Gömrük Akademiyası məsafədən təhsillə bağlı tədqiqat layihəni təqdim edib
12-Yanvar-2021 429
Dövlət Gömrük Komitəsinin Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycan ali məktəblərində onlayn təhsil təcrübəsi: çağırışlar və perspektivlər" adlı onlayn konfrans keçirilib.

Konfrans Gömrük Akademiyası tərəfindən Azərbaycanda pandemiya şəraitində ali məktəblərdə məsafədən təhsil prosesinin problemlərini və imkanlarını araşdırmaq məqsədi ilə həyata keçirilən, yerli və xarici ekspertlərin cəlb olunduğu layihənin hesabatının təqdimatına və məsafədən təhsilin problemlərinin müzakirəsinə həsr olunub.

Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlı, Türkiyə Ali Təhsildə Keyfiyyət Şurasının müşaviri, Çankaya Universitetinin Təhsil fakültəsinin dekanı, professor Buket Akkoyunlu, Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Anar Süleymanov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov və şura üzvləri, Təhsil Nazirliyinin Ali Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti də daxil olmaqla, ümumilikdə 25 ali təhsil müəssisəsinin prorektorları, o cümlədən tədris hissələrinin müdirləri, tanınmış təhsil ekspertləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Öncə tədbir içtirakçıları 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov konfrans iştrakçılarını salamlayaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsindən söz açıb.

Qulu Novruzov layihə barədə danışaraq, sözügedən tədqiqatın Azərbaycanda təhsilin onlayn tədrisə keçidi ilə bağlı aparıldığını, pandemiya şəraitində Azərbaycan ali məktəblərində məsafədən təhsilin problemləri ilə bağlı olduğunu bildirib.

Akademiya rəisi vurğulayıb ki, Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən verilən müvafiq qərarlar əsasında 2020-ci il mart ayının 3-dən etibarən Azərbaycanda təhsilin onlayn formatda təşkili ilə bağlı addımlar atılmağa başlanılıb. "Azərbaycanda təhsil ictimaiyyəti, dünyanın bir çox yerlərində olduğu kimi, buna hazır deyildi. Çoxsaylı suallar, yanaşmalar ortaya çıxdı və bir çox hallarda prosesin gedişatı boyunca təhsilin keyfiyyətinin artırılması üçün mümkün olan nələr varsa, ali məktəblər öz imkanları çərçivəsində müəyyən etdi. Bu sahədə, təbii ki, Təhsil Nazirliyi tərəfindən də aparılan müvafiq işlər, koordinasiya prosesini qeyd etmək yerinə düşərdi" – deyə Akademiya rəisi vurğulayıb.

Tədqiqatlar zamanı Avstraliya, Böyük Britaniya, Kanada, ABŞ-da bu sahədə əldə olunan təcrübələrin, akademik işlərin öyrənildiyini diqqətə çatdıran Qulu Novruzov dünyanın bir çox ölkələrində oxşar göstəricilərə rast gəlindiyini, hətta ən inkişaf etmiş ölkələrdə belə onlayn təhsil prosesində internetin keyfiyyəti ilə bağlı problemlər yaşandığını deyib.

Qulu Novruzov konfransda maraqlı fikir mübadiləsi və müzakirələrin olacağına əminliyini bildirib.

Layihə müəllifləri - Gömrük Akademiyasının Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı, Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova və təhsil eksperti Könül Abaslı layihə barədə tədbir iştirakçılarına geniş məlumat verərək məqsədə çatmaq üçün qoyulan suallar, əldə edilən nəticələr haqqında danışıblar. Qeyd edilib ki, tədqiqatın nəticələri elmi məqalə formatında beynəlxalq jurnalda nəşr olunacaq.

Türkiyə Ali Təhsildə Keyfiyyət Şurasının (YÖKAK) müşaviri, Çankaya Universitetinin Təhsil fakültəsinin dekanı, professor Buket Akkoyunlu Türkiyədə, həmçinin dünyada pandemiya dövründə ali məktəblərdə onlayn tədrisin təşkilindən danışıb. Buket Akkoyunlu distant təhsilin, onlayn tədrisin yaratdığı çətinliklər və texniki problemlərdən söz açıb. O, pandemiyanın dünyada 2 milyard tələbəni və 195 ölkəni əhatə etdiyini vurğulayıb.

Buket Akkoyunlu öz çıxışında pandemiya sonrası tədrisin təşkili ilə bağlı gözlənilən dəyişiklərdən də söz açıb, yeni təhsil siyasətinin, tədris proqramlarının zəruri olduğunu qeyd edib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlı layihə müəlliflərinə təşəkkür edib. O, pandemiya şəraitində yaranan çətinliklərə toxunaraq, Azərbaycan təhsil sisteminin bu vəziyyətdən çıxa bildiyini, hazırki şəraitdə yeni texnologiya və internetin imkanlarının inkişafına xüsusi diqqət göstərildiyini deyib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov layihənin və konfransın mövzusunun çox vacib və aktual olduğunu bildirib. Pandemiya zamanı təhsillə bağlı keçirilən videokonfranslardan danışan Şahlar Əsgərov tədrisin təşkilindən söz açıb. Pandemiyanın elmi, akademik, sosial və digər istiqamətlərdə yaratdığı çətinliklərə toxunan şura sədri distant təhsillə bağlı qanunvericilik bazasının yaradılmasının vacibliyini vurğulayıb.

Təhsil eksperti Kamran Əsədov layihə və konfransla bağlı danışaraq, sözügedən layihənin Azərbaycan ali təhsil müəssisələri arasında ilk araşdırma olduğunu qeyd edib. O, Gömrük Akademiyasının pandemiya dövründə fəaliyyətini izlədiyini və yüksək qiymətləndirdiyini deyib.

DGK Katibliyinin rəisi Anar Süleymanov Komitə adından konfrans iştirakçılarını salamlayaraq, layihə müəlliflərinə təbriklərini çatdırıb. Layihənin əhəmiyyətini vurğulayan Anar Süleymanov təhsilin rəqəmsal transformasiya kontekstində müzakirələrin aktuallığını bildirib. Anar Süleymanov Gömrük Akademiyasının gömrük xidməti kadrlarının hazırlanmasında önəmini qeyd edib.

Konfransda geniş fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.