Bu mübarizə genişmiqyaslı və çoxşaxəli olmalıdır. Əlbəttə ki, inzibati tədbirlər gücləndirilməlidir, cəza tədbirləri bundan sonra da tətbiq olunacaqdır, ictimai nəzarət daha da güclü olmalıdır.

Növbəti aylarda sahibkarlığın inkişafı işində əlavə tədbirlər görüləcəkdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər artıq verilməyə başlanmışdır. Bu kreditlər bütün bölgələri əhatə edir. Artıq bizdə bu sahədə təcrübə də çox müsbətdir. Bu il veriləcək kreditlər hesabına yeni müəssisələr, yeni iş yerləri yaradılacaq və ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etməsinə biz daha da böyük həcmdə nail olacağıq. Deyə bilərəm ki, bu ilin birinci rübünün uğurlu yekunları, xüsusilə qeyri-neft sektorunun artımı, o cümlədən sahibkarlığa göstərilən diqqətin nəticəsində mümkün olmuşdur. Güzəştli şərtlərlə verilən kreditlər, sahibkarlara dəstək, regional inkişaf proqramının icrası və proqrama vaxtaşırı əlavələrin edilməsi məsələləri də əlbəttə ki, müsbət rol oynayır.

Azərbaycanda sosialyönümlü tədbirlər vaxtaşırı aparılır. Həm uzunmüddətli proqramlar çərçivəsində, həm də lazım gələndə əlavə tədbirlər görülür. Mən onların arasında bu yaxınlarda əhalinin suya olan borclarının silinməsi məsələsini qeyd etmək istəyirəm. Bu, bizim sosial siyasətimizin nə qədər güclü olduğunu göstərir. Bu addım xoşniyyətli addımdır və hesab edirəm ki, düzgün addımdır, sosial ədalət prinsipləri baxımından düzgün addımdır, bazar iqtisadiyyatı prinsipləri baxımından bəlkə də o qədər də düzgün addım deyildir. Ancaq bizim üçün əsas məsələ prioritetlərin düzgün seçilməsidir. Bu prioritetlər sırasında sosial məsələlər birinci yerdədir. Ancaq o da həqiqətdir ki, əgər güclü iqtisadi imkanlarımız olmasa, heç bir sosial məsələ öz həllini tapa bilməz. Ona görə dürüstləşmə zamanı mütləq geniş sosial paket nəzərdə tutulmalıdır, əməkhaqqılarının, pensiyaların artırılması məsələləri öz həllini tapmalıdır və tapacaqdır. Xüsusilə, 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılmalıdır. Çünki bu sahədə müəyyən ədalətsizlik vardır. Bu ədalətsizlik ona görə yarandı ki, 2006-cı ildən sonra yeni qaydalar tətbiq olundu və 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük pensiya alırlar. 2006-cı ilə qədər Azərbaycanda pensiyaya çıxanların sayı haradasa 900 mindən artıqdır.

Bütövlükdə 1 milyon 300 nəfərə qədər pensiyaçı vardır. Onlardan 900 mini 2006-cı ilə qədər pensiyaya çıxmışdır. Ona görə, ilk növbədə onların pensiya təminatı yaxşılaşdırılmalıdır ki, bu sahədə heç bir ayrı-seçkilik olmasın və yaşlı insanlar lazımi səviyyədə pensiya ilə təmin olunsunlar. Bu, bizim borcumuzdur, onlar işləyiblər, çalışıblar, bu ölkəni yaradıblar, ölkənin inkişafında çox böyük rol oynayıblar. Bizim borcumuz onların maddi təminatını yaxşılaşdırmaqdır. Biz bunu mütəmadi qaydada edirik. Xüsusilə bu il biz 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiya təminatını yaxşılaşdırmalıyıq.